"Kişi kimi yaşamışam, kişi kimi də öləcəm"- kriminal avtoritetlərin işi


Bakıda kriminal qruplaşmalar arasındakı silahlı atışmadan sonra həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar barələrindəki hökmün dəyişdirilməsini istəyirlər.

Musavat.com xəbər verir ki, kriminal aləmdə "Astaralı Fuad" kimi tanınan Fuad Əsgərov, "Ayqam Samir" kimi tanınan Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə davam edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Onlar müvəkilləri barəsində daha yüngül cəza verilməsini tələb ediblər.

Bəhruz Rəfiyevin vəkili Adəm Məmmədov isə müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prosesdə "Astarlı Fuad" da çıxış edib.

Təqsirləndirilən şəxs bildirib ki, bu işdə onun heç bir təqsiri yoxdur: "Bilirsiniz, mənə deyirlər, hadisədən sonra xəstəxanada niyə adını səhv deyibsən? Müstəntiq versiya edib ki, guya ki mən istintaqdan yayınmaq istəmişəm. Xeyr, mən ağır halda xəstəxanaya çatdırılanda adımı qəsdən səhv dedim. Çünki vəziyyətim pis idi. Heç kim mənə görə pis vəziyyətə düşməsin deyə elə demişəm. Gərək insan öləndə kişi kimi ölsün. Mən kişi kimi yaşamışam, kişi kimi də öləcəm".

Fuad Əsgərov onu da qeyd edib ki, ittihamda yazılanlar həqiqəti əks etdirmir.

Məhkəmə prosesi mayın 15-də davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, silahlı insident aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182 (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Bildirək ki, restorandakı silahlı insidentin Rövşən Lənkəranski və "Lotu Qulu"nun adamları arasında baş verməsi haqda mətbuatda məlumatlar yer almışdı. Ancaq "Lotu Qulu"nun yaxın ətrafı bu məlumatı təkzib ediblər. Lakin silahlı insidentin kriminal qruplaşmalar arasında hesablaşma olması istisna edilmir.

Qeyd edək ki, bu atışmadan sonra Bakının müxtəlif rayonlarında kriminal aləmlə əlaqələrdə şübhəli bilinən onlarla şəxs saxlanılmışdı.


Tarix: 8-05-2018, 15:55
Xəbəri paylaş





Xəbər lenti