İnflyasiya ili


Fərid Mehrəlizadə
2022-ci ildə Azərbaycanda iqtisadçıların ən çox istifadə etdiyi söz “inflyasiya” oldu. Mən ayda azı 2-3 dəfə bu mövzuda harasa danışdım.Nəzərə almaq lazımdır ki, hazırda ölkədə qeydə alınan inflyasiya 2008-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir. Ümumiyyətlə, 21-ci əsrdə Azərbaycanda sadəcə 2007-2008-ci illərdə inflyasiya göstəricisi bu ildən yüksək olub. Təsəvvür edin ki, milli valyutanın iki dəfə dəyər itirdiyi devalivasiya dövründə belə ölkədə bu qədər yüksək inflyasiya qeydə alınmamışdı.
Sırf qida inflyasiyayası 22 faizə bərabərdir. Azərbaycanda əhalinin xərclərinin təxminən 60 faizini qida məhsulları tutur və aşağı gəlirli əhali qrupu arasında bu göstərici daha yüksəkdir. Bu səbəbdən, düşünürəm ki, qarşıdakı illərdə də, 2022-ci il qiymətlərin belə kəskin artması ilə xatırlanacaq.
Digər mühüm dəyişiklik isə, enerji gəlirlərinin strukturu ilə bağlıdır. Ənənəvi olaraq Azərbaycanın enerji gəlirlərinin mütləq əksəriyyəti neft, daha az hissəsi isə təbii qaz hesabına formalaşırdı. Lakin, bu il Azərbaycanın ixracdan əldə edilən gəlirlərinin strukturunda təbii qaz gəlirlərinin ciddi artım göstərməsinə şahid olduq. Gömrük Komitəsinin göstəricilərinə görə, bu ilin ilk 11 ayı ərzində Azərbaycanın ixrac gəlirlərinin 50 faizi xam neft, 41 faizi isə təbii qaz hesabına formalaşıb. Müqayisə üçün qeyd edim ki, ötən il neft satışının ixracda payı 62 faiz, təbii qazın payı isə 23 faiz idi. Bu baxımdan, Azərbaycanın ixrac etdiyi təbii qazın həcminin artması, eyni zamanda bu enerji daşıyıcısının qiymətinin yüksəlməsi ölkənin ixrac gəlirlərində təbii qazın payını kəskin artırıb. Necə deyərlər, Azərbaycanda qeyri-neft sektoru qaz sektorudur.
Bu il ərzində yadda qalan daha bir məqam ölkəyə göndərilən pul köçürmələrinin həcminin ciddi artması ilə bağlıdır. Əgər 2021-ci ilin ilk 9 ayında Azərbaycana xaricdən toplam 772 milyon dollar pul göndərilmişdisə, bu il həmin rəqəm 2 milyard 779 milyon dollara yüksəlib. Ölkəyə köçürülən pulların həcminin bu qədər çox artması Rusiyadan Azərbaycana göndərilən pul vəsaitlərinin təxminən 5.5 dəfə artması ilə bağlıdır.
İl ərzində diqqət çəkən daha bir məqam hələ də ölkənin quru sərhədlərinin bağlı qalması oldu. Bir neçə ay sonra artıq üç il tamam olacaq ki, Azərbaycanın quru sərhədləri bağlıdır və bu amil təbii ki, bir çox insan üçün əlavə çətinliklər yaratmağa davam edir.
Tarix: 1-01-2023, 14:03
Xəbəri paylaş





Xəbər lenti