Bakı meriyası qanunsuz əməllərini Prezidentin adından sui-istifadə edərək həyata keçirir – VİDEO-FAKT

 

Ölkə koronavirusdan məcburi karantin altına alınıb. Heç kimin evdən çölə çıxmasına icazə verilmir. Hamı daldalanmağa yer axtardığı bir vaxtda ölkəmizdə bu fürsətdən yararlanmaq istəyənlər də az deyil. Ən dəhşətlisi isə burasındadır ki, bəzi dövlət qurumlarının “işbaz” məmurları da bu fürsətdən yararlanırlar.
Ovqat.com-a şikayət edən Səbail rayonu Lermantov 22 küçəsi ev 6 ünvanında yaşayan Bakı sakinlərinin bildirdiyinə görə, karantin dövründə onları evlərindən çıxarıb çölə atmaq istəyirlər.
Bildirilir ki, dünən Bakı meriyasının bir qrup işçisi sakinlərin yaşadığı binaya gəlib və onlardan mənzilləri boşaltmalarını tələb ediblər. Sakinlərin bu tələbi rədd etməsindən sonra onlar bəzi mənzillərin qapılarını söküb aparıblar. Bakı meriyasının müdaxiləsinə məruz qalan həmin mənzillər isə əsasən boş olub.
Bildirildiyinə görə, qapısı sökülən mənzillərdə əslində yaşayış var. Onlardan bəziləri sadəcə müxtəlif səbəblərdən hazırda evdə deyillər. Məsələn, aşağıda videosunu təqdim etdiyimiz mənzilin sakinləri Türkiyədədir və yollar bağlandığından ölkəyə qayıda bilmirlər. Bakı meriyası isə fürsətdən istifadə edib sakinlərin razılığını almadığı binanın söküntüsünə məhz bu mənzildən başlayıb. Nəticədə qapı-pəncərəsiz qalan mənzildəki ev əşyaları tamamilə oğruların insafına buraxılıb.



Sual oluna bilər: Haqqında bəhs edilən bina hansı əsaslarla sökülür?
Bildirildiyinə görə, Bakı meriyasının əlində “yağlı” bir bəhanə var – ev qəzalı vəziyyətdədir və sökülməli, yerində yeni bina tikilməlidir. Bunun üçün isə sakinlərə təklif edilən məbləğlə nəinki yaşadıqları civarda, heç Bakının həndəvərində də mənzil almaq olmaz. Odur ki, tikinti şirkətləri ilə sövdələşmələri baş tutmayıb və işə Bakı meriyası qarışıb.
İddia olunur ki, əvvəllər sakinlərlə tikinti şirkətləri arasında bu cür sövdələşmələr onların öz ixtiyarına verilmişdi. Sakinlər isə sökülən mənzillərinin qarşılığında inşa edilən binadan özlərinə ev almaqla itkilərini kompensasiya edirdilər. Son zamanlar isə bu işi Bakı meriyası öz üzərinə götürüb və qəzalı vəziyyət raportu verdiyi binaların mənzillərini ya dəyər-dəyməzinə alır, ya da sakinləri zorla çölə atır. Daha sonra isə zorla boşaldılan həmin bina qat-qat baha qiymətə tikinti şirkətlərinə satılır. Nəticədə əslində nə tikinti şirkətləri, nə də sakinlər qazanırlar. Qazanan yalnız meriyanın işbaz məmurları olurlar. Sakinlər onlara təzyiq edən Bakı meriyasının iri məmurunun konkret adını da çəkiblər. Biz sadəcə görünən kəndin əlavə bələdçisinə ehtiyac duymadığımızdan həmin şəxsin adını zikr etmirik.
Sözsüz ki, biz bu iddiaların nə qədər səhih olduğuna qərar vermək iqtidarında deyilik. Ovqat.com olaraq sadəcə sakinlərin fikrini işıqlandırdıq. Bakı meriyası da iddialara aydınlıq gətirmək istəsə, səhifələrimiz onun da üzünə açıqdır.



Hələlik isə onu deyə bilərik ki, sakinlərin etirazlarına rəğmən binanın söküntüsünü aparan meriya işçiləri bu qanunsuz əməllərini ölkə başçısının arxasına sığınaraq həyata keçirirlər. Bu, binada işləyən meriya işçilərinin dilindən açıq şəkildə səsləndirilir və təqdim etdiyimiz videoda da həmin fakt öz əksini tapıb. Halbuki ölkə başçısı dəfələrlə məmurlarına sadə vətəndaşları incitməmək barədə qəti əmrlər verib. Meriya işçilərinin öz əməllərinə bu cür haqq qazandırmağa çalışması nə vəzifə etikasına, nə də Azərbaycan qanunvericiliyinə sığır.
Onu da qeyd edək ki, mənzil toxunulmazlığı hər bir vətəndaşın ən fundamental hüququdur və Konstitusiyamızın 33-cü maddəsində bu hüquq belə təsbit olunur:
“Maddə 33. Mənzil toxunulmazlığı hüququ
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz”.



Bakı meriyası isə nəinki bu hüququ tapdalayaraq mənzilə daxil olur, hətta onun qapısını çıxarıb aparır da.
Xatırladaq ki, Konstitusiyamızda heç bir şərhə ehtiyac qalmayacaq şəkildə aydın dillə ifadə olunan bu hüquq Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalardan qaynaqlanır. Azərbaycanın kiçik “xanları” isə sözügedən öhdəlikləri kobud şəkildə pozaraq dövlətimizi  beynəlxalq qınaq qarşısında qoymaqdan çəkinmirlər.
Bu da iddiaları sübut edən əyani fakt:


Tarix: 10-04-2020, 12:42
Xəbəri paylaş





Xəbər lenti