Regionlarda əksəriyyət Əlisa Nicatın “ceyran” sobası ilə qızınır


ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
87 yaşlı tanınmış yazıcı Əlisa Nicatın bu qışla bağlı istilik problemi həll olundu. Buna təşəbbüs göstərən, ona dəstək olan saf niyyətli şəxslərin etdiklərinin Allah əvəzini versin. Belə işlər vacibdir, bu həm də birlik və həmrəylik nümunəsidir.
Lakin burda 2 məqama diqqət etmək istəyirəm. Birincisi, ömrü boyu çalışan, yazan, yaradan ziyalı nədən bu kökə düşməlidir, onu bu duruma salan kimdir? Bilirsinizmi, 260 manat pensiya alan Əlisa Nicatın üzvü olduğu Azərbaycan Yazıçılar İttifaqı bir tədbirə 203 min manat xərcləyir. İkincisi, düşünən varmı ölkədə Əlisa Nicatla eyni taleyi və dərdləri yaşayan 100 minlərlə pensiyaçının problemi necə həll olunacaq? Əmək pensiyalarının orta aylıq məbləği 2021-ci ildə 332 manat olub, 2022-ci ildə 371 manat təşkil edəcəyi gözlənilir. Bu ilki orta məbləği indiki kursla dollara çevirəndə 218 edir, müstəqilliyin bərpasından ötən 30 ilə böləndə hər ilə 7,2 dollar düşür. Bu dövrün ən azı yarısı Azərbaycanın qızıl dövrü sayıla bilər, çünki ötən 15 ildə Azərbaycana yalnız neft və qaz satışından 200 milyard dollardan çox vəsait daxil olub. Budurmu, neft-qaz gəlirlərinin ədalətli bölüşdürülməsi?
Bütün bunlara baxmayaraq, bu ədalətsiz hakimiyyət gələn ildən pensiyaların artımını deyil, yalnız indeksləşdirilməsini nəzərdə tutur ki, bu da 192 dəfə dəyişiklik edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qanunun tələbidir.
Dekabr ayıdır, qış qapını kəsib. Regionlarda əksəriyyət Əlisa Nicatın “ceyran” sobası ilə qızınır. İlin sonu olduğuna görə çoxları qaz pulunu yüksək tariflə 1000 kub metrinə 250 manat ödəyir. Pensiyaçılar bu ödənişdən əlavə işığa, suya, ərzağa, dərmana da ehtiyaclarını qarşılamalıdır. Hələ işsizlərdən danışmıram, bu günlərdə BİZ TV-də pensiya mövzusunda müzakirə açanda minlərlə şərh yazıldı. Məlum olur ki, xanımlar pensiyalarının dalınca qaçır amma çata bilmir, onlar qocalır, pensiya yaşı artır.
Məlum oldu ki, 50 yaşlı işsizlərə iş verilmir ki, qocalmısan, onlar da bundan sonra hələ 15 il gözləməlidir ki, pensiya hüququ yaransın. Bu hüququ da hər kəs ala bilmir, bəzilərinə yaşa görə 180 manat müavinət ödənilir, pensiya hüququnu staja görə əldə edənlərə 240 manat minimum pensiya alır, ən azı 34560 manat pensiya kapitalı yığıb pensiya hüququ qazananların da çox göründüyü kimi 300 manat ətrafında pensiya alır. Bu məbləğlərlə bir ay necə yaşamaq olar. Odur ki, cəmiyyətin diqqətini Əlisa Nicatın nümunəsində ədalətsiz pensiya siyasətinə cəlb etməyə dəvət edir və buna görə də sizi hakimiyyəti qınamağa çağırıram.
Tarix: 3-12-2022, 21:45
Xəbəri paylaş





Xəbər lenti