Karantin rejimi uzadıla və sərtləşdirilə bilər: küçələr yenə adam dolu…

 

Professor: "Əgər epidemoloji vəziyyət karantin rejimini dayandırmağa imkan verməsə…” 

Aprelin 8-də Azərbaycanda daha 105 nəfər koronavirus infeksiyasına yoluxub. Bununla da Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb. İndiyədək yoluxanlardan 63 nəfər sağalıb, 8 nəfər  isə vəfat edib.

Müalicə alan xəstələrin sayı isə 751 nəfərə çıxıb.  4 mindən artıq insan isə karantindədir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, Azərbaycanda aprelin 20-nə qədər xüsusi karantin rejimi elan edilib. Bəzi sahələrdə çalışanlar istisna olmaqla, ölkə vətəndaşları yalnız gün ərzində SMS-lə 1 dəfə icazə aldıqdan sonra 2 saatlıq müddətə küçəyə çıxa bilərlər. 

Yoluxmanın qarşısını almaq üçün insanlara evdə qalmaq tövsiyyə edilir. Tibb sahəsi üzrə mütəxəssislər hesab edirlər ki, vaksinin tapılmadığı zamanda ən effektiv yol bu infeksiyadan izolyasiya olunub, qorunmaqdır. Dünyada və Azərbaycanda da oxşar addımlar atılaraq, insanların evdə qalması üçün cərimələr belə tətbiq edilir. Lakin görünən budur ki, indiki durum hökuməti qane etmir. İnsanlar yenə də evlərinə yığışmır, yoluxma hər hansı bir formada davam edir.

Bu baxımdan hökumət nümayəndələri anons edirlər ki, Azərbaycanda karantin rejimi uzadıla bilər. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, karantin müddətinin artırılması vəziyyətin gedişatından asılıdır: “Statistika göstərir ki, əksər vətəndaşlar karantin rejiminin qaydalarına əməl etmirlər. Əgər yoluxanların sayı artsa və vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər. Təəssüf ki, bəzən qaydaları pozanlar arasında savadlı şəxslər də olur. Əgər vətəndaşlar qaydalara əməl etsələr, yoluxmanın sürəti azalar, sağalanların isə sayı artar" deyə, İ.Məmmədov diqqətə çatdırıb.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, Azərbaycanda koronavirusdan baş verən ölüm hallarının hamısı yanaşı gedən ağır xəstəliklər səbəbindən olub.

Onun sözlərinə görə, pasiyentlər arasında 2-90 yaşlı insanlar da var: "Hətta 84 yaşında sağalan xəstəmiz də olub". 

Bütün bunlarla yanaşı Azərbaycanda eyni zamanda səyyar mobil hospital da qurulur. Bu barədə "Turan" informasiya agentliyi yazıb. Məlumata görə,  1 nömrəli Sumqayıt şəhər xəstəxananın ərazisində səyyar mobil hospital quraşdırılır.

Xəstəxananın baş həkimi Nazim Hüseynquliyev “Turan”ın  müxbirinin sualına cavab olaraq deyib ki, 200 çarpayılıq mobil xəstəxananın tikintisi Prezident Adminisrtasiyasnın göstərişinə əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tapşırılıb.

Ekspertlər hesab edirlər ki, proseslər vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir və bu səbəbdən də insanlar özlərini qorumaları üçün qaydalara tam əməl etməlidirlər. 

Tibb sahəsi üzrə çalışanların fikrinə görə, Azərbaycanda açıqlanan bu rəqəmlərin çoxu 2  və daha öncəki həftələrdə yoluxanların sayını göstərir. Həmin ərəfədə Azərbaycanda karantin rejimi bu qədər sərt deyildi və çağırışlara məhəl qoymayan vətəndaşlar müxtəlif səbəbdən evlərində qalmamağa davam edirdilər.

Professor Adil Qeybulla son durumla bağlı Musavat.com-a bildirib ki, hesab edirəm ki, Azərbaycanda karantin rejimini sərtləşdirməyə ehtiyac var: "Çünki insanlar özlərini qorumağa meylli deyillər. Mən həkim kimi işə getməyə məcburam. Yolda xeyli adam, maşın görürəm. Biz 3-4 həftə karantin rejimini gözləyə bilmirik. Hesab edirəm ki, rejim sərtləşdirilməli və çox az bir kontingent çölə çıxmağa icazəli olmalıdır. Hansılar ki, onlar həyati vacib məsələ ilə bağlı çıxırlar-polislər, həkimlər, jurnalistlər və sairə. İkinci tərəfdən də sosial izolyasiya tədbirləri gözlənilmədikcə, yoluxma sayları artır. Yoluxma sayı artdıqca da xəstəliyin dinamikası da uzanır. Biz bu xəstəliyi aprel ayında yekunlaşdıra bilərdiksə, artıq bu, may ayına keçə bilər. Dünyanın ən güclü ölkələri bu virusun qarşısında aciz qalıb. Məhz əksər ölkələrdə səhiyyənin yüksək inkişafına baxmayaraq, izolyasiya tədbirlərinə məhəl qoyulmaması, böyük yayılma arealına gətirib çıxarır. Bu baxımdan biz də yəqin ki, tədbirləri sərtləşdirməyə ehtiyac duyacağıq. Biz şey də var ki, əgər ayın 20-də epidemoloji vəziyyət karantin rejimini dayandırmağa imkan verməsə, onda yəqin ki, karantin rejimi həm uzadılacaq, həm də çox güman ki, sərtləşdiriləcək".


Musavat.com

Tarix: 9-04-2020, 17:17
Xəbəri paylaş





Xəbər lenti