Böyük savaşın astanasında


Ən azı üç ildir ki, yer üzündə yeni dünya müharibəsinin getdiyindən yazırıq. Gerçəkdən də elədir, dünyada bu sayaq geniş arealda aparılan hərbi əməliyyatlar, bu miqyasda diplomatik savaşlar, iqtisadi qarşıdurmalar, çoxşaxəli sanksiyalar yalnız II dünya müharibəsi dövründə olub.

Təsəvvür edin, bir ölkədə bir hadisə baş verir, 10-dan çox ölkə öz daxili işi imiş ki, ona müdaxilə edir. Həm də bu müdaxilə təkcə nota, ultimatum və bəyanatlarla məhdudlaşmır. Olay yerinə əsgər, ağır silahlar, döyüş sursatı, maddi yardımlar, hər şey göndərilir.

Təkcə Suriyada gedən hərbi əməliyyatlara qatılan ölkələrin sırasına baxaq: ABŞ, Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, İsrail... Onlardan başqa bu ölkədə döyüşən tərəflərə müxtəlif səpkili yardım edən dövlətlər də var.

Eyni zamanda Suriyada döyüşən tərəflərdən biri olan İŞİD zaman-zaman Türkiyə, Fransa, ABŞ, Almaniya, Belçika, İngiltərə kimi ölkələrə terror hücumları təşkil edir.

Bir Suriya deyil, bənzər proseslər İraqda, Əfqanıstanda da gedir. Yəmən və Liviya da müharibə poliqonlarından biridir.

Türkiyə öz ərazisindəki kiçik müharibəni sıxışdıraraq xaricə transfer edə bilib, amma təhlükə hələ də bu ölkənin sərhədlərinin bir addımlığındadır.

İran potensial savaş meydanıdır, ABŞ oraya da çomaq uzatmaq niyyətindədir. Livan zatən sülhün ən kövrək olduğu dövlətdir. Misirin bir gözü döyüşən tərəflərdədir, hər an müdaxilə edə bilər.

Bir sözlə, ilk dövlətlərin əmələ gəldiyi, ilk şəhərlərin tikildiyi gündən bəri keçən min illər ərzində daima dava-dalaş, qırğın-qiyamət, zorakılıq, işğal-ilhaq yuvası olmuş, yüz dəfələrlə əldən-ələ keçmiş Yaxın Şərq regionunda hələ də qan su yerinə axır.

Bu, dünyanın yenidən bölüşdürülməsi savaşı deyil, Avropa bölüşdürülüb, qurtarıb, yeni, kiçik dövlətlər əmələ gəlib və hamı bununla barışıb. Daha balaca knyazlıqları, cırtdan dövlətləri öz dövlətinin tərkibinə qatmaq, zəif dövlətlərə qarşı ərazi iddiası irəli sürən yoxdur.

Bu, Yaxın Şərqin yenidən bölüşdürülməsi prosesidir. Artıq superdövlətlərin heç biri öz əsl niyyətini gizlətmir, hamısı hansı dövlətin parçalanmasını, yerində hansı dövlətlərin yaranmasını istədiklərini açıq şəkildə büruzə verirlər.

Parçalanması planlaşdırılan dövlətlərin başında Suriyadır. İraq da o sıradadır. Türkiyə və İran isə dağıdılması planlaşdırılan, amma parçalanmanın aktiv fazasının başlanmadığı dövlətlərdir.

Əslində, bir neçə il öncə Türkiyəyə qarşı separatçı hərbi əməliyyatlar aktiv fazaya keçirilmiş, hətta ölkənin cənub-şərqində bir neçə əyalət və ayrı-ayrı rayonlar, demək olar ki, Türkiyə dövlətinin nəzarətindən çıxarılmışdı və burada elan edilməmiş qondarma bir dövlət qurulmuşdu.

Ancaq Türkiyə rəhbərliyi ocağın böyüyüb tonqala və meşə yanğınına çevrilməsinin qarşısını aldı. “Kürdüstan” dövləti qurmaq, daha sonra onu İraqdakı “Kürdüstan”la birləşdirmək istəyən PKK-çıların xarici dəstəyi kifayət qədər çox idi.

PKK-çılar Türkiyə ordusuna ciddi müqavimət göstərsəydilər, daha dəqiqi, göstərə bilsəydilər və onu atəşkəsə məcbur etsəydilər, “nə müharibə, nə sülh” rejimi də bir müddət çəkəcəkdi, daha sonra Avropa dövlətləri Türkiyənin yeni rəhbərliyini “Kürdüstan”ın dövlət müstəqilliyini tanımağa vadar edəcək, özləri də yeni dövləti tanıyacaqdılar.

Bu plan ertələndi, amma qaldırılıb rəfə qoyuldumu? Elə görünmür. Bölgəyə yeni-yeni silah növləri gətirilir, yeni-yeni ordular formalaşdırılır, yeni-yeni müttəfiqlik büsatları qurulur.

Kim kimi haradan, necə, nə vaxt vuracaq - bəlli deyil.

Bəlli olan ortalığın son dərəcə gərgin olmasıdır. Köhnə müttəfiqliklər sarsılır, yeniləri əmələ gəlir. Bir zamanlar İsrail və ABŞ-la, eləcə də Almaniya ilə ciddi müttəfiqlik münasibətində olan, İran və Rusiya ilə bir çox parametrlər üzrə rəqabətdə olan Türkiyə artıq ikincilərlə yaxınlaşıb, birincilərlə isə qarşı duran səngərlərə girib.

Bizə gəlincə, biz  - üç Qafqaz dövləti (Azərbaycan, Gürcüstan və Ermənistan) regionun 3 böyük dövlətinin (Rusiya, Türkiyə və İran) arasındayıq, o dövlətlərdən biri və ya ikisi böyük müharibəyə qatılsalar, Qafqaz da ayaq altda qala bilər. Ən qorxulusu da elə budur. Onsuz da öz müharibəmiz özümüzə bəsdir.

Xalid KAZIMLI
Tarix: 17-05-2018, 10:05
Xəbəri paylaş





Xəbər lenti