Hörmətli dostlar,
QHT Agentliyi nə qədər “tənqid dəhlizini” daraltsa da, məni və bəzi həmkarlarımı qərəzlilikdə ittiham etsə də reallıq ortadadır.Kim tənqid edirsə, dərhal media həmin şəxsin üzərinə şığıyır, onun haqqında video materiallar hazırlayır, cəmiyyətə cinayətkar kimi təqdim olunur. Eynilə Ramiz Mehdiyev-Əli Həsənov metologiyası özünü büruzə verir.
Soruşan yoxdur ki, bu il maliyyələşdirilən 448 layihədən yalnız 2-3 layihədə qüsur aşkarlanıb? Bu layihələrin keyfiyyətini suşi, kofe, bal reklamları edən əməkdaşlarmı yoxladı?
Təbii ki, xeyir. Bunlar sadəcə tənqid edənlərin ağzını yummaq üçündür. Bir qurumun fəaliyyətindəki qüsurları demək nə dövlətə qarşı cinayət deyil, nə də cəmiyyətə hörmətsizlik deyil.
Əksinə, 3-5 manat qrant almaq üçün yarınmaq və qüsurları gizlətmək cinayətdir.
Diqqətinizi QHT Agentliyinin son 6 aylıq fəaliyyətinə yönəltmək və Nizamnamə məqsədlərinə nə qədər nail olmaları barədə suallarla müşahidə etmək istəyirəm:
1. QHT-lər barədə qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret nə işlər görüldü?
2. Qrant haqqında qanunun təkmilləşdirilməsi üçün konkret nə işlər görüldü?
3. QHT-lərə tətbiq olunan maliyyə sanksiyalarının azaldılması üçün hansı tədbirlər həyata keçirildi?
4. Böyük Qayıdış və digər əhəmiyyətli dövlət proqramlarında, yol xəritələrində QHT-lər icraçı qismində təmsil olundumu?
5. QHT-lərin qeydiyyat prosedurunun sadələşdirilməsi istiqamətində addımlar atıldımı?
6. QHT-lərin regionlarda tədbirlər keçirməsi üçün icazə sistemi ləğv olundumu?
7. Bakı, Sumqayıt, Gəncə və digər regionlarda mövcud olan boş dövlət əmlaklarının QHT-lər tərəfindən icarə olunub istifadəsinə şərait yaradıldımı?
8. Avropa ölkələrindən heç olmasa biri ilə beynəlxalq əlaqələr quruldumu?
9. Xarici fondlara çıxış imkanına şərait yaradıldımı?
10. Beynəlxalq QHT hərəkatlarında təmsil olunmağımız üçün iş görüldümü?
11. QHT-lərə hər hansı sosial sifarişlərin verilməsi təşviq edildimi?
12. QHT-lərin biznes qurumları ilə əməkdaşlığının real nəticələri görsəndimi?
13. Qrant verən dövlət qurumlarının qrant siyasətinin düzgün həyata keçirilməsi, orada şəffaflığın bərpa olunması, öz ictimai şura üzvlərinin həmin nazirlikdən qrant maliyyələşməsinin qarşısının alınması üçün əməli işlər görüldümü?
14. QHT-lərin məlumatlarının aparıcı media agentliklərində dərc olunmasına köməklik göstərildimi? (qeyd: ötən dəfə bildirmişdim, 5 əsas media agentliyi və saytda 448 qalib QHT-dən cəmi 8 QHT-nin xəbəri getmişdir)
15. İctimai iştirakçılıq haqqında qanunda 2 ildir deyilən dəyişikliklər edildimi?
16. QHT Günü təsis edildimi?
17. İllərdi xidmətləri olan QHT sədrləri dövlət mükafatlarına təqdim edildimi? (Qadın komitəsindəki təltif istisna olmaqla. 20-30 sədrin birlikdə təltifindən söhbət gedir).
18. Bir dəfə də olsun ağır yaşayış şəraiti olan QHT sədrlərinin ev problemi ilə bağlı məsələ qaldırıldımı?
Sualların sayını kifayət qədər uzatmaq olar. Özünüzün də dediyiniz kimi QHT Agentliyi təkcə qrant paylayan qurum deyil, bu QHT sektorunun inkişafı və problemlərinin həllinə cavabdeh qurumdur.
Mən dəvət edirəm hər kəsi, gəlin bu məsələlər ətrafında iş aparaq.
Bu sektorun inkişafı üçün ciddi işlər görülməlidir, alternativ maliyyə mənbələrinə çıxış əldə edilməlidir.
Onsuz da QHT Agentliyinin qrant paylayacağı QHT-lər yuxarı-aşağı bəllidir.
Samir Adigozelli
Teref.az
Tarix: 24-10-2023, 21:12