“Bıçaq çıxdısa, vurmalısan”- məkətəbli Bəhram “yaxşı oğlan” söhbətinin qurbanı oldu

“Bıçaq çıxdısa, vurmalısan”- məkətəbli Bəhram “yaxşı oğlan” söhbətinin qurbanı oldu Məktəblilər arasında qanlı bıçaqlaşmanın səbəbi “yaxşı oğlan” söhbəti olub.

Şagirdlərdən biri eyni məktəbdə təhsil aldığı yoldaşını 7 bıçaq zərbəsi ilə xəstəxanalıq edib. Onlar arasında mübahisə isə bir neçə ildir davam edirmiş.

Münasibətləri pozan isə zarafatla vurulan bir sillə olub.


Musavat.com xəbər verir ki, 2000-ci il təvəllüdlü Bəhram Binyətov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

O, eyni məktəbdə təhsil aldığı Həsən Xuduyevi bıçaqlayıb.

Hər iki tərəf hökmdən narazıdır. Bu səbəbdən də onlar apellyasiya şikayəti veriblər. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılıb.

Hadisənin təfərrüatı ilə bağlı bildirək ki, B.Binyətov 2016-cı ilin 12 iyulunda eyni məktəbdə paralel sinifdə təhsil alan 10-cu sinif şagirdi Həsən Xuduyevi bıçaqlayıb. Buna səbəb kimi Həsən Xudiyevin onu təhqir etməsini göstərib. Aralarında yaranmış problemi həll etmək üçün Sumqayıt şəhəri, 33 saylı orta məktəbin həyətinə gedən şagirdlər mübahisə etməyə başlayıblar.

Mübahisə zamanı Bəhram özü ilə gətirdiyi mətbəx bıçağı ilə Həsənə 7 bıçaq zərbəsi endirib.

Məhkəmədə məlum olub ki, tərəflər arasında barışıq yoxdur.

B.Binyətovun vəkili çıxşında bildirib ki, müdafiə etdiyi şəxs barəsində çıxarılmış hökm ədalətsizdir və düzgün tövsiz edilməyib:

“Hökm çıxararkən Bəhram Binyətovun əməli düzgün tövsif olunmayıb. Bəhram bu cinayəti xuliqanlıq niyyəti ilə törətməyib. Yüngülləşdirici hallar tam olaraq nəzərə alınmayıb. Bəhram ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu söyləyib.

Müdafiə etdiyim şəxs ifadəsində göstərdi ki, təxminən bir-iki il əvvəl məktəbdə olarkən, Həsən digərlərinin yanında onunla yersiz zarafat etdiyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Həsən onu söyərək təhqir edib. Bundan sonra onların arasında soyuq münasibətlər yaranıb və həmin vaxtdan etibarən Həsən arada bir onun arxasınca danışmağa başlayıb. Hadisə baş verməzdən bir neçə gün əvvəl sinif yoldaşı Nail ona Həsənin yenidən onun ünvanına söyüşlər etdiyini deyib. Bəhram da bunda əsəbiləşib və Həsənlə söhbət edərək, onu təhqir etməsinin səbəbini öyrənmək istəyib. Həsənlə görüşəndə Bəhram ondan söyüş söyməsinin səbəbini soruşub. Həsən isə “yaxşı etmişəm, yenə də söyərəm” cavabını verib. Mübahisə zamanı Həsən Bəhramı itələyib. Bu zaman Bəhramın özü ilə gətirdiyi mətbəx bıçağı cibindən yerə düşüb. Həsən bıçağı görüb Bəhrəma “bıçaq çıxdısa, vurmalısan. Sən uşaqsan” deyib. Bəhram da bıçaqla bir dəfə Həsəni vurub. Həsən onun valideynlərini söydükdə Bəhram bir neçə dəfə də zərbə endirib. Həsənin səsinə sinif yoldaşları gəlib. Ona kömək edərək məktəbin həyətinə gətiriblər. Bəhram isə məktəbin yanındakı internet klubun yanında dayanıb və polislərin gəlməsini gözləyib. Bəhram polis əməkdaşlarına bıçağı özü təhvil verib”.

Vəkil müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə tövsif edilməsini xahiş edib. Vəkil Bəhramın ilk dəfə cinayət əməli törətməsini, yaşının az olmasının nəzərə alınmasını və şərti cəza çıxarılmasını istəyib.

Zərərçəkmiş Həsən Xudiyev isə məhkəmədəki ifadəsində deyib ki, təxminən bir-iki il bundan əvvəl Bəhramla aralarında mübahisə baş verib. Mübahisəyə səbəb idman zalında onun Bəhramın başına zarafatla sillə vurması olub. Həsən bildirib ki, baş vermiş mübahisədən sonra bıçaqlanma hadisəsinə qədər Bəhramın ünvanına valideyn söyüşü söyməyib. O, sadəcə olaraq hadisədən qabaq başqa şəxslərlə söhbət zamanı Bəhramın arxasınca “yaxşı oğlan olmadığını” söylədiyini deyib.

Zərərçəkmiş Həsənin valideyni məhkəmədən Bəhrama daha ağır cəza verilməsini tələb edib.

Məhkəmə tərəflərin tələb və şikayətlərini dinlədikdən sonra qərarı elan edib. Məhkəmənin qərarına əsasən B.Binyətovun apellyasiya şikayəti təmin edilməyi və 6 illik cəzası dəyişdirilmədən saxlanılıb. H.Xudiyevin vəkilinin təqsirləndirilən şəxsə daha ağır cəza verilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

İ.Muradov
Tarix: 13-08-2017, 22:44
Xəbəri paylaş





Xəbər lenti