Xaricdəki azərbaycanlı milyonçular Qarabağa pul yatırır? - MARAQLIDIR...

Xaricdəki azərbaycanlı milyonçular Qarabağa pul yatırır?
İşğaldan azad edilmiş ərazilərimiz aqrar sektorun inkişafının yeni təkanverici qüvvəsi kimi böyük potensiala malikdir.

Qarabağ bölgəsinin malik olduğu təbii üstünlüklər, su ehtiyatları, əlverişli coğrafi mövqe və tarixi ixtisaslaşma təcrübəsi burada həyata keçiriləcək ağıllı kənd konsepsiyası ilə vəhdət şəklində aqrar sektorun inkişafının yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verəcək. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. KOBİA sədri bildirib ki, yerli və xarici sahibkarlar Qarabağda biznes fəaliyyəti həyata keçirmək üçün kifayət qədər maraq göstərirlər:

“Bu günə qədər, 1300-dən artıq müvafiq müraciət KOBİA tərəfindən qeydə alınıb. Daxil olan investisiya təkliflərinin təqribən 20%-i kənd təsərrüfatı və aqrar sektor ilə bağlıdır”.

Siam.az qeyd edir ki, bugünlərdə Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib ki, bizi xaricdə yaşayan milli iş adamlarımızın azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmaye qoymaması da narahat etməlidir:

“Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı? Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi Böyük Qayıdışda da bir millət kimi hərəkət etmək daha önəmlidir. Biz xarici milli burjuaziyanı köçkünlər üçün ev tikməyə çağırmırıq, onların belə hüquqi öhdəliyi yoxdur. Qarabağda qazanmaqdan ötrü Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya gərəkdir”.

Hazırda Qarabağa yerli və xarici sahibkarlar investisiya qoyursa, xaricdəki imkanlı azərbaycanlılar arasında belələri varmı?

Məsələ ilə bağlı Qarabağ Dirçəliş Fonunun mətbuat xidmətinin rəhbəri Babək Cahandarov Cebhe.info-ya bildirib ki, xaricdə yaşayan soydaşlarımız fərdi qaydada az da olsa Fonda ianə edirlər:

“Ancaq iri şirkətlər təəssüf ki, sərmayə yatırmırlar, bərpa və yenidənqurma işlərini öz imkanlarımız hesabına həyata keçiririk. Fondun əsas ianəçiləri də yerli şirkətlərdir. Təəssüf ki, xaricdə yaşayan imkanlı azərbaycanlılar investisiya qoymur. Ancaq fərdi qaydada az miqdarda ianələr olur”.
Tarix: 1-12-2022, 21:27
Xəbəri paylaş





Xəbər lenti