"Kupça"lı medianın qara dövrü - Medianın İnkişafı Agentliyi nəyi dəyişə bildi ?



Azərbaycan media azadlığı indeksi açıqlanan beynəlxalq hesabatlarda hər il  axırdan birincilər cərgəsində yer alır. Hakimiyyət isə buna görə Avropa təsisatlarını qərəzlilikdə ittiham edir. İqtidar Qərb təşkilatlarını inandırmağa çağırır ki, Azərbaycanda fikir və ifadə azadlığı, mətbuat azadlığı, plüralizm fontan vurur, hətta bizdən örnək götürmək olar. Bəzi hallarda beynəlxalq təşkilatları qeyri-obyektivliyinə görə qınamaq olar: misal üçün ən azı Tacikistan, Eriteriya, yaxud digər inkişafdan tam qalmış ölkələrlə adımızın qoşa çəkilməsi insafsızlıqdır. Çünki onlarda total senzura, qadağalar mövcuddur. Bizdə isə psevdoazadlıqlar var. Məsələn, sosial platformalar nisbətən geniş tənqid meydanı var. Lakin bununla fəxr etməliyikmi? Əsla! Bunu inkişafda olmaq kimi dəyərləndirməliyikmi? Qətiyyən! O zaman ilbəil media azadlığının buxovlandığı qənaətinə gəlmək lazımdır. Söhbət sosial media platformalarda qeyri-peşəkarlıqdan, yarı dezinformasiya, yarı dedi-qodu, yarı sərt tənqiddən, statuslar yazmaqdan getmir, professional, fəaliyyətdə olan KİV-lərdən bəhs edirik. İstər klassik çap mətbuatı, istərsə get-gedə artan, amma keyfiyyəti artmayan onlayn media olsun, heç birində yarımçıq azadlıqlar belə mövcud deyil. O halda Medianın İnkişafı Agentliyinin ötən dövr ərzində gördüyü işlər nədən ibarət olub? Peşəkarlığın artması üçün MEDİA hansı effektiv addımlar atıb? Bir-birini təkrarlayan elektron medianın inkişafına bu agentliyin hansı töhfəsi olub? Nə vaxtdan günə 20 özəl xəbər yazmaq tələbi, yaxud öhdəliyi mətbuatın inkişafına səbəb olur? Ümumiyyətlə, dünyanən hansı ölkəsində mətbuatla bağlı təşkilat saytlar qarşısında məsuliyyət qoyur? Axı media yaradıcı sahədir, azadlıq sevir, sən onun işinə necə inzibati şəkildə müdaxilə edə, qarşısında şərt qoya bilərsən? Bu nazirlik deyil,  güc strukturu sayılmır ki, illik və ya aylıq görülən işlərin hesabatı istənilsin.  Media 4-cü hakimiyyətdir, hamıya nəzarət edən ictimai fəaliyyətdir, elə MEDİA-nın öz işinə belə təftiş edəcək bir sahədir. Amma görünür ki, agentlik özü jurnalistlərin, redaksiyaların işinə qarışır. Dünyada analoqsuz tələbdir ki, hər redaksiya günə 20 özəl xəbər versin. Hətta hər hansı KİV günə lap 30 özəl material yaya bilər, amma bu onun müstəqil fəaliyyətidir, kiminsə qarşısında öhdəliyi yoxdur. Yəni o dərəcə gülüncdür ki, beynəlxalq hesabatlarda adımızın niyə aşağı sıralarda olması tam anlaşılır. Təsəvvür edin ki, ABŞ-da hansısa media komitəsi, yaxud agentliyi var, onlar "Vaşinqton post", "Politiko" və s. KİV-lərə tələb qoyublar - günə 20 xəbər yazmalısınız. Həmin nəşrin baş yazarı da cavab verər ki, sizə nə aidiyyatı var, siz kim olursunuz ki, redaksiyanın yaradıcı işinə qarışırsınız. Bax, bu mənada Anaxeber.info aylardır müşahidə edir ki, Medianın İnkişafı Agentliyi inkişafı tormozlayan qaydalarla redaksiyaların işini iflic edib, yaradıcılıq əmsalı və keyfiyyəti aşağı düşüb. Çünki jurnalistin hər hansı mövzunun təhqiqatını aparması üçün zaman lazımdır. Bu şərtlər altında isə jurnalistin tədqiqat aparmağa vaxtı yoxdur. MEDİA rəhbərliyi tələb qoyub ki, günə 20 xəbər ordan-burdan tap, yəni nəfəs almağa belə imkan olmur. Bununla belə əksər redaksiyalar buna riayət edirlər. Yetər ki, maliyyə alsınlar, reyestrdən keçsinlər. İnsafən, bu məsələdə Agentlik heç bir ayrı-seçkilik etmir. Sadəcə, jurnalistikanın inkişafına, peşəkarlığın və yaradıcı işin keyfiyyətinin artmasına səbəb olmur. Maliyyə alan KİV-lər bu səbəbdən öz potensialını ortaya qoya bilmirlər. Onların fərqlənməsi, reportajlar, müsahibələr, fərqli materiallar yayması üçün imkanları məhdudlaşıb. Halbuki çox iş görə bilərlər. Nəticədə maliyyə dəstəyi alan internet mediası sadəcə tələblərə riayət etməklə kifayətlənə bilir. Bu da mətbuatın azadlığını boğur, peşəkarlığa mane olur. Eyni zamanda, MEDİA özünü təsdiqləyə bilmir: yeni layihələr, fərqli yanaşmalar gətirilməliydi, amma belə məhdudlaşdırıcı qərarlar deyil. Media haqqında yeni qanun da bu mənada əlverişli deyil. Hər kəs yenilik, fürsət pəncərələri açan dəyişikliklər gözlədiyi halda, Media Agentliyi geriyə aparan qərarlarla yadda qaldı. Bəs nə etmək olardı?

Birincisi, reyestrdən keçmək tələbini kənara qoyub rəqabətli mühit yaranmasına dəstək olmaq lazım idi. Əgər dövlət maliyyə dəstəyi verirsə, agentlik də bunu şərt kimi, ələbaxan şəklində etməməliydi. Əksinə, jurnalistlər sərbəst tədqiqat aparmalı, araşdırmalar ortaya qoymalıydı.
İkincisi, rəqabət mühitində tab gətirməyən saytlar onsuz da ələnəcəkdi. Beləliklə, reyestrə ehtiyac qalmırdı. Üçüncüsü, reklam bazarı qismən də olsa liberallaşdırılmalı idi. O zaman KİV-lər reklamlar əldə edəcəkdi, paralel şəffaflıq təmin ediləcək, dövlətin informasiya təhlükəsizliyinə nəzarəti güclənəcəkdi. Hər hansı media təhdid, panika və milli təhlükəsizliyi şantaj edən informasiya yaydıqda, bunun üçün hüquq-mühafizə orqanları, məhkəmə və tövsiyə xarakterli Mətbuat Şurası var. Yəni heç bir KİV müstəqil olduqda, heç də o demək deyil ki, həddini aşa bilər. Ancaq bunların heç biri olmadı. O baxımdan həm yazılı, həm elektron mətbuat axsamaqdadır...
Anaxeber.info
Tarix: 22-05-2023, 10:11
Xəbəri paylaş





Xəbər lenti