Qarabağ danışıqlarının Vaşinqton raundu ərəfəsində düşmənin “Tiqranakert” təxribatı - GƏLİŞMƏ


Qarabağ danışıqlarının Vaşinqton raundu ərəfəsində düşmənin “Tiqranakert” təxribatı
Dağlıq Qarabağ ətrafındakı vəziyyət iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək danışıqlarda müzakirə olunacaq. Xəbər verildiyi kimi, həmin gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçiriləcək.

Qarabağ danışıqlarının növbəti raundu ərəfəsində gözlənildiyi kimi, Ermənistan davamlı təxribatlara əl atmağa başlayıb. Hərbçilərimizin qətli ilə bağlı əmri şəxsən verdiyini bəyan edən işğalçı ölkənin müdafiə naziri David Tonoyan bu dəfə Azərbaycanın zəbt olunmuş ərazilərində hərbi təlimlər keçirilməsinə qərar verib.

Ermənistan mediası xəbər verir ki, təlimlər Azərbaycanın işğal altındakı Ağdam rayonu ərazisindəki “Tiqranakert” poliqonunda keçirilir. Tank və artilleriya bölmələrinin də iştirak etdiyi təlimlərdə müdafiə və əks-hücum taktikaları sınaqdan çıxarılıb.

“Yeni Müsavat” işğalçı ölkənin mediasına istinadən xəbər verir ki, təlimlərdə 10 minə yaxın hərbçi, 200-dən artıq artilleriya qurğuları, 150-yədək zirehli texnikadan istifadə olunur. Şübhəsiz ki, düşmən açıqlanan rəqəmlərdə xeyli şişirtmələrə yol verib. Bununla Ermənistan Azərbaycanın bu yaxınlarda keçirdiyi irimiqyaslı təlimlərinə adekvat cavab verdiyini nümayiş etdirməyə cəhd edir. Lakin istənilən halda, düşmənin işğal zonasındakı təxribatları diqqətdən kənarda qala bilməz. Xüsusilə də sülh danışıqları ərəfəsində belə bir addımın atılması təsadüfi deyil. Erməni tərəf bəyan edib ki, hərbi təlimlər iyunun 20-də başa çatacaq.

Aprel döyüşləri Ermənistan ordusunun gerçək durumunu ortaya çıxartdı. O zaman məlum oldu ki, Qarabağdakı erməni tanklarının bir çoxunun yanacaq çənində yanacaq əvəzinə su imiş. Hətta buna görə həbslər də həyata keçirilib. İndiki durumda Ermənistanın davamlı təlimlər keçirməsi real görünmür. Ancaq 20 iyun tarixini açıqlamaqla işğalçı həmin gün baş tutacaq Vaşinqton danışıqlarına təsir göstərəcəyini zənn edir.

Xatırladaq ki, bundan əvvəlki yazılarımızda ABŞ-ın ev sahibliyi ilə baş tutacaq görüş ərəfəsində Ermənistanın təxribata əl ata biləcəyi barədə ehtimallarımızı yazmışdıq. Əgər bu görüş baş tutsa, ABŞ 18 ildən sonra Qarabağ danışıqlarına ev sahibliyi edəcək. Sonuncu dəfə belə təşəbbüs aprel döyüşləri ərəfəsində olmuşdu, lakin məlum səbəbdən baş tutmamışdı.

****

Azərbaycan ordusunun rəhbərliyi isə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək düşmənin təxribatlarına cavab verməyə hazır olduğunu növbəti dəfə bəyan etməkdədir. İyunun 18-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib. Nazir düşmənə bir sıra xəbərdarlıqlarını edib, həmçinin ciddi bəyanatlar səsləndirib. “Azərbaycan xalqı ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar” - nazir bəyan edib. Lakin o bildirib ki, beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir. “Əsgər də, zabit də, nazir də daxil olmaqla, biz hamımız Vətən, millət naminə canımızı təhlükəyə atırıq və bununla qürur duyuruq. Allah bütün şəhidlərə rəhmət etsin! Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, o mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub”, - nazir vurğulayıb (APA). Z.Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirib. Bildirib ki, D. Tonoyanın səviyyəsinə enmək istəmir: “Bircə onu deyə bilərəm ki, David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar”.

Z.Həsənov mətbuat konfransında deyib ki, bu gün Azərbaycanın ordusunda olan hərbi təyyarələr qarşıda duran vəzifələri tam yerinə yetirməyə hazırdır. MN rəhbəri ordumuzun inkişaf etdiyini vurğulayıb: “Azərbaycan ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var”. Nazir təsdiqləyib ki, Azərbaycan ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub. Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib: “Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər”.

Nazir qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur: “Azərbaycan ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir”.

Z.Həsənov bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibinin onun barəsində dediklərinə də cavab verib. Nazir qeyd edib ki, həmin vaxt o, Beyləqan rayonunda təmas xəttindən 35-38 km. məsafədə yerləşən hərbi hissələrə baş çəkmişdi. “Onlar məni hansı silahla hədəf almışdılar ki, məni qorxutdular və cəbhə xəttindən qaçdım? Erməni ordusunda elə texniki vasitə yoxdur ki, onlar mənim hərəkətimi 35 kilometr məsafədən izləsinlər. Onlarda heç bu mənzilli artilleriya da yoxdur. Bizdə isə bu cür texniki vasitələr və silahlar var. qriqoryanlar, mxitaryanlar, qardaşyanlar - bunlar hamısı bir tipdir, onların dediklərinə fikir verməyin” - Zakir Həsənov deyib.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan müdafiə nazirinin təmas xəttinə baş çəkərkən erməni bölmələri tərəfindən hədəfə alındığını, nazirin bunu görərək tələsik cəbhə xəttini tərk etdiyini demişdi.

Z.Həsənov habelə D.Tonoyanın təmas xəttində Azərbaycan ordusunun əsgərinin vurulması əmrini şəxsən verməsi və “qisas əməliyyatını” yerinə yetirən hərbçilərin mükafatlandırılması barədə məsələdən danışıb. “Tonoyanın hərəkəti ucuz siyasi gedişdir. İnanın, müəyyən məqamlarda mən detallara vara bilmərəm. Ancaq onu deyə bilərəm ki, erməni tərəfinə layiqli cavab verilib. Yaxın günlərdə siz bu hərəkətin əks-sədasını eşidəcəksiniz” - müdafiə naziri bildirib.

“Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır. Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? - sualı ilə müraciət etməli oluruq”.

Bunu isə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın hərbi təlimlərinə reaksiyasında bəyan edib.

General Yaşar Aydəmirov isə “Yeni Müsavat”a açıqlamasında Ermənistan rəhbərliyinin şou ilə məşğul olduğunu bildirdi: “Ermənilərin bu təlimlərini bizim xırdamiqyaslı təlimlərlə müqayisə etmək olar. Cənab nazir də bu barədə mövqeyini bildirdi. Hər dəfə Qarabağ danışıqlarının növbəti raundu keçiriləndə onlar hansısa təxribata əl atırlar. Ancaq bununla heç nəyə nail ola bilməyəcəklər. Onların elə bir vəsaiti yoxdur ki, davamlı şəkildə hərbi təlimlər keçirsinlər”.

Amma bununla belə, general qeyd etdi ki, ermənilər bu təlimlər zamanı hansısa təxribata əl atsa, yaxud aviasiyadan, hərbi texnikadan istifadə etsə, o halda Azərbaycan düşmənə tutarlı cavab verəcək: “Amma düşmənin ön xəttə yaxınlaşmağa cürət edəcəyini düşünmürəm. Əgər onlar yaxın mövqelərimizə hansısa uçuş aparatını çıxartsalar, yaxud digər təxribatlara getsələr, o zaman bizimkilər o hədəfləri vurub məhv etməlidir, yəqin ki, belə də olacaq. Unutmaq olmaz ki, ərazi Azərbaycana məxsusdur”.

Y.Aydəmirov qeyd etdi ki, savaş mərhələsi çoxdan yetişib. Ermənistanın müdafiə naziri D.Tonoyanın bəyanatlarına gəldikdə, hərbi ekspert onun dediklərini mənasız sayır: “Tonoyan özü kimdir ki? Rusiya ərazisində rəssamlıq fəaliyyəti ilə məşğul olan biri idi. Onun hərbidən başı çıxmır. Sadəcə, özünü baş nazirə yaxşı göstərmək üçün sarsaq bəyanatlar verir. Ermənilər özləri də bilir ki, növbəti müharibə onlar üçün fəlakətdir. Sadəcə, təxribata əl atmaqla diqqəti yayındırmaq, dünya ictimaiyyətini aldatmaq istəyirlər. Amma heç şübhəsiz ki, işğalçı atışları intensivləşdirsə, Azərbaycan ordusu bir neçə qat artıqlaması ilə onun cavabını verəcək. Artıq bölmələr sözünü unutmalıyıq. Savaş hər an başlaya bilər. Sadəcə, biz o şansın yetişməsini gözləyirik”.

****

Azərbaycanı hərbi təlimlərlə təhdid etməyə çalışan işğalçı ölkənin həyəcanlı olduğu aydın görünür. Xüsusilə də Azərbaycanın davamlı hərbi təlimləri, bu təlimlərin sonuncusunun Türkiyə ilə birgə, özü də Naxçıvanda keçirilməsi İrəvanı xofa salıb. Erməni mətbuatı bunun ardınca Azərbaycanın Pakistanla birgə hərbi təlimlər keçirəcəyindən də narahat olduğunu büruzə verməkdədir. İşğalçı ölkənin mediası Z.Həsənova istinadən Azərbaycan-Pakistan birgə təlimlərinin 2019-cu ildə baş tutacağını bildirib. Üstəlik, ermənilər 2019-cu ildə Azərbaycan və Türkiyənin 13 birgə təlim keçirəcəyi, həmçinin Gürcüstanla birgə təlimlər barədə rəsmi açıqlamanı tirajlayaraq narahat olduqlarını gizlətməyiblər. İşğalçı ölkə bölgədə faktiki olaraq təklənib. Aqoniya vəziyyətində olan Ermənistan sürətlə savaşı yaxınlaşdırır. XİN başçısı da bir müddət öncə demişdi ki, “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”.
 
Tarix: 19-06-2019, 10:07
Xəbəri paylaş





Xəbər lenti