Talançıların bəd aqibəti


Yüksək dövlət vəzifələrindən götürülən bəzi şəxslərin sonrakı taleyi barədə informasiyalar və söz-söhbətlər gündəmdən çıxmır.  Gah birinin, gah da o birinin məsuliyyətə cəlb ediləcəyi, varidatının əllərindən alınacağı və ya artıq alınmağa başladığı, biznes obyektlərinin pay-bölüş edildiyi barədə xəbərlər səngimir.

Hiss olunur ki, bu söhbətlər əsassız deyil. Hansısa dairələrdə bu xüsusda təfərrüatlı bilgilər var və onların bir hissəsi mediaya sızır, bir hissəsi isə dildə-ağızda dolaşır.

Əslində, çox təbiidir. Uzun illər vəzifə səlahiyyətlərindən istifadə edərək, xalqın və dövlətin sərvətini çapıb-talayan, özünü və çoxsaylı qohum-əqrəbasını milyonçu edən şəxslərin cəzalandırılması tam normaldır.

Belə də olmalıydı. Talançıların aqibətinin belə olması, cəzalandırılması vacibdir.

Ancaq baxırıq ki, bu, yenə də kimlərisə qane eləmir, az qala “vurulan” vəzifə adamlarının müdafiə komitələrini yaradır, məsələyə ya şəxsi tanışlıq, qohumluq, ya da primitiv eloğluluq prizmasından yanaşırlar.

Bəs talanmış milyonlar necə olsun?

Bir də çoxlarının dilindən səslənən, istər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə yüz dəfə təkrarlanan, elə hey tirajlanan bir ifadə var: “Vəzifədə olanda heç kəs yazmırdı, amma indi hamı baltalayır”.

Çox ədalətsiz yanaşmadır. Bəzi nazirlər məhz vəzifədə olanda daha çox “baltalanırdı”.

Bir yadınıza salın, kimlərin barəsində nələr yazılırdı. “Filan nazirin qoçuları”, “Filan nazirin övladı”, “Filan nazirin biznesi” deyə silsiləvi və xroniki şəkildə yazılar dərc olunurdu. O adamlarla 3-5 il boyunca davam edən məhkəmə proseslərindən keçən jurnalistlər var. Yazırdılar, məhkəməyə verilirdilər, həmişə olduğu kimi, jurnalistlər məhkəməni uduzurdular, cərimələnirdilər, bir də yazırdılar, uduzurdular, yenə yazırdılar... yenə “baltalayırdılar”...

Amma yazanların baltası kor idi, kəsmirdi. Gün gəldi, “kor baltanı vurarsan, vurarsan, bir gün kəsər” hikməti doğruldu. O, odioz, mafioz, oliqarx, biznesmen nazirləri işdən götürdülər.

İndi o jurnalistlər niyə yazmamalıdır ki?

Bəli, onu da etiraf edək ki, bəzi əl altından, səssiz-sədasız iş görən, dövlət büdcəsini xımır-xımır yeyən, özünü medianın hədəfinə tuş gətirməyən, jurnalistlərlə, eləcə də ictimaiyyət nümayəndələri ilə iltifatlı davranan şəxslər də olub və onların barəsində heç vaxt ifşaedici məlumatlar sızmayıb.

Ancaq indi, onların siyasi immuniteti olmadığı, media qoruyucuları, əlaltıları qeybə çəkildiyi, rüşvətxor, qorxaq və mənsəbpərəst hakimlərə sözlərinin ötmədiyi bir vaxtda jurnalistlər onları niyə “vurmasınlar ki”?

Əlbəttə, vuracaqlar. Bu, çox əhəmiyyətlidir. Həm onların vaxtı ilə etdiyi haqsızlıqların cavabı verilmiş olar, həm də hazırda kök atıb rişələnməyə, öz ətraflarında klan formalaşdırmağa çalışanlara dərs olar, bilərlər ki, heç də Z.-dan, F.-dan artıq kişi deyillər, bir gün “vurula” və “baltalana” bilərlər.

Təəssüf ki, çoxları bu aqibəti vaxtında düşünmür, anlamır və tamahlarını cilovlamır, əndazələri aşırlar. Təbii ki, öz işlərini ehtiyatla tutan və heç vaxt ifşa olunmayacaq qədər pərdə arxasında qalmağı bacaran məmurlar da var. Onlar öz tamahlarına “stop” deməyi bilən, çox varlanmaq ehtirasını boğanlardır.

Əslində çökmüş oliqarxlar barəsində jurnalistlərin nəsə yazması, camaatın xeyirdə-şərdə onların haqqında neqativ söhbətlər etməsi elə də həlledici və əhəmiyyətli hadisə deyil. Əsas məsələ yüksək dairələrdə onların özlərinin və bizneslərinin sonrakı taleyi barədə verilən qərardır.

Əgər ali dairələrdə radikal qərarlar verilibsə, adamın rayonu elliklə ayağa qalxsa da, jurnalistlər o adam haqqında “cənnətdə uçan mələk” obrazı yaratsa da, xeyri yoxdur, onun yağmaladığı sərvətin böyük hissəsi əlindən alınacaq və bölüşdürüləcək. “Qurdlar süfrəsi”nin qaydası budur.

Bir də əksinəsi var. “Vurulmuş” nazir tam gözdən düşməyibsə, nə qədər odioz və mafioz olsa da, onun cəzası bir yerə qədər olacaq, jurnalistlər və camaat onu “cəhənnəm zəbanisi” kimi təqdim etsə də, xeyri olmayacaq, adam topladığı pul-parasını rahatlıqla yeməkdə davam edəcək, bəlkə hələ bir müddət sonra başqa bir sektorda pis-yaxşı vəzifə də alacaq.

Biz bu ölkədə nələr görmüşük, nələr. Və hələ nələr də görəcəyik...

Xalid KAZIMLI
Tarix: 19-05-2018, 09:17
Xəbəri paylaş





Xəbər lenti