Milyonlar mənimsəyən şöbə müdirinin müəmmalı məhkəməsi: Gündüz Əliyev həbs olunacaqmı?


Xəbər verildiyi kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qrşı Mübarizə İdarəsi Sumqayıt şəhər Səhiyyə İdarəsində baş vermiş yeyinti halları ilə bağlı cinayət işi qaldırmışdı. Baş idarə istintaqı yekunlaşdıraraq, cinayət işinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərib.
Baş İdarənin yaydığı rəsmi məlumatda deyilir ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. “İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub”.
Həmin məlumatda qeyd edilir ki, bundan sonra, köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib. “Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib”.
Bildirək ki, KQMBİ mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.
Bir aydan artıqdır ki Gündüz Əliyev, onun bacısı Gülnarə Bayramova və işdə adı keçən Elxan Əsədovun məhkəmə prosesi davam edir. Qeyd edək ki, cinayət işində adı keçən və ağır cinayətdə ittiham olunan Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətində ərazi idareətmə şöbəsinin müdiri vəzifəsində çalışır. Gülnarə Bayramova isə onun doğmaca bacısıdır.
Maraqlıdır ki, adı ağır cinayətdə keçən və istintaq materialları ilə sübut olunan Gündüz Əliyev hələ də vəzifəsini icra edir. Qanunla haqqında cinayət işi açılmış şəxslə bağlı tədbir görülməli, istintaq müddəti ərzində vəzifəsindən uzaqlaşdırılmalı, haqqında həbs və ya ev dustaqlığı ilə bağlı qərar çıxarılmalıdır. Lakin bunların heç biri Gündüz Əliyevə tətbiq olunmayıb.
Güman edilir ki, Gündüz Əliyevin həbsinə imkan verməyən əsas şəxs icra başçısı Zakir Fərəcovdur. Belə ki, o, Sumqayıtdakı bütün “qara işləri” Günfdüzün əli ilə görüb. Və onun həbs olunması icra başçısının da adının hallanmasına, hətta istintaq materiallarına düşməsinə səbəb ola bilər. Bunu önləmək üçün Fərəcovun onu maksimum qoruduğu da iddia edilir.

http://www.cumhuriyyet.net/sonxeber/196544-milyonlar-m%c9%99nims%c9%99y%c9%99n-sob%c9%99-mudirinin-mu%c9%99mmali-m%c9%99hk%c9%99m%c9%99si-gunduz-eliyev-h%c9%99bs-olunacaqmi.html
Tarix: 24-10-2023, 14:24
Xəbəri paylaş





Xəbər lenti