Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhəri mədəniyyətimizin beşiyi sayılır. Bu tarixi şəhər 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
Ermənilər havadarlarının yardımı ilə işğal etdikləri digər şəhər və rayonlar kimi Şuşa da Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atıblar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Bu şəhərin özəlliyi ondan ibarətdir ki, qala divarları ilə əhatə olunub. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar talan edilib, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabalığa çevirilib.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşudbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atıblar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələyiblər.
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfər əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb.
Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Modern.az 26 ildir düşmən tapdağı altında əzilən Şuşanın fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən Xankəndi şəhərindən olan Səbuhi Şuşalı şərh edib.
Ermənilər tərəfindən yer üzündən silinmiş Şuşa şəhər 1№-li orta məktəb
1№-li internat məktəbinin həyəti
Çuxur məhləsi. Qayabaşındakı ev. Bura əvvəllər uşaq evinin yeməkxanası idi, sonralar Tibb Texnikumu oldu
Daşaltı dərəsi. Topxana meşəsi
Yuxarı Gövhər ağa məscidi. Şuşanın işğalından əvvəl. XIX əsr memarlıq abidəsi.
Xurşudbanu Natəvanın dağıdılmış sarayının qalıqları. XIX əsr abidəsi idi
Üçmıx
Təzə məhəllə. 2017-ci il
Təzə məhəllə. Mehmandarovların evi. XIX əsr abidəsi
Şuşanın Gəncə qapısı. XVIII əsr memarlıq abidəsi
Şuşa-Mamayı məhəlləsi
Bülbülün Şuşadakı evi
Daşaltı çayı
Şuşa XX əsrin əvvəli. Bazarbaşı, Güllü bağ, Rastabazar, Rus kilsəsi. Şəkil Saatlı məscidinin minarəsindən çəkilib
Şuşa Real məktəbinin binası. XX əsrin memarlıq abidəsi
Şuşa qalasının Şuşa sanatoriyasının ərazisindəki divarları. Şuşalılar bura Tufli deyirdilər
Şuşa işğaldan əvvəl
Şuşa - aprel 2018
Şuşa - 1962-ci il
Şuşa - 1950-60-cı illər
Şuşa - işğaldan əvvəl
Sol tərəfdəki uçuqları qalan yer köhnə hamam adlanırdı. Ön tərəfdə Ağayev Gərayın evi, sağ tərəfdə Şuşa şəhər Məhkəməsinin və Prokurorluğun inzibati binası.
Saatlı məscidi. 1883-cü ildə köhnə məscidin yerində inşa edilən bu məscid memar Kərbəlayi Səfixan Qarabağinin tikdiyi sonuncu məsciddir. Məscidin interyeri və minarəsi xüsusi zövqlə işlənmişdi.
Qarabağın III xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşudbanu Natəvan tərəfindən 1848-ci ildə Şuşa şəhərinin yaxınlığında, Qala divarlarının daxilində tikilmiş Şuşa türməsi.
Qarabağ xanının vəziri, şair M.P.Vaqifin Cıdır düzü yaxınlığındakı məqbərəsi.
M.Ə.Rəsulzadə küçəsi 1 saylı çoxmənzilli yaşayış binası.
İnşaAllah bu yolu getmək bizə qismət olar — Xankəndi-Şuşa yolu
Hamamqabağı məhəlləsi
Hamamqabağı məhəlləsi. Ə.Ağaoğlu küçəsi (keçmiş Kommunist küç.) Hacıyevlərin evi. İşğaldan əvvəl
Hamamqabağı məhəlləsi ilə Təzə məhəllənin kəsişdiyi yerdə yerləşən Şoferlər binası
Hacı Yusifli məhəlləsi
Hacı Qulular. İşğaldan əvvəl. XIX əsr abidəsi idi
Gəncə qapısının qarşısı. Şor bulaq.
Əsası 1750-ci illərdə Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Şuşa Qalasının Çöl qala məhəlləsindəki divarları
Bazarbaşından Meydana qədər təxminən 300 metr məsafə olardı. Şuşalılar bu yolu söhbət edə- edə bəlkə 20-30 dəfə o başa-bu başa gedib-gələrdilər.