Aksiyanın 13-cü günü - “Dövlət baba”nın qərar vermək zamanı


 
Ermənilər anti-Azərbaycan təbliğatında fiaskoya uğradıqlarını etiraf etməyə başladılar; Bakı danışıqlara əli daha da güclənmiş şəkildə gedir...
Azərbaycanlı ictimai fəalların “Eko-terrora son!” şüarı ilə Laçın-Xankəndi yolunda etiraz aksiyası 13-cü günə keçdi. Ermənilərin əks-təbliğat kampaniyasına baxmayaraq, dinc aksiya uğurla davam edir. Eyni zamanda, uzandıqca düşmən tərəfin böyük yalanlarını da faş  edir.
Məsələn, separatçılar iddia edirdilər ki, guya Rusiya hərbi kontingentinin nəzarətindəki anklavda 120 min (!) erməni humanitar fəlakətlə üzləşib. Elə isə nədən ötən 13 gündə onların heç olmasa, 5-cə mini Xankəndindəki meydanda toplaşmadı, oktyabrın 30-dakı kimi “50 minlik” bir mitinq reallaşmadı?
Ona görə ki, orada 120 min yox, uşaqlı-qocalı 15-20 min erməni qalıb. Laçın yolu isə nəzarətə götürüldüyündən Ermənistandan Xankəndinə “etirazçı” daşımaq mümkün deyil. Belə hoqqalar daha keçmir. Oliqarx-dələduz Ruben Vardanyanın çirkli pulları da işə yaramır.
Ermənistan baş naziri Nikol Paşinyan isə yaranmış vəziyyətə görə bu gün utanmazcasına Rusiyanı ittiham edib. Sülhməramlı kontingentin öz missiyasını yerinə yetirmədiyini söyləyib. Moskvadan cavab gecikməyib. Amma Rusiyanın günahı öz yerində, əsas suç əlbəttə ki, Laçın yolunu qeyri-humanitar məqsədlə, qanunsuz istifadə edən Ermənistanın, separatçı ünsürlərin üzərindədir. Pasinyan yaxşı olardı ki, öncə bu barədə düşünsün.
“Heç bir ölkənin sərhədləri, onun keçid yolları bazar yolu ola bilməz. Ermənilərin bu yolla separatçı niyyətlərini həyata keçirə bilməyəcəklərini Azərbaycan ortaya qoyub və sərvətlərimizin talanına imkan verilməyəcək. Bu, dünyaya önəmli mesaj oldu. İndi aksiyanın davamı olaraq nələri həyata keçirəcəyimizi düşünməliyik. Ermənilər özlərini parçalayırlar ki, Azərbaycanın məqsədi Qarabağda yaşayan əhalini bu yolla yerlərindən çıxarmaqdır. Bəli, onlar bizə tabe olmayacaqlarsa, ölkəmizi tərk etməlidirlər! Harada görünüb ki, düşmənçilik edən bir toplum rahat nəfəs alsın və istədiyi zaman təxribatlarla sənə təhlükə törətsin?”

Bunu politoloq Qafar Çaxmaqlı Musavat.com-a bildirib.
Politoloqa görə, şəraitə görə, öncə Laçın yolunda bizim postların qoyulmasına nail olunmalıdır. “Bunun olması üçün əlimizdə yetərli əsas var. Bu yolla Qarabağa heç də humanitar yüklərin daşınmadığı gerçəyi ortadadır. Azərbaycanın qızılının, misinin, molibdeninin qanunsuz istismarı faktları da bizim haqlı olduğumuzu ortaya qoyur. Davam edən aksiyalarımızı dövlət orqanlarının qərarlı addımları əvəz etməlidir”, - deyə o əlavə edib.
Bu arada Rusiya yenə bəyan edib ki, məsələ ilə bağlı tərəflər arasında müzakirələr davam edir. Srağagün Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məsələ ilə bağlı telefon danışığı olub. Rəsmi Bakı bir daha öz prinsipial mövqeyini Moskvanın diqqətinə çatdırıb.   
Ermənilər isə qaldırdıqları hay-küyə rəğmən, ümidlərini itirmiş kimi görünürlər. Onlarda artıq əminlik hasil olmaqdadır ki, Azərbaycanın tələbi reallaşmayınca yoldan rahat gediş-gəliş mümkün olmayacaq. Bunun təzahürlərindən biri də iki gün öncə aksiyaçıların hətta sülhməramlı qüvvələrə məxsus şübhəli yüklərin yoldan keçidini əngəlləməsidir. Yəni aksiya faktiki həm də Azərbaycanın nəzarət-yoxlanış postu funksiyasını yerinə yetirməkdədir.

Ermənilərin ən çox ümid bəslədiyi BMT TŞ də onları bərk məyus edib. Ümumi ovqatı ifadə edən politoloq Sergey Melkonyan isə TŞ-dəki məlum müzakirələri İrəvanın diplomatik fiaskosu adlandırıb. Onun sözlərinə görə, verilən bəyanatların heç bir mənası yoxdur, çünki hüquqi qüvvəsi yoxdur. “Vəziyyətə yalnız qəbul edilmiş qətnamə təsir edə bilərdi, o da yoxdur”, - deyə erməni ekspert qeyd edib və İrəvanın diplomatik iflasının 4 səbəbi olduğunu bildirib:
“1. Dəhlizin açılması zəruriliyi ilə bağlı ünvanlı ittihamın olmaması. Bir sıra dövlətlər Azərbaycanı dəhlizi bağlamaqda ittiham etməkdən çəkindi. Yəni ya Bakıda günah görmürlər, ya da faktı qeydə almaq istəmirlər.
Tərəfləri vəziyyətin gərginliyini azaltmağa çağıranlar. Belə bəyanatlar da olub. Bundan başqa, BMT-nin saytında müzakirələrin yekunu ilə bağlı hər iki tərəfə müraciətlə “neytral” mövqedən qaynaqlanan material dərc olunub. Belə mövqe nəinki cinayətkarın cəzadan xilas olmasına imkan verir, həm də günahı qurbanın üzərinə yükləyir. Bunu erməni diplomatiyasının uğuru saymaq olmaz.
Qətiyyətliliyin olmaması. Verilən bəyanatların heç bir mənası yoxdur, çünki onların heç bir hüquqi qüvvəsi yoxdur. Vəziyyətə yalnız qəbul edilmiş qətnamə təsir edə bilər. Baş verənlər isə adi vəziyyətin müzakirəsi idi, sanki humanitar fəlakət yox idi.
Türkiyənin qınanmaması. Bakının “soyqırımı” aktlarına dəstək verən, Azərbaycan siyasətinin əsas kuratoru kimi Ankara heç bir şəkildə beynəlxalq ictimaiyyət tərəfindən qınanmayıb. Bu da faktiki şəkildə hakimiyyətin heç bir şəkildə bu məsələni gündəmə gətirməməsi və Türkiyəni pisləməməsi ilə bağlıdır".
13 gündür davam edən aksiyanın nəticələrinin olduğunu artıq bəzi erməni siyasi fəallar da dilə gətirməyə başlayıb. Məsələn, Ermənistanın siyasi fəallarından olan Avetis Babacanyan “Hraparak” qəzetində yazıb ki, Laçın dəhlizində 12 gündür davam edən aksiyanın nəticələrini ümumiləşdirsək, birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycan ilk məqsədinə nail olub. Artıq dəhliz yoxdur, adi yol var.
Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizinə nəzarəti də bərpa edib: “Düzdür, bir müddət sonra yolu açacaqlar. Lakin Azərbaycanın güc strukturlarının nümayəndələri yola nəzarətdən əl çəkməyəcəklər”.
Babacanyan yazıb ki, Azərbaycan uzun müddətdir Laçın dəhlizinə nəzarəti bərqərar etməyə çalışır, lakin Ermənistanın müqaviməti sayəsində bu baş tutmurdu: “Qarabağdakı ermənilər bildirirdi ki, əgər azərbaycanlılar yola nəzarət etsələr, bu, Qarabağda yaşayanlara pis təsir edəcək. Ardından isə Qarabağdak kütləvi köç başlayacaq”.
Erməni siyasətçi onu da qeyd edir ki, Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları da başa düşürdülər ki, əgər onlar yola nəzarəti Azərbaycanla bölüşsələr, onların rolu xeyli azalacaq və mövcudluqları mənasız olacaq: “Təsəvvür edin ki, rus əsgəri kiməsə o yolu keçməyə icazə verir, Azərbaycan isə bundan imtina edir. İndi ruslar yola nəzarəti tamamilə itiriblər. Onlara təsəlli verə biləcək yeganə şey odur ki, azərbaycanlılar hələ də rusların öz qoşunlarını lazımi ərzaq və yanacaqla təmin etməsinə mane olmurlar. Ya Rusiya Qarabağa görə Azərbaycan-Türkiyə ilə münaqişəyə girmək istəmir, ya da başqa razılaşmalar var”.
Babacanyan bildirir ki, yaxın günlərdə yol açıldıqdan sonra isə Qarabağ erməniləri seçim qarşısında qalmalı olacaqlar. Onun sözlərinə görə, yeni təklif bu olacaq ki, rus sülhməramlılarının nəzarəti altında Ermənistana gedib-gələ bilərlər: “Bu isə o deməkdir ki, ermənilər hərəkət edərkən maşınlarını saxlamalı, yük yerini açmalı, pasport təqdim etməlidirlər. Nəticədə onlar da azərbaycanlıların nəzarəti altında maşın sürməyə razılaşacaqlar və razılaşmayanların isə seçimi olacaq: Qarabağı birdəfəlik tərk etmək və bir daha o yolla hərəkət etməmək”.
Erməni müəllif hesab edir ki, Azərbaycan yolu bağlamaqla ekoloji problemi də həll etmiş olub. “Qarabağda yerləşən mədənlər çətin ki, bundan sonra istismar olunsun. Çünki çıxarılan konsentratın Ermənistana daşınması ehtimalı azdır. Qarabağ boşaldıqdan sonra isə azərbaycanlılar mədənlərə tam nəzarət edəcəklər”.
Babacanyan bir məsələ barəsində danışıb. O deyib ki, Ermənistan hökuməti heç bir şəkildə vəziyyətə müdaxilə etmir. Onun rəyinə görə, İrəvan bununla Qarabağın Azərbaycanın daxili məsələsi olması mövqeyindən çıxış edir və eyni zamanda, bunu humanitar məsələ hesab edir: “Azərbaycanın Laçın dəhlizinə, insanların və malların daşınmasına nəzarət etməsi Paşinyan üçün sərfəlidir. O, ümid edir ki, bundan sonra Azərbaycanın Ermənistandan Naxçıvana qoşulmaq üçün dəhliz tələb etməyə daha legitim haqqı olmayacaq. İndiyədək Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçən dəhlizin Laçın dəhlizi ilə eyni hüquqi statusa malik olacağını tələb edirdi. Bununla da Paşinyanın ”Qarabağı verdik, amma 29 min kvadrat km ərazimizi qoruduq" tezisi də yalan çıxacaq".
Bəs yeni ildən sonra da aksiya davam edəcəkmi?

Politoloq Anar Əliyev bildirdi ki, ekofəallarımız Qarabağda erməni icması ilə bağlı separatçıların, Ermənistanın, ABŞ, Rusiya, İran, Fransa kimi dövlətlərin formalaşdırmağa calışdıqları “sizə Azərbaycan da daxil heç kim heç nə edə bilməz, sizin təhlükəsizliyinizi və gələcəyinizi biz təmin edəcəyik” mifini dağıtdılar. Buna görə həmin dövlətlər beynəlxalq səviyyədə bu qədər haray-həşir salıblar: “Bu aksiyanın doğurduğu ciddi nəticələr var. Həmçinin sübut olundu ki, hətta bir neçə yüz mülki gəncimizin aksiyasına qarşı çıxa biləcək, bu iradəni sındıra biləcək güc yoxdur. Bu, Qarabağdakı erməni azlığı üçün həm də bir ayıldıcı prosesə çevrilmiş oldu. Azərbaycan əlavə əsaslar formalaşdıraraq əli daha da güclənmiş şəkildə sülh danışıqlarına gedir. Ona görə də hesab edirəm ki, qarşıdakı günlərdə də mümkün imkanlardan istifadə etməklə hər biri sərvətimizə, dəyərimizə çevrilən o gənclərin sağlamlığını, təhlükəsizliyini təmin etməklə bu aksiya davam etdiriləcək.
Bu aksiyanın doğurduğu nəticələri haqqında tamamilə yalan məlumatlar BMT TŞ-yə göndərildi və bu yalanların əsasında da müzakirə aparıldı. Fransa və müəyyən mənada ABŞ-ın mövqeyini çıxmaq şərtilə demək olar ki, heç bir müzakirədə iştirak edən dövlətlərin nümayəndələri tərəfindən Ermənistanın arzuladığı, Fransanın ciddi cəhdlə nail olmaq istədiyi sərt mövqe və reallığa əks olan yanaşma ortalığa qoyulmadı. Ona görə də artıq bir sıra ermənilər də etiraf edirlər ki, əslində Ermənistan BMT TŞ-də uğura qazana bilməyib".
A.Əliyev Azərbaycanın haqlı mövqedən çıxış etməsinə diqqət yönəltdi: “Azərbaycanın tələbləri haqlıdır. Bölgədə vəziyyəti dəyişməyə çalışan, gərgin atmosferin formalaşmasını istəyən güclər bu şansdan da yararlana bilmədilər. Yekun olaraq faktiki heç bir sənədin qəbul edilməməsi, yalnız bəyanat-söz səviyyəsində fikirlərin bildirilməsi onu göstərir ki, Ermənistan və onun əsas dəstəkçisi Fransa istəyinə nail ola bilmədi. Bu onu göstərir ki, Azərbaycanın haqlı mövqeyi dünyanın ən yüksək platformalarında belə qəbul edilməkdədir. Azərbaycanın iradəsi ilə hesablaşmaq məcburiyyətində olduqlarını ifadə edirlər”.
Tarix: 24-12-2022, 10:31
Xəbəri paylaş





Xəbər lenti