Əkrəm Həsənov: “İstənilən məmuru araşdırsaq, görəcəyik ki, xaricdə 100 milyonlarla ölçülən varidata sahibdir”


Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilib. 6 dekabr 2022-ci ildə qüvvəyə minən qanunla məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edilib. Azərbaycan Respublikası Prezidentinin həmin tarixli Fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edilib.
Hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb.
Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarmışlar.
Təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları vardır. Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcəkdir.
“Terror cinayətlərinə dəstək daha çox bank köçürmələri zamanı olur” – bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında komitə sədri Ziyafət Əsgərov deyib.”Bu gün dünyada terrorçuluğa qarşı mübarizə güclüdür, amma təəssüf ki, bu hallar çoxalır. Biz bu qanunla terrorçuluğa dəstək olan bank əməliyyatlarının qarşısını almağa çalışırıq”, – komitə sədri bildirib.
Deputat Aydın Mirzəzadə isə vurğulayıb ki, Azərbaycanda Ermənistan tərəfindən terror təhlükəsi var: “Buna əsas səbəb Azərbaycan ərazisində çoxlu sayda minaların basdırılmasıdır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə silahlı birləşmələr hələ də qalır. Bu, o deməkdir ki, kimsə onları maliyyələşdirir. Digər tərəfdən İranla da problemlərimiz var. Ümumiyyətlə, ölkəmiz üçün terror təhlükəsi var və buna qarşı işlər görməliyik”.

Əkrəm Həsənov
İqtisadçı-ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, qanuna edilən dəyişiklik və Dövlət Təhlükəsizliyi Xidmətinə bu istiqamətdə yeni səlahiyyətlərin verilməsi ölkədən çıxarılan və ölkəyə daxil olan qanunsuz pullarla bağlı durumu dəyişəcək: “Əksər ölkələrdə bu işlə Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti məşğul olur. Ötən müddət göstərdi ki, bu qurumlar onlara tapşırılan vəzifənin öhdəsindən gəlmirlər. 15 ilə yaxındır ki, Azərbaycanda Maliyyə Monitorinqi Xidməti var. Faktiki olaraq isə bu Xidmətin fəaliyyəti yoxdur. Xidmət rəsmiləri Azərbaycan büdcəsi hesabına gedib xarici dövlətləri gəzib, konfranslarda, tədbirlərdə iştirak edib geri qayıdırlar. Onlar xarici ölkələri gəzib dolaşdığı vaxtda ölkədən xaricə külli miqdarda, büdcədən oğurlanan vəsaitlər çıxarılıb. Bu günə qədər Xidmətin ”obnaliçka”nın qarşısının alınması, xaricə pul qaçırmanın önlənməsi ilə bağlı hər hansı bir məlumatı olmayıb. Bunun səbəbi odur ki, bu Xidmətin həmin işləri görən şəxslərə – vəzifəlilərə gücləri çatmır. Gücləri çatanları isə xırda-xuruş məbləğlər olur. Onu da danışıb “yola verirlər”, özləri də dolanırlar. Bu sahədə durum Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” əsərində olduğu kimidir – Maliyyə Monitorinqi Xidməti Kərbəlayi Zalın günündədir. İndiyə qədər bir dənə də olsun “bomba” tapmayıb. Qorodovoy Kərbəlayi Zala deyir ki, sən ya qocalıb zay olubsan, ya da rüşvət alırsan. Azərbaycan korrupsiya səviyyəsinə görə dünyada ilk yerlərdədir. Necə ola bilər ki, Azərbaycanda “obnaliçka” olmasın? Ölkəyə qara pullar gəlmir? Ölkədən qara pullar çıxarılmır? Bəs haradandır məmurların, onların övladlarının xaricdəki villaları, bir-birindən bahalı maşınları, biznesləri?
Xaricdə böyük varidatı olan istənilən bir məmuru  araşdırsaq, görəcəyik ki, babası ən uzağı yaşadığı kənddən 5-10 kilometr o yan-bu yana gedib. Bəs necə oldu ki, onun nəvəsi müstəqil Azərbaycanda uzağı 1000 manat maaş alıb Fransada, İtaliyada, İsveçdə, İsveçrədə, Böyük Britaniyada dəyəri 10, 100 milyonlarla ölçülən varidata sahib oldu?  Bu pulların mənbəyi əlbəttə ki, Azərbaycan büdcəsi, Azərbaycan xalqının cibidir. Bu gün azərbaycanlıların böyük əksəriyyətinin ağzında dişi, cibində pulu yoxdur. Azərbaycan məmurları isə xaricdə kef-damaq içində, eyş-işrət içində xalqın cibindən oğurladığı pulları xarici ölkələrin iqtisadiyyatına yatırıb kef edirlər. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin prosesə qatılması məntiqlidir. Çünki Azərbaycandakı məmur tayfası Dövlət Təhlükəsizliyi Xidmətindən çəkinir, qorxur. Faktiki olaraq korrupsiya ilə mübarizəni də Dövlət Təhlükəsizliyi Xidməti aparır. Digər qurumlar daha çox kollektor fəaliyyəti ilə məşğuldurlar – borcları alıb sahiblərinə qaytarırlar.

Tarix: 11-12-2022, 09:49
Xəbəri paylaş





Xəbər lenti