Taksi sürücüsü xanım müştərini pulu olmadığına görə öldürdü və …

Taksi sürücüsü xanım müştərini pulu olmadığına görə öldürdü və …
Мaşınına minən müştəri xanımı pul vermədiyi üçün amansızlıqla öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. 17 il müddətinə azadlıqdan məhrum edilən şəxs aldığı cəzanın ağırlığından psixoloji sarsıntı keçirdiyini iddia edib.
Elman Əhmədov qətl törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verməyib. O, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

Musavat.com xəbər verir ki, məhkum Əhmədov Elman Pələng oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.4-cü (amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
E.Əhmədov məhkəməyə müraciətində barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən buraxıldığını deyib. O, həmin müddətin bərpa olunmasını məhkəmədən xahiş edib: “Mənə verilmiş cəzanın ağırlığından uzun müddət özümə gələ bilmədim. Buna görə də,apellyasiya şikayətini vaxtında verə bilmədim. Müəyyən olunmuş prosessual müddəti üzürlü səbəbdən ötürmüşəm. Uzun müddət psixoloji vəziyyətim gərgin idi. Həm də hüquqi savadım olmadığına görə apellyasiya şikayəti verilməsi ilə bağlı qanunun tələblərini bilməmişəm”.
Dövlət ittihamçısı Səyavuş Sadıqov isə apellyasiya şikayətinə etiraz edərək, məhkumun ağır cəza alması ilə sarsıntı keçirməsini və psixoloji vəziyyətinin gərgin olmasını sübut edən heç bir dəlilin olmadığını bildirib. Prokuror şikayətin təmin edilməməsini istəyib.
Məhkəmə kollegiyası tərəfləri dinlədikdən sonra apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar çıxarıb. Qərarda qeyd edilib ki, apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilir. Məhkəmə E.Babayevin hökmdən 7 ay keçdikdən sonra vəsatətlə məhkəməyə müraciətini sarsıntı keçirməsi ilə izah etməsini əsassız hesab edib: “Elman Əhmədovun ona təyin edilmiş cəzanın ağırlığından sarsıntı keçirməsi, uzun müddət psixoloji vəziyyətinin gərgin olması barədə dəlilləri iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi də vəsatətdə göstərilən səbəbləri və halları hökmdən apelyasiya şikayəti vermək üçün buraxılmış 7 ay müddəti üzürlü hesab etməyib və haqlı olaraq məhkumun vəsatətini təmin etməyib”.
Hadisə Sumqayıtda baş verib. Sumqayıt şəhər sakini Gülnaz Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Gülnaz Dadaşovanın avtomobil vurması zamanı yox, münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub.
Məlum olub ki, təqsirləndirilən şəxs mərhumu öldürdükdən sonra onu avtomobil yoluna atıb. Və bununla da onu avtomobilin vurması ilə bağlı fikir formalaşdıracağını düşünüb. Elman Əhmədov taksi sürücüsü olub. O, qonşusu olan Gülnaz Dadaşovanı maşınla gedəcəyi ünvana aparırmış. Yolda onlar arasında mübahisə yaranıb. Mübahisəyə səbəb mərhumun taksi pulunu ödəmək imkanının olmaması olub.
Tərəflər arasında yaranan mübahisədən sonra E.Əhmədov qonşusu olan qadını döyərək qətlə yetirib. Onun başına küt alətlə zərbə endirib. Daha sonra onun başına təpiklə vurub, asfalta çırpıb. Elman Əhmədov qadının meyitini gecə saat 4 radələrində Sumqayıtda avtomobil yoluna atıb. Nəticədə, qadının meyitinin üstündən dəfələrlə avtomobillər keçərək parçalayıb.
Məhkum Əhmədov ibtidai istintaqa ifadəsində əməlini etiraf edib, qonşusunu necə qətlə yetirdiyini danışıb, lakin məhkəmədə özünün günahsız olduğunu söyləyib.
Tarix: 10-12-2017, 23:37
Xəbəri paylaş





Xəbər lenti