“Məmur 100 min çırpışdırır, qulluqçusu, mühafizəçisi, bağbanı, sürücüsü və məşuqəsi bu pulla dolanırlar”


Azərbaycanda “kölgə iqtisadiyyatı” və korrupsiya gəlir dağıtımında özünəməxsus rol oynayır, yəni, idarəetmə modelimiz ədalətli və şəffaf olmadığına, iqtisadiyyatımız isə primitiv olduğuna görə gəlirlərin bölüşdürülməsi daha çox büdcə korrupsiyası üzərinə inşa edilib.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, ölkənin inkişafı büdcə xərcləmələrinə söykənib: “Büdcə də neft-qaza söykənib. İndiki primitiv idarəetmə və iqtisadi modeldə korrupsiya pulları sosial problemlərin həllində də qanuni yolları əvəzləyib. Məsələn, bir məmur düşünün ki, aya büdcədən, tutalım, 100 min manat çırpışdırır. Həmin məmur bu pulla “kölgə iqtisadiyyatında” azı 8-10 iş yeri də yaradır: Evində 2 qulluqçu, bağında mühafizəçi və bağban, uşaqlarına 2-3 repititor, bir sürücü və bir də məşuqəsi – hamısı o büdcə pulu ilə dolanırlar. Hələ bunun başqa, leqal iqtisadiyyat oyunçularında da dolandırdıqları da var: Həyat yoldaşı ayda 2-3 dəfə gözəllik salonuna, özü ayda 5-6 dəfə restorana gedir, onlar qazanıb bir hissəsini vergi verirlər, ildə 4-5 dəfə Azərbaycanın bahalı otellərinə gedirlər, pul xərcləyirlər, onlar da vergi şəklində o pulun bir hissəsini büdcəyə ödəyirlər, ildə 2-3 dəfə xaricə səfər edib bilet alırlar, AZAL qazanır, qazancından az da olsa, vergi verir, bax o oğurlanmış 100 min manat görün nə qədər iqtisadi aktivlik yaradır. Bir daha: İndiki primitiv və qeyri-şəffaf modelin özü buna təşviq edir. Hələ siz rəisləri, hakimləri, prokurorları da sayın. Onlar da sırf rüşvətdən yığdıqları ilə iqtisadiyyatda iş yeri yaradıb dövriyyəni təmin edirlər. Yerdə qalır maaş və təqaüdlər, onlar da büdcədən ödənilib vətəndaşlar vasitəsi ilə marketlərə, apteklərə gedir, o iqtisadi subyektlər də vergi ödəyib bir hissəsini büdcəyə qaytarırlar. Bax belə bəsit, qırılqan, korrupsiya və rüşvətdən, büdcə xərcləmələrindən asılı iqtisadi model qurub “Brent” markalı neftə ümid edib yaşayırıq, gəlir dağıtımı da elə bu primitiv modelə uyğun baş verir...”
Tarix: 26-12-2022, 08:12
Xəbəri paylaş





Xəbər lenti