Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır... - FAKT BUDUR!
Belə bir el deyimi var, "xalqın mədəniyyəti yoldan başlayır".
Bu məsəldə sürücü və piyadaların hərəkətləri ilə yanaşı, yolların səliqə-sahmanı da nəzərdə tutulur. Təəssüflə bildiririk ki, dünya ölkələrinin ayda su axtardığı 21-ci əsrdə, ölkəmizin bir çox bölgələrinin - xüsusilə cənub bölgəsinin yolları paytaxtın Neftçilər prospekti qədər şanslı deyillər. Belə ki, bu barədə zaman-zaman bir çox yerli mətbuatda tənqidi materiallar yayımlanır.
Hətta, yaxınlarda Cəlilabad rayonundan olan Şəhid Nəcməddin Quliyevin şəhadətindən əvvəl qan pulu ilə yaşadığı kəndin yolunun çəkilməsini vəsiyyət etməsi, onun ömrü boyu yolsuzluqdan əziyyət çəkməsinin göstəricisi idi.
Bundan əlavə, Lənkəran rayonunun Alazəpin kəndindən "DogruXeber.az"a müraciət edən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva da yolsuzluq problemindən gileylənirdi və bildirirdi ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı hələ üç il əvvəl kəndin yollarının çəkiləcəyinə söz verib və bir daha o kəndə getməyib. Elə bu səbəbdəndir ki, Raqim Hadıyevin heçolmasa istər doğum günlərində, istərsə də anım günlərində kimsə gedib onun evini, məzarını ziyarət edə bilmir. https://dogruxeber.az/2023/09/02/hid-anasna-sz-vern-baya-3-ildir-szn-tutmaa-n-mane-olur-vdeo.html Şəhid anasına söz verən başçıya 3 ildir sözünü tutmağa nə mane olur? - VİDEO
Astara rayonunun Ərçivan qəsəbəsindən Fuad Nuriyev adlı qəsəbə sakini palçıqlı bərbad küçələri lentə alaraq, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanması üçün redaksiyamıza göndərib.
Görüntülərdə az yağışdan sonra bataqlığa dönüşmüş qəsəbə yolları sakinlərin hansı əziyyətlər çəkdiyini deyir. Görüntüləri qeydə alan Fuad Nuriyev onu da bildirir ki, Ərçivan bələdiyyəsinin sədri su kanalını torpaqla doldurub torpaq sahəsi kimi vətəndaşlara satıb.
Həmçinin Yardımlı rayonunun Separadi kənd sakini Hüseynov Mərahim bir qrup kənd sakinləri adından "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, kəndin yollarının palçıqlı, keçilməz vəziyyətindən gileylənib. Bildirir ki, şəhid Müdrət Ağayev adına kənd orta məktəbinə gedilən yol azca yağış yağan kimi palçıq və gölməçələr səbəbilə gedilməz hala gəlir.
Məktəblilər və müəllimlər məktəbə "qaloş" və "sapoq" deyilən rezin çəkmələrlə məktəbə getmək məcburiyyətində qalırlar. Susuzluq problemi yaşayan kənd sakinləri uşaqlarının palçığa batmış paltarlarını yumağa su tapmırlar ki, bu da Separadi kəndinin daha bir dərdidir.
Mərahim Hüseynov bildirir ki, onlar illərdir ki, susuzluq problemi yaşayırlar və illərdir ki, aidiyyatı qurumlara müraciət edə-edə qalıblar. Nəhayət, 2017-ci ildə ölkə başçısının tapşırığına əsasən aidiyyatı qurum tərəfindən kəndin yaxınlığına su xətti çəkilib. Lakin, sakinlərin su sevinci yarımçıq qalıb. Kəndin yaxınlığına çəkilən su xətti elə oradaca dayandırılıb və istəyən hər kəsin öz vəsaiti hesabına evinə xətt çəkdirməli olduğu deyilib. Su sarıdan illərin min bir əziyyətini çəkən yerli sakinlər "buna da şükür" deyib, varını-yoxunu xərcləyib, su xətlərini öz vəsaiti hesabına çəkdiriblər, amma ki, bu 6 ildə o, xətlərlə onların evinə bir damcı da su gəlməyib. Çünki, aidiyyatı qurum "Azərsu" ASC-nin Regional nümayəndəsinin yayda onlara verəcək su olmadığı üçün, Separadi sakinlərini suya abunə edə bilmədiklərini deyib.
Qeyd edək ki, Mərahim Hüseynovun sözlərinə görə bu barədə kənd sakinləri aidiyyatı qurumlara dəfələrlə rəsmi müraciət ediblər, həmçinin Yardımlı rayonunu Milli məclisdə güya təmsil edən Millət vəkili Musa Qasımlıya məlumat verib, ondan köməklik istəyiblər.
Elə canlı yayımdaca Millət vəkilinin sözügedən problemlərlə bağlı hansı addımlar atdığını və hər hansı bir nəticənin olub-olmadığını öyrənmək məqsədilə, "DogruXeber.az" informasiya agentliyinin rəhbəri - eyni zamanda, "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov millət vəkili Musa Qasımlıya zəng etdi. Millət vəkili zəngin haradan gəldiyini eşidən kimi toyda olduğunu bildirdi və məsələyə aidiyyatı olmasa da aid etməyə çalışdığı 3-5 kəlmə ilə sağollaşmağa çalışdı. Rayonun mövcud problemləri ilə bağlı hansı addımları atdığı və nə kimi nəticələrə nail olduğu barəsindəki suala "aidiyyatı üzrə müraciət etmişik, inşallah yaxşı olar" deyə, arzularla sağollaşdı...
Belə olan halda isə cənub bölgəsinə sözün əsl mənasında adamın ürəyi ağrıyır. Yol yox, su yox, hətta Cəlilabad rayonunun Darılıq kəndinin sakini Əli Qurbanovun redaksiyamıza bildirdiyinə görə onların kəndində, eləcə də Lerik rayonunun bəzi kəndlərində məktəb belə yox... Adam özünü lap, 20-ci əsrin əvvəllərində hiss edir...
"Allah səbr versin" desək, cənub bölgəsinin sakinlərinə "bəd dua" etmiş olarıq bəlkə də, görün neçə illərdir ki, onlar səbr edir?! Dəyişən isə sadəcə rayonların rəhbərləridir, rayonlarda heç nə...