Qarabağ danışıqları yenidən başlayacaq


“Azərbaycanda və Ermənistanda keçiriləcək seçkilərdən sonra Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqların intensivləşdirilməsi barədə razılaşma əldə olunub”. Belə bir açıqlama ilə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev çıxış edib. “ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə tərəfindən qəbul olunub. Görüş zamanı həmsədrlərlin Krakovdakı müzakirələr əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret danışıqlar aparılıb”.

Sözügedən məlumat Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqlar prosesində uzun müddətdir dayanmış intensidliyin təxminən iki aydan sonra aradan qalxacağını proqnozlaşdırmağa əsas yaradır. Çünki siyasi müşahidəçilər bir qayda olaraq, seçki ilində Azərbaycanda və Ermənistanda münaqişənin həlli prosesinin arxa plana keçdiyini bildirir. Bu il martın 2-də Ermənistanda prezident seçkiləri, aprelin 8-də parlamentar sistemə keçidlə əlaqədar baş nazir seçkiləri, Azərbaycanda aprelin 11-də, Rusiyada martın 18-də prezident seçkiləri keçiriləcək. Ona görə də qarşıdan gələn seçkilərin danışıqlara təsiri qaçılmaz hesab edilir. Lakin qeyd edilən müddətin başa çatmasına az qalıb və aprel ayından sonra problemin aradan qaldırılması ətrafında müzakirələrin bərpasında yeni mərhələnin başlanacağı gözlənilir.

Məsələni şərh edən politoloq Elşən Manafovun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Minsk Qrupunun həmsədrləri ilə Krakovda keçirilmiş danışıqlarda da sülhyaratma prosesinin substantiv mərhələyə daxil olduğunu söyləmişdi:

“2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ problemininin həllinə dair danışıqlarda intensivlik səngimişdi. Azərbaycanda və Ermənistanda keçiriləcək seçkilərdən sonra hər iki ölkədə köhnə-yeni siyasi elitaların məsələyə baxışında fərqlərin yaranacağını istisna edirəm. Ermənistanın mövqeyində mahiyyət etibarı ilə heç nə dəyişməyib. Rəsmi İrəvan münaqişənin “Madrid prinsipləri” əsasında tənzimlənməsini ləngidir, danışıqları görüntü xatirinə davam etdirir. Ermənistanda və Azərbaycanda prezident seçkilərində problemin həllində mahiyyət etibarı ilə yeni mövqe yalnız xalqların etimadını qazanmış elitaların fərqli mövqeləri uzlaşdırması zamanı mümkün ola bilər. Ancaq bütün səylərə baxmayaraq, problemi hər iki tərəfin maraqlarına uyğun şəkildə həll etmək qeyri-mümkündür. Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin Soçidə keçirilmiş görüşündən sonra Türkiyə prezidenti bəyan etdi ki, Rusiya istəməsə, problemin həlli istiqamətində bir addım da atmaq mümkün olmayacaq. Ona görə də Rusiya hazırda Dağlıq Qarabağla yanaşı digər münaqişələrə də təsir imkanlarını saxlayır. Düşünürəm ki, 2018-ci ilin mart ayında Rusiyada keçiriləcək prezident seçkilərində hakimiyyət dəyişməyəcək. Rus politoloqları belə Putinin hakimiyyətdə qalacağını bəyan edir. Eyni zamanda, Azərbaycanda da hakimiyyətin dəyişməyəcəyi gözlənilir. İlham Əliyevin şansları və siyasi reytinqi kifayət qədər yüksəkdir. Müxalifət isə seçkilərə pərakəndə vəziyyətdə gedir və indiki iqtidarla müqayisədə maliyyə və siyasi resursları məhduddur. Hətta geosiyasi güc mərkəzlərinin Azərbaycan müxalifətinə dəstək verəcəyi təqdirdə belə qələbə qazanmaq imkanları yoxdur. Ermənistanda da hazırkı prezident yenidən ali icra hakimiyyətin rəhbəri kimi baş nazir postuna seçilməyə ən real namizəd sayılır. Bu mənada Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra mahiyyət etibarı ilə komanda dəyişmir. Komandada müəyyən kadr islahatlarının, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı yeni addımların atılacağını istisna etmirəm. Amma bütün bunlar tərəflərin Dağlıq Qarabağ məsələsinə münasibətdə üst-üstə düşən maraqların olacağı qənaətini yaratmır. Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyəcək və problemin əvvəlki kimi mərhələli deyil, paket variantının tərəfdarı olacaq. Nəticədə Ermənistanın mövqeyində ciddi fərq yaranmayacaq. Bəzi pessimist politoloqlar bildirir ki, Ermənistanda əhalinin güzəranının getdikcə ağırlaşması, etiraz aksiyalarının artması rəsmi İrəvanı müəyyən güzəştlərə getməyə vadar edə bilər. Lakin Ermənistan təcavüzkar dövlətdir və onu güzəştə getməyə sövq edəcək güclər də məlumdur. Bu, ABŞ, Rusiya və Fransanın timsalında Avropa Birliyidir. Təəssüf ki, hələ onların mövqeyində Ermənistanda ciddi təzyiqlə bağlı atılacaq hər hansı addımı və ya onun elementlərini görmürük. Əgər Azərbaycanda köhnə-yeni elita formalaşdıqdan sonra Putinin Azərbaycana Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzv olmaq təklifinə yeni yanaşma meydana çıxarsa, bu problemin həllində ola bilsin ki, dönüş yarada bilər. Bu kontekstdə ABŞ-Rusiya münasibətləri necə olacaq? Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana təsiri olacaqmı, yoxsa Azərbaycan neft-qaz resursları hesabına vəziyyətdən çıxış yolu tapa biləcək. Bu sualların cavabı isə hələlik dəqiq müəyyənləşməyib. Həqiqətən beynəlxalq güclər bölgədə sabitliyin olmasını istəyirsə və investisiya yatırımlarını artırmaq niyyətindədirsə, o zaman Ermənistana işğal etdiyi əraziləri boşaltmaq üçün təzyiqləri gücləndirməlidir”.



Elşən Manafov onu da vurğuladı ki, beynəlxalq vasitəçilər yalnız texniki xarakterli təkliflər verməklə kifayətlənir. Münaqişə tərəflərini ortaq məxrəcə gətirəcək təkliflər və digər addımlar isə müşahidə olunmur. Ona görə də Azərbaycan iqtisadiyyatını və silahlı qüvvələrini gücləndirməklə Ermənistanı öz mövqeyi ilə razılaşmağa məcbur etməlidir. (Cebhe.info)
Tarix: 9-02-2018, 23:21
Xəbəri paylaş





Xəbər lenti