"O deputatlar parlamentə seçilməyiblər, ona görə ağızlarına gələni danışırlar" — Mehman Əliyev vitse-spikeri QINADI


"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin bir neçə gün öncə parlamentdə çıxışı zamanı məmurları tənqid edən jurnalistlərin susdurulması ilə bağlı çağırışına münasibət bildirib. 

Mehman Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda hər bir sahədə qayda, qanun və qanunvericilik var. 

Onun sözlərinə görə, jurnalistlər peşə əxlaqi kodeksinə və Azərbaycan Konstitusiyasının tələblərinə uyğun hərəkət edir:

"Əgər deputatlar jurnalistlərin fəaliyyətindən narazılıq edirsə, o zaman qanunları, konstitusiyanı, qaydaları dəyişsinlər. 

Ümumiyyətlə, bununla bağlı jurnalistlərimiz heç bir qaydaları pozmurlar. Əgər hər hansı böhtan-şər, qanun pozuntusu yoxdursa, jurnalistlərin fəaliyyətinə görə günahlandırmaq doğru olmaz. Əsaslı tənqid etməkdə nə var ki? Yəni, hərşey qanun çərçivəsində olmalıdır. Əgər qanundan kənar nəsə varsa, o zaman nəsə danışmaq olar".

Mehman Əliyev vitse-spiker Fəzail İbrahimli və jurnalistlərin tənqidinə dözümsüzlük nümayiş etdirən digər deputatları da qınayıb:  

"Həmin deputatların əksəriyyəti məsuliyyətsizdir, çünki onlar parlamentə seçilməyiblər, təyin olunublar. Ona görə də ağızlarına gələni danışırlar. Mən Erkin Qədirli və digər bir neçə deputatlarımızın fikirləri ilə razıyam ki, bəli, Milli Məclisin bir çox üzvü parlamentə heç vaxt seçilməyib. Amma bununla yanaşı, Milli Məclisdə elə deputatlar da var ki, onlar xalq tərəfindən sevilir və hörmət bəslənilir".
Tarix: 5-05-2023, 13:00
Xəbəri paylaş





Xəbər lenti