Ulduzlu hotellərin qiyməti “ulduza çatır”! – “Monopoliya turizmə əngəldir”

Ulduzlu hotellərin qiyməti “ulduza çatır”!
2023-cü ilin astanasındayıq. Həmişə olduğu kimi yeni il ərəfəsində vətəndaşlar bayramı və istirahət günlərini müxtəlif bölgələrimizdə, xüsusən də hotellərdə keçirməyə can atır. Bayram yaxınlaşdıqca, tələbat daha çox olduğu üçün qiymətlər də qalxmaqda davam edir. Siam.az bildirir ki, qiymət artımlarına baxmayaraq, bölgələrdəki 5 ulduzlu hotellərdə demək olar boş otaqlar qalmayıb. Hotellərin rəsmi səhifələrində 2-3 günlük qiymətlər 750-800 manat arasında dəyişsə də, reallıq tamamilə fərqlidir.

"Yeni il sindromu"nun yaşanması ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirir ki, əhalinin 80 faizinin aylıq gəliri istehlak və kommunal xərcləri ödəməyə çatır:

"Son zamanlar vətəndaşlarımız üçün hətta ölkədaxili turizm belə lüksə çevrilib. Belə bir fikir formalaşıb: yalnız elitar təbəqənin istirahətə imkanı və az qala hüququ çatır. Əsas səbəb vətəndaşlarımızın gəlirlərinin az olmasıdır. Eləcə də, bölgələrdəki xidmətlərin qiymət səviyyəsi, hotel infrastrukturlarının əlçatımsızlığı rəqabət mühitinin olmamasından irəli gəlir. İqtisadiyyatda olan monopoliya, məmur sahibkarlığı ilə bağlıdır. 5 ulduzlu hotellər kütləvi turizm üçün əlçatan deyil. Kütləvi turizmi inkişaf etdirən ölkələrdə heç vaxt 5 ulduzlu və bahalı hotellərin tikilməsi stimullaşdırılmır. Azərbaycanda isə məmur sahibkarlığına məxsus hotellər mövcuddur".

İqtisadçının qənaətincə, bəzən hotellər müştərini cəlb etmək üçün boş otağın qalmadığını deyirlər:

"Həmçinin tələb-təklifi qarşılamaya bilər. İldə bir dəfə vətəndaşların bölgələrə istirahətə getməsində problem yoxdur. Borc alıb istirahətə gedənlər də olur.

Ümumiyyətlə, daxili turizmi inkişaf etdirməmiş xaricdən turist gözləmək əbəsdir. Quru sərhədlər də açıq deyil, vətəndaşlarımız problemlə üzləşirlər. Çünki Azərbaycana gələnlərin əksəriyyəti Rusiya, İran, Gürcüstanda yaşayan soydaşlarımızdır.

Onlar mütəmadi şəkildə bayramlarda ölkəmizə baş çəkirlər. Monopoliya turizm sektoruna əngəl törədir, inkişaf yoxdur. Ona görə də, qiymətlər optimallaşmır".
Tarix: 8-12-2022, 21:28
Xəbəri paylaş





Xəbər lenti