“Hippokrat”dan seyf aparanların işi- müdirin briliyantı, qızılları, şahmatı və medalları aparılıb...

“Hippokrat”dan seyf aparanların işi- müdirin briliyantı, qızılları, şahmatı və medalları aparılıb...
Oğurluqda təqsirləndirilən dəstə üzvləri aldıqları cəzadan narazı qalıblar. Onlar bir neçə marketdən və klinikadan seyf oğurlamaqda ittiham edilirlər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cianyətlər Məhkəməsinin hökmü ilə külli miqdarda oğurluqda təqsirləndirilən şəxslər- Anar Rzayev 8 il, Mərdan Xankişiyev 9 il, daha əvvəl də oğurluq və narkotik istifadəsinə görə məhkumluq həyatı yaşamış Samir Zərbəliyev 8 il, Elvin Məmmədov 7 il, Elmir Həsənov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.


Adı çəkilən şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək barələrində çıxarılmış hökmdən şikayətçi olduqlarını bildiriblər.

İttihama görə, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində “Quba” marketdən 12 min manat, “Yeni Market”dən isə ümumilikdə 721 manatlıq oğurluq ediblər.

Onların sonuncu oğurluğu isə Sumqayıtda fəaliyyət göstərən “Hippokrat” klinikasından olub. Onlar klinikadan içərisində pul və qızıl olan dəmir seyfi oğurlayıblar.

İttihamda yazılır ki, onlar klinikanın birinci mərtəbəsinin arxa hissəsində yerləşən təxliyyə qapısını balta ilə sındırmaqla müdir otağından stolun üzərində Mayıl Tağıyevə məxsus dəyəri 500 manat olan fiqurları ilə birlikdə şahmat taxtasını, dəyəri 85 manat olan “Estlander” markalı ətiri, yataq otağından isə dəmir seyfi oğrulayıblar.

Seyfi elektrik dəmir kəsən alətlə kəsərək briliyant dəstlərini, sırğa, üzük, braslet, boyunbağı, klon, medalyon, kişi qol saatı və digər qızıl zinət əşyalarını ələ keçiriblər. Bununla da Mayıl Tağıyevə 30 min manatdan artıq maddi zərər vurublar.

Təqsirləndirilən şəxslərdən Samir Zərbəliyev apellyasiya şikayətində “Quba Market”dəki oğruqluda iştirak etmədiyini söyləyib. Elvin Məmmədov isə şikayətində qeyd edib ki, maşınını Anar Rzayevə anasını yas mərasiminə aparmaq məqsədi ilə verib və oğurluq cinayətində onun maşınından istifadə edilməsindən xəbərsizdir. Elmir Həsənov apellyasiya şikayətində əməlinə düzgün hüquqi qiymət verilmədiyini, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyini deyib.

Onlar istintaqda təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verdiklərini deyiblər.

Mərdan Xankişiyev isə apellyasiya şikayətində yazıb ki, məhkəmə ona həddindən artıq sərt cəza təyin edib.

Dövlət ittihamçısı isə apellyasiya şikayətlərinin təmin edilməməsini istəyib.

İş üzrə ən çox zərərçəkmiş şəxs “Hippokrat” klinikasının sahibi Mayıl Tağıyev ifadəsində göstərib ki, həmin klinikanın inzibati
binasının 1-ci və 2-ci mərtəbələri tibb müəssisəsi kimi fəaliyyət göstərir, 3-cü mərtəbədə isə ailə üzvləri ilə birgə yaşayır.

Oğurluq hadisəsi baş verən zaman Qəbələdə olduğunu deyən M.Tağıyev bu barədə gözətçidən məlumat aldığını deyib.

M.Tağıyev oğurlanan seyfin içərisində pul və qızıl zinət əşyaları, dövlət tərəfindən təltif olunması barədə “Əməkdar həkim” və “Tərəqqi” medalları və pensiya kartlarının olduğunu bildirib.

O deyib ki, polisə məlumat verdikdən sonra pensiya kartlarının bağlanması ilə bağlı banka müraciət edərkən artıq kartlardan pul çıxarıldığını öyrəniblər.

Polis bölməsində ondan Babək adlı şəxsin kim olmasını soruşublar. O, Babəkin 2-3 il əvvəl klinikada işlədiyini deyib.

M.Tağıyev polisdə bilib ki, kilinkada olan seyfin yerini oğrulara Babək deyibmiş: “Babək klinikada işləyəndə 1000 manat borc istəmişdi. Yoldaşım ona borca 1000 manat vermişdi. Pulu seyfdən çıxarıb ona verəndə Babək seyfin yerini görüb. Babəki çağırıb onunla görüşdüm. Babəkdən seyfin yerini kimə dediyini soruşdum. Dedi ki, bir il əvvəl çayxanada dostu ilə oturub çay içəndə Elmir də onların yanında olub”.

Zərərçəkmiş Tağıyev söyləyib ki, seyfi kəsdikdən sonra Maştağa qəsəbəsi ərazisində su kanalına atıblar. Seyf tapılan zaman içində yalnız ona məxsus iki ədəd medallar olub.

Zərərçəkmiş dəymiş ziyanın 27 min manatının ödənilməmiş qaldığını bildirib.

İş üzrə klinikanın keçmiş işçisi olmuş, bu işdə adı keçən Babək Xuduyev də dindirilib.

O deyib ki, “Hippokrat” klinikasında masajist işləyib. 2008-ci ildə hərbi xidmətə gedib qayıtdıqdan sonra 1 il də klinikada işləyib.

Babək Xudiyev 2014-cü ildən Azərbaycan Velosiped İdmanı Federasiyasında masajçı işlədiyini söyləyib.

B.Xudiyev ifadəsində göstərib ki, “Hippokrat” klinikasında işləyərkən borca pul istəyən zaman seyfdən ona pul verilib. O, klinikada seyf olması barədə söhbəti Taleh və Elmir adlı tanışlarının yanında edib.

Məhkəmə kollegiyası tərfləri dinlədikdən sonra hesab edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər
S.Zərbəliyev, E,Məmmədov və E.Həsənova ağır cəza təyin edib.

Məhkəmə onların azyaşlı övladlarının olmasını, daha əvvəl məhkum olunmamaları nəzərə alaraq cəzalarını azaldıb. Qərara əsasən S.Zərbəliyevin cəzası 8 ildən 7 ilə, E.Məmmədovun cəzası 7 ildən 6 ilə, E.Həsənovun cəzası isə 8 ildən 6 ilə endirilib. Digərlərinin cəzası isə dəyişdirilmədən saxlanılıb.

İ.Muradov
Tarix: 23-12-2017, 21:10
Xəbəri paylaş





Xəbər lenti