Həmsədr ölkədən işğalçıya 40 milyon dollarlıq dəstək


ABŞ Konqresinin Ermənistanın və Qarabağdakı separatçıların əl-qolunu açan qərarı etirazlara səbəb oldu; Asim Mollazadə: “BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina etdiyi halda, ermənilərə qarşı heç bir beynəlxalq təşkilat sanksiya tətbiq etməyib”

Vaşinqtonda keçirilən Qarabağ danışıqları ərəfəsində ABŞ Konqresi Ermənistana maliyyə yardımını artırmağa qərar verib. Belə ki, Konqres Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılmasını təklif edən düzəlişi təsdiqləyib.

Amerika Erməni Milli Komitəsinin (ANKA) məlumatına görə, 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib.

Nümayəndələr Palatası həmçinin Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi Konqresdə Tice Koks irəli sürüb. Ermənistana ediləcək yardımın 40 milyon dollara qədər qaldırılmasını məhz Spiyer gündəmə gətirib. Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif dəstəkləyib. Spiyer Konqresin Erməni Məsələləri üzrə Komitəsinin həmsədridir. Həm Spiyer, həm də Koks ANKA ilə çox sıx əlaqələrə sahibdir. Bu şəxslər bir müddət əvvəl ABŞ-ın Ermənistana yardımlarının 100 milyona çatdırılmasını təklif edən 35 konqresmen arasında yer almışdılar. Bundan əvvəl işğalçı ölkəyə maliyyə yardımının dayandırılması ilə bağlı təşəbbüslər qaldırılsa da, son nəticədə yenə də erməni lobbisi öz istəyinə çatdı.

Lakin müşahidəçilər hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin işğalçı Ermənistana maliyyə ayırması heç bir məntiqə sığmır. Düzdür, indiyədək Vaşinqton müxtəlif adlar altında Ermənistana, hətta Dağlıq Qarabağdakı separatçı rejimə 2 milyard dollardan artıq maliyyə ayırıb. Ermənistan son bir ayda davamlı təxribatları ilə ABŞ-ın vasitəçilik və ev sahibliyi etmək təşəbbüsünə sarsıdıcı zərbələr vurmasına rəğmən Konqres bu ölkəyə maliyyə yardımı ayırmağa qərar verib.

Yeri gəlmişkən, bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkə - Fransa erməniləri məyus edən addımlar atır. Belə ki, Fransa məhkəmələri ölkənin müxtəlif şəhərləri və Dağlıq Qarabağ separatçıları arasında imzalanmış sazişləri bir-bir ləğv edirlər. Belə ki, mayın 29-da Serji-Pontuaz şəhərinin inzibati məhkəməsi Arnuvil şəhəri ilə işğal olunmuş Xocavənd arasındakı “xartiyanı” qüvvədən düşmüş hesab edib. İyun ayının 11-də isə yerli bələdiyyələrin separatçı rejimlə imzaladığı daha 4 xartiyanı Fransa məhkəməsi etibarsız sayıb. Məhkəmə bəhs olunan sənədlərin Fransanın üzərinə götürdüyü öhdəliklərə və ATƏT-in Minsk Qrupunun həmsədri olaraq apardığı xarici siyasətə zidd olduğunu göstərib. Fransada da erməni lobbisi kifayət qədər güclüdür və bir sıra hallarda Parisin mövqeyi Bakının sərt reaksiyası ilə qarşılanıb. Lakin son zamanlar əks tendensiya müşahidə olunur və Paris ədalətli mövqe nümayişi ilə rəğbət qazanır. İşğalçı Ermənistana və Qarabağ separatçılarına analoji münasibətin digər həmsədr ölkələrdən gələcəyi gözlənilirdi. Məntiq də bunu deyir. Çünki əksər hallarda həmsədrlər Qarabağ məsələsinə və Ermənistana olan münasibətlərini koordinasiyalı şəkildə ifadə edirlər. Lakin ABŞ Konqresi heç kəsin gözləmədiyi halda, Ermənistana və hətta “mina təmizlənməsi” adı ilə Qarabağ separatçılarına maliyyə yardımı ayırdı. Bu, əslində işğalçılığın stimullaşdırılmasıdır. Qarabağda mina təmizlənməsini hansı qüvvələr həyata keçirəcək, bu vəsaitlərin hərbi məqsədlərə yönəldilməyəcəyinə kim təminat verir? Hətta mina təmizlənməsi ilə bağlı işlər aparılsa belə, separatçılara bu qayğı anlaşılan deyil. Hər halda, ABŞ Konqresi abxaz, osetin, yaxud Donbasdakı separatçılara eyni münasibəti sərgiləmir, hətta Rusiyadan işğala son qoymağı tələb edir. Azərbaycana gəldikdə, yenə də ikili standartlar öz sözünü deyir. Üstəlik, ABŞ nəzərə almalıydı ki, 20 iyunda Vaşinqtonda keçirilən Qarabağ danışıqları ərəfəsində Ermənistanın işğal altındakı Ağdam ərazisində 4 günlük hərbi təlimlərə başlaması həm də Con Boltonun sülhməramlı təşəbbüsünə zərbədir. Bunun cavabı isə sərt dillə verilməli idi, daha işğalı stimullaşdıran maliyyə yardımı ilə deyil. Sözsüz ki, ABŞ bununla Nikol Paşinyanı ələ almağı hədəfləyib. Son zamanlar yenidən Rusiyaya üz çevirən Paşinyan komandası maliyyə yardımını həsrətlə gözləyir. Hətta İran əməliyyatları üçün ərazisini təklif etməyə də hazırdır. Lakin bütün bunlar yenə də ABŞ Konqresinin işğalçıya maliyyə ayırmasına haqq qazandıra bilməz.

Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Amerika digər iki həmsədr ölkə kimi açıq-aşkar olmasa da, pərdəarxası İrəvanı dəstəkləyir: “Amerikaya gəldikdə isə bu ölkə hələ Birinci Dünya müharibəsi dövründən erməniləri bəsləyirdi. Prezident Vudro Vilson hətta öz şəxsi nümayəndəsini Naxçıvan bölgəsinə yollamışdı ki, ermənilərin torpaq iddialarının keşiyində dursun... O vaxtdan çox şeylər dəyişib, lakin Amerika isteblişmentinin ”erməni sevdası" öz qüvvəsini saxlayır... Budur, biz yenə ABŞ-ın Ermənistana 40 milyon dollarlıq yardımının şahidi oluruq. Əslində Amerika tərəfindən “Azadliq aktına 907-ci əlavə”nin qüvvədə saxlanılması yenə də ikili standartlara işarə edir. 90-ların əvvəlində ermənipərəst Amerika lobbisi Qarabağ ermənilərinin blokadaya alınmasını şişirdib, Naxçıvan əhalisinin daha ağır vəziyyətdə olmasına göz yumdu. Bu hal hər şeyi izah edir. Məhz buna görə Amerikanın vasitəçiliyində obyektivliyin qorunması baxımından şəxsən məndə böyük şübhə doğurur".

T.Abbasov əlavə etdi ki, ABŞ diplomatı Con Bolton münaqişə tərəflərini dialoqa riayət etməyə dəvət edir: “Əgər belədirsə, niyə Bolton İranla müharibəyə çağırış edir? Bəyəm İran Amerikanın ərazisini işğal edib? Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan cidd-cəhdlə danışıqlar prosesini çökdürür və bunu görməmək mümkünsüzdür. Odur ki, İrəvanın azğınlığa olan meylini qidalandıran fövqəlqüvvələrdir. Onlardan sağlam və dürüst vasitəçi olmaz”.

Politoloq hesab edir ki, Azərbaycan XİN başçısı Vaşinqtonda rəsmi Bakının Konqresin qərarına etirazını ifadə etməlidir:“Mövqe bundan ibarət olmalıdır ki, Vaşinqtonun Ermənistana bu qəbildən olan hədiyyələri dolayısı ilə işğalçı siyasəti tanımaq anlamına gəlir. Rəsmi Bakı bununla bağlı heç olmasa bəyanat verib dünya nizamını pozan məmləkətə dəstək verməyi məhkum etməlidir”.

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun üzvü Asim Mollazadə  “Yeni Müsavat”a bildirdi ki, verilən qərar ABŞ Konqresindəki güclü erməni lobbisinin fəaliyyətinin nəticəsidir: “Bu lobbi hər zaman Ermənistana yardım üçün çox ciddi fəaliyyət göstərir və demək olar ki, əksər hallarda buna nail olur. Bundan qabaq Ermənistan daha çox yardım alırdı. Lakin son vaxtlar işğalçı ölkəyə ayrılan yardım azaldılmışdı. Yenə də onlar yardımı artırmağa nail oldular. Bunun da əsas səbəbi ABŞ səviyyəsində erməni diasporu üçün fəaliyyət göstərən ən böyük lobbi qrupunun mövqeyidir. Erməni lobbisi yəhudi lobbi qrupundan sonra ən böyük lobbi qrupudur”. A.Mollazadə ABŞ Konqresinin işğalçı ölkəyə maliyyə vəsaiti ayırmasına rəsmi Bakının necə reaksiya verməli olduğu barədə sualın cavabında bildirdi ki, beynəlxalq təşkilatlarda Ermənistan işğalçı dövlət olaraq tanınmadığı üçün ortaya maneələr çıxır: “Məsələn, Rusiyaya qarşı sanksiyalar var. Həm Avropa Birliyi, həm ABŞ və digər ölkələr Rusiyaya qarşı sanksiya tətbiq edir. Amma Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina etdiyi halda, ermənilərə qarşı heç bir beynəlxalq təşkilat sanksiya tətbiq etməyib. Mənə elə gəlir ki, biz ABŞ Konqresinin bu qərarına etirazımızı bildirə bilərik. Lakin onlar da deyə bilərlər ki, ”öz pulumuzdur, özümüz paylayırıq"". ABŞ-ın Azərbaycana münasibətinə gəldikdə, A.Mollazadə dedi ki, ABŞ Azərbaycanla bir cıra ciddi sahələrdə əməkdaşlıq edir: “907-ci düzəliş də hal-hazırda işləmir. Amma unutmaq olmaz ki, ABŞ-ın həm Təmsilçilər Palatasında, həm də Senatında çox ciddi erməni lobbisi fəaliyyət göstərir”. Bəs Azərbaycan parlamentinin dostluq qrupu ABŞ-a etirazını bildirə bilərmi? A.Mollazadə: “Parlament xətti ilə nə deyə bilərik? Başqa ölkənin pul bölüşdürməsinə qarışa bilmərik. Çünki faktiki olaraq burada beynəlxalq hüquq normaları pozulmayıb. Sadəcə olaraq, biz hər zaman bu məsələni diqqətə çatdırırıq ki, Ermənistan sanksiyalarla üzləşməsə, bizim bölgədə sülh, əmin-amanlıq bərpa olunmayacaq. Çünki təcavüzkar öz siyasətinə son qoymaq istəmir. Ermənistan bizim bölgədə stabilliyə, inkişafa qarşı olan ən əsas qüvvədir və ən təhlükəli siyasəti həyata keçirir. Gördüyünüz kimi, arxalarında böyük qüvvə var”. Bununla belə, A.Mollazadə ermənilərin ABŞ administrasiyasındakı dayaqlarından məhrum olduğunu da xüsusi vurğuladı: “Hazırda ABŞ-ın icra strukturlarında ermənilər üçün fəaliyyət göstərən siyasətçilər yoxdur, artıq bu, üstünlükdür. Hansı ki, keçən administrasiyada 907-ci düzəlişin müəllifləri oturmuşdu”. Bütün bunları nəzərə alaraq A.Mollazadə deyir ki, ABŞ-la çox ciddi işləmək lazımdır: “Təəssüf ki, ABŞ-da bizim böyük, nüfuzlu diasporumuz və lobbi təşkilatlarımız yoxdur”.

Son fakt bir daha ABŞ Konqresinin yanlış qərar verdiyini isbatlayır. Hər halda, bölgədə baş verə biləcək növbəti fəlakətlərə görə Konqres də məsuliyyət daşıyacaq. Söhbət qonşu dövlətin ərazisini on illərdir işğalda saxlayan, məskunlaşdıran, terror yuvasına çevirən bir ölkəyə ayrılan milyonlardan gedir. Zəruri xatırlatma: BMT Təhlükəsizlik Şurasının qətnamələri məhz ABŞ-da qəbul olunub...

Elşad PAŞASOY

Tarix: 21-06-2019, 09:07
Xəbəri paylaş





Xəbər lenti