Hacıbala Abutalıbova bənzəyən Fuad Nəcəfli


“Azərbaycanda bir kişi var. O da İlham Əliyevdir”, deyən Hacıbala Abutalıbov yadınızdan çıxmayıb ki?
Heydər Əliyev onu 1995-ci ildə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı təyin etdi. 2000-ci ilə qədər o, Suraxanıda işlədi. Özü də necə? Suraxanı camaatı nə vaxt istəyirdi icra başçısının kabinetinə daxil olurdu. Hacıbala müəllim hamı ilə ünsiyyətdə idi. O vaxt üçün (elə indi üçün də) bu, ağlasığmaz hadisə idi. Necə ola bilər ki, icra başçısının qapısı hamının üzünə açıq olsun? Düşünün ki, 1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalamışdı. Ancaq bu təcrübə yayılıb eləmədi...
Hacıbala müəllimin şöhrəti hər yana yayıldı. 2000-ci ildə Heydər Əliyev Hacıbala müəllimi Bakı Şəhər İcra hakimiyyətinin başçısı təyin etdi. O, düz 2018-ci ilə qədər bu vəzifədə qaldı. Yadıma gəlir, Hacıbala müəllim ilk gündən Bakının küçələrinə düşdü. Mühafizəçi olmadan, tək-tənha xalqın içinə çıxdı. Onlarla söhbət etdi. Hamı, hətta radikal müxalifət də hesab edirdi ki, tezliklə Bakıda ciddi dəyişikliklər olacaq...
Bir də xəbər yayıldı ki, Hacıbala müəllim Bakının müxtəlif kəndlərində xalqla görüş keçirir. Məktəblərə daxil olur. Şagirdlərə fizikadan dərs deyir. Azərbaycan xalqı heç bir məmurdan heç vaxt belə davranış görməmişdi...
Hacıbala müəllim işə Bakını yaman günə qoymuş zibilliklərdən başladı. Qısa zaman ərzində paytaxtda təmizlik baxımından ciddi uğurlar əldə olundu...
Və bir müddət sonra Hacıbala Abutalıbovun rüşvət alması ilə bağlı xəbərlər dolaşmağa başladı. Öncə bu xəbərlərə inanan olmadı. Sonra aydın oldu ki, adam korrupsiyanın xaç atası imiş. Pul almadan Bakıda bir adama 5 metr torpaq sahəsi vermədi...
2018-ci ildə o, Baş nazirinin müavini təyin edildi. İlham Əliyev 2014-cü ildə artıq korrupsiya kralına "Şərəf" ordeni vermişdi. 2019-cu ildə isə o, təqaüdə göndərildi. Hacıbala müəllim də bu xalqın 20-25 milyardının dalına keçdi. İndi də xırda-xırda yeyir və Heydər Əliyev haqqında əfsanələr danışır...
İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli qələmi sındırılmış Vasif Talıbovun yerinə Naxçıvan Muxtar Respublikasına rəhbər təyin olunub. “Paşa Holdiq” məktəbindən çıxan bu gənc məmur ilk gündən Naxçıvanda sadə insanlarla görüşür. Onlarla şelfi çəkdirir. Hacıbala müəllimlə bağlı xalqımızın həyata keçməyən romatik ümidləri yada düşür...
İstənilən halda Vasif Talıbovun Fuad Nəcəfli ilə əvəz olunması müsbət hadisədir. Fuad Nəcəflinin necə məmur olması haqqında isə 100 gün sonra müəyyən mülahizələr səsləndirmək olar. Vasif Talıbov Naxçıvanda elə bir əndrabadi sistem yaradıb ki, o sistemi demontaj etmək üçün xeyli vaxt və əzmkarlıq lazımdır.
Fuad Nəcəfliyə uğurlar arzulayıram. Əminəm ki, 4-5 ay sonra onun fəaliyyəti haqqında daha konkret danışmaq olar.
Elbəyi Həsənli
Tarix: 29-12-2022, 10:05
Xəbəri paylaş





Xəbər lenti