AZAL, qiymətləri AZALT! - Ucuzlaşdırmaq istəmirsə...

AZAL, qiymətləri AZALT!
“Aviasiya sahəsində biletlər hava şirkətləri tərəfindən dəyişdirilə bilər. Bəzi hallarda qiymətlər iki dəfəyə yaxın dəyişir. Biletlərin qiymətində hər mil üzrə hər oturacağın uçuş qiyməti nəzərə alınır”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, qiymətə təsir edən ən vacib məsələlərdən biri yanacağın qiymətidir: “AZAL yanacağı dünya qiymətləri ilə alır, heç bir güzəşt yoxdur. Qiymətə təsir edən ikinci məsələ hava gəmilərinin alınması və onlara xidmətlə bağlıdır. Üçüncü məsələ isə kadr hazırlığı məsələləridir.
Demirəm ki, bizim qiymətlər olduğu kimi qalacaq. O təəssürat yaranır ki, bizdə qiymətlər yüksəkdir, ancaq dünya qiymətləri ilə müqayisədə yüksək deyil. Məsələn, bu il AZAL-ın 20 biletinin 29 avrodan satışı həyata keçirilib”.
Qeyd edək ki, nazir müavininin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta qonşu ölkələrdə biletlərin daha ucuz olması faktını irəli sürən vətəndaşlar RİNN rəsmisinin bu arqumentini yalanlayıb. Necə ola bilər ki, neft ölkəsi olan Azərbaycanda yanacaq baha, ancaq nefti belə olmayan qonşu Gürcüstanda, hətta Ermənistanda aviabiletlər daha ucuzdur?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az"a açıqlamasında deyib ki, aviabiletlərin qiymətinin yüksək olması yanacağın baha olması, təyyarələrin, işçilərin xərclərinin çox olması ilə bağlıdır. Yəni nazir müavininin dediklərində həqiqət payı var:

“Təyyarələrin doluluq göstəricisi də qiymətlərə təsir edə bilər. Ola bilər ki, şirkət eyni təyyarə ilə, eyni məntəqələr arsında uçuşları zamana görə, müxtəlif qiymətə təklif edir. Həmçinin təyyarələrdəki yerlər arasında da qiymət fərqi olur. Digər tərəfdən, aviabiletin alınma vaxtı da qiymətləri müəyyənləşdirən faktordur. Əgər siz aviabileti əvvəlcədən alsanız, qiymət bir qədər ucuz olacaq. Əslində, təyyarə biletlərinin baha olması səfər edən sərnişinlərin sayından asılıdır. Onsuz da təyyarə müəyyən olunan saatda bir istiqamətdən digər istiqamətə uçur. Lakin içərisində 250 nəfər, yoxsa 120 nəfər olmasından asılı olaraq xərclər dəyişir. Yəni gediş-gəliş sayı çox olanda, təyyarələr dolu olanda qiymətlərdə müəyyən güzəştlər etmək olur. Adam sayı az olanda isə xərci gəlirdən daha çox olur.
Lakin AZAL-da aviabiletlərin baha olması məsələsinin özü də mübahisəlidir. Əslində, bir əl çantası ilə səfər edən sərnişinlərə təklif edilən qiymətlərlə, 23 kiloqramlıq baqaj+ 10 kiloqramlıq əl çantası, yemək təminatına ümumi hesablanan qiymət fərqli olmalıdır. Biz aviabiletlərin qiymətini adətən lokosterlərlə müqayisə edirik. Amma lokosterlərdə belə qiymətlər 50 avrodan başlayır və xidmət göstəricisinə uyğun olaraq 5 dəfəyə qədər bahalaşa bilir”.
Ekspertin sözlərinə görə, AZAL qiymətləri ucuzlaşdırmaq istəmirsə, xidmət sahəsini təkmilləşdirməli və vətəndaşlara seçim imkanı verməlidir: “Əsas məsələ ondan ibarətdir ki, AZAL sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır. Məsələn, sizin baqajınız olmasa belə, AZAL-ın təklif etdiyi 23 kiloqramlıq baqaj paketindən və buradakı digər xidmətlərdən istifadə etməlisiniz. Bu da qiymətlərin artmasına səbəb olur. Çünki başqa alternativiniz yoxdur. Düşünürəm ki, AZAL-ın idarəetməsinin təkmilləşdirilməsinə böyük ehtiyac var.
Yəni bütün sərnişinlərə lüks xidmət təklif edib və bütün biletləri də eyni qiymətə satmaq doğru yanaşma deyil. Adam var ki, özüylə yük aparmaq, təyyarədə olarkən yemək istəmir. AZAL da həmin tələblərə uyğun qiymət hazırlamalıdır ki, bilet almaq üçün kassaya yaxınlaşan vətəndaş cibinə uyğun seçim etsin. Yaxud da aviaxidmət göstərən şirkətlərin sayı artırılmalıdır ki, rəqabət mühiti yaransın. Bazara yeni aviaşirkətlərin daxil olması, daha çox aviaşirkətin Azərbaycan hava limanlarından uçuşlar etməsi rəqabəti artıracaq. Bu, AZAL-ın özü üçün də faydalı olar. Rəqiblərin çoxalması rəqabəti artıracaq və AZAL öz səhvlərini daha diqqətlə nəzərdən keçirəcək. Eyni qiymətə fəaliyyət göstərsələr də, müştərilər bu aviaşirkətlər arasında bölünəcək. Nəticədə AZAL müştəri qıtlığı ilə üzləşəcək. Daha çox istiqamətlərdən ölkəyə uçuşların olması turizmi də inkişaf etdirəcək, ölkəyə rahat gəliş-gedişi asanlaşdıracaq. Rəqabət mühitinin inkişaf etməsi qiymətlərə də təsir göstərəcək. Amma bu təkliflərə cavab olaraq AZAL rəhbərliyi deyir ki, ölkəyə turist axını zəif olduğu üçün aviaxidmət göstərən şirkətlərin sayını artırmaq rentabelli deyil. Deməli, dövlət kompleks yanaşma ortaya qoymalıdır. Bir çox ölkələrə tətbiq edilən viza rejimi aradan qaldırılmalıdır”.
Tarix: 19-10-2023, 15:00
Xəbəri paylaş





Xəbər lenti