Bu sözləri Yenisabah.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis, iqtisadçı Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, sığortası olmayan vəsaitlərin çoxu şirkətlərin puludur:
“Bu da Azərbaycan qanunvericiliyinə görə sığortalanmır. Yəni sahibkarların pullarının sığortası olmur. Bu halda proses necə ola bilər? Əmanətlərin Sığortalanması Fondu ləğvedici rolunu oynayır. Ləğv prosesi də o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu bankın mövcud əmlakını satmalıdır. Buraya daşınan, daşınmaz əmlak, avtomobil, torpaq və s. əmlak növləri daxildir. Əmanətlərin Sığortalanması Fondu da bu əmlakları mümkün qədər baha satmalıdır ki, çoxlu pul əldə etsin”.
Mütəxəssisə görə, eyni zamanda “Muğan Bank”ın verdiyi kreditlər də var ki, bunlar da geri qaytarılmalıdır:
“Əmanətlərin Sığortalanması Fondu bu krediti də qaytarmalıdır. Qısası, bütün əmlakı pula çevirməlidir, onu satmalıdır. Çünki fond vətəndaşların sığortalanmış əmanətlərinin kompensasiyasını 1 ay ərzində qaytarmağa borcludur. Sonra Əmanətlərin Sığortalanması Fondu nə qədər pul əldə etsə, ilk növbədə, oradan öz pulunu götürəcək. Həmçinin proseslərə nə qədər vəsait xərcləyibsə, işçi qüvvəsinin maaşı, inzibati xərclər, yolpulu, dəftərxana və s. vəsaitləri də özünə götürəcək. Sonra bankın işçilərinin maaşını, daha sonra bankın dövlətə olan borcunu verəcək. Yekunda isə əgər satışdan hansısa pul qalsa, tələbkar şəxslərin pulu veriləcək. Amma onların tələbləri tərs-mütənasibdir. Çünki kassada heç nə qalmasa, heç nə də verilməyəcək”.
Ə. Həsənov əmindir ki, Azərbaycandakı müflisləşmiş bankların təcrübəsi göstərir ki, bir qayda olaraq sahibkarlara heç nə gəlib çatmır:
“Bir tərəfdən, ona görə ki, bankın rəhbərliyi bankı elə günə salıb ki, orada pul yoxdur. Sadə dillə desək, onlar bankın başına daş salıb vəsaitləri mənimsəyiblər. Lakin bu, bütün banklara aid deyil. Elə bağlanan banklar var idi ki, orada kifayət qədər pul var idi. Məsələn, “NBCBank”, “Günay Bank” və s. İndi sual yarana bilər ki, onlarda niyə problem oldu? Ona görə ki, Əmanətlərin Sığortalanması Fondu həmin banklarda qalan vəsaitləri mənimsəyib, yeyib, dağıdıb, korrupsiya ilə məşğuldur”.“Birincisi, Əmanətlərin Sığortalanması Fondu bankın əmlakını dəyər-dəyməzə satır və bunu hansı yollarla etdiklərini hamı bilir. İkincisi, odur ki, bəzi bankların əmlakını illərcə satmır, qanunsuz icarəyə verir və həmin fondun işçiləri, rəhbərliyi oradan pul qazanıb cibinə qoyur. Üçüncüsü, bankın verdiyi kreditlərin qaytarılmasında qanunsuzluq edir, borcalanlarla sövdələşir, borcların bir hissəsini bağışlayır və pulları yeyib dağıdır. Sonuncusu isə budur ki, qurum artıq xərclərə yol verir. Onlar lazımsız işçiləri götürür və pulu dağıdır. Ona görə də ləğv olunan bankın satışından kassada heç nə qalmır”, – o, əlavə edib.
Həmsöhbətimiz iddia edib ki, Azərbaycanda aparıcı xarici təcrübədən fərqli olaraq bağlanan bankın kreditorlarının heç bir hüquqları yoxdur:
“Onlara məlumat verilmir, şəffaflıq yoxdur və onlar bu prosesə nəzarət edə bilmirlər. Təəssüf ki, Azərbaycanda belə bir sistem qurulub. Belə götürsək, hələ “Muğan Bank”da vəziyyət yaxşıdır. Ona qalsa, “Bank Standard”da sığortalanmayan vəsaitin həcmi 1 milyard 200 milyon manat təşkil edib. “Bank Standard”da da 2016-cı ilin oktyabrında bağlanıb və 7 ildir ki, heç kəsə heç nə qaytarılmayıb. Eyni məsələ də burada”.