Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?
Çeçen əsilli məşhur kriminal avtoritet Həmzət Qastəmirov (kriminal dünyada Şeyx Həmzət kimi tanınır) sərbəst buraxılıb.
BakuPost.az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyindən məlumat verilib və əlavə edilib ki, Qastəmirov artıq Azərbaycan hüdudlarını tərk edib."Avropa oğru kassasının nəzarətçisi” adlanan "qanuni oğru” Şeyx Həmzət ötən şənbə günü axşam Azərbaycan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb.
Kriminal dairələrə yaxın mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, BMCMİ rəhbərliyi kriminal avtoritetin saxlanılması üçün paralel olaraq üç ünvana xüsusi qrup göndərib. Çeçen avtoriteti "20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən "Ləvəngi” restoranında saxlayıblar. Bu hadisə Qastəmirov və onun adamlarının Lənkərandan qayıtmasından dərhal sonra baş verib.
Xatırladaq ki, Almaniyada yaşayan Qastəmirov, bir il əvvəl – avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən "qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) məzarını ziyarət etmək üçün Azərbaycana gəlib. Qastəmirov "qardaş” dediyi Rövşən Lənkəranskinin xatirəsini yad edib və elə həmin axşam Bakıya qayıdıb.
Bu arada, mənbə iddia edir ki, Qastəmirovu, onun Azərbaycan qanunları ilə heç bir problemi olmasına baxmayaraq, həbs ediblər. Bəzi yerli KİV-lər iddia ediblər ki, çeçen avtoritet "Ləvəngi” restoranında qanunsuz toplantı keçirdiyi üçün saxlanılıb. Amma bu məlumat həqiqətə uyğun deyil. Əslində, heç bir toplantı olmayıb. Qastəmirov ailə üzvləri ilə nahar edərkən, əməliyyatçılar restoran ərazisinə daxil olublar.
Bəzi məlumatlara görə, BMCMİ rəhbərliyi Qastəmirovun həbs edilməsi üçün şöbə müdirini məzuniyyətdən geri çağırıb. "Qanuni oğru”nu, onun törədilmiş cinayətlərdə əlinin olması barədə informasiyanı yoxlamaq üçün saxlayıblar. Bazar ertəsi Qastəmirov azad edilib. Amma onun qarşısına, ən qısa zamanda Azərbaycanı tərk etmək şərti qoyulub və kriminal avtoritet də bunu edib.
Tarix: 22-08-2017, 23:19