Dostunu su gətirmədiyi üçün öldürən şəxs: "Su gətirməyə borclu idi, çünki..." - TƏFƏRRÜAT


Barda yaranan mübahisədən sonra dostunu öldürən gənc hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mübahisə etdiyi dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi başlayıb. Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Zaur Qasımov ittihamla özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə Z.Qasımova sərbəst ifadə verməyi təklif edib. Z.Qasımov söyləyib ki, mərhumla hadisədən bir həftə əvvəl də mübahisələri olub. Həmin vaxt mərhum Xəyal Məmmədov onu söyüb: "Xəyal barda işləyirdi. İkimiz də kənd uşağıyıq. Yeni-yeni münasibətimiz yaranmışdı. O özü də mənimlə danışmaq, münasibət qurmaq istəyirdi. Siqaret alıb onun yanına getdim. Bara gedəndə ondan su istədim. Dedi ki, gətirmirəm. Gördüm ki, mənə qarşı çönüb. Mübahisəmiz oldu. Birinci orda o məni söydü. Mübahisə edəndən sonra ayrıldıq. Bir müddət sonra fikirləşdim ki, gəlsin onunla danışıb bu məsələni aydınlaşdırım. Gözlədim ki, gəlsin. Yaxınlaşıb ona dedim ki, niyə belə etmisən? Qayıtdı ki, yaxşı eləmişəm. Orda da birinci mən onu söydüm və dava başladı. Vuruşanda cibindən bıçağı o çıxardı. Mən onu vuranda bıçaq əlindən düşdü. Bıçağı yerdən götürdüm, üstümə gələndə də belə oldu. Onu öldürmək niyyətim yox idi. Bıçağı o mənim üstümə çıxardı".

Suallara xavab verən Z.Qasımov əlavə edib ki, mərhumu bıçaqla necə vurduğunu dəqiq xatırlamır: "Səhv eləmirəmsə bircə dəfə vurdum. Çünki sonra bıçaq qırıldı. Yerə atandan sonra 3-4 dəqiqə də dava elədik".

Hadisənin sadəcə su gətirməmək üstündə baş verməsini Z.Qasımov belə izah edib: "Siqaret istədi, mən də gedib aldım. İkimizin də siqaretimiz yox idi. Sonra internet klubda mən ondan su istədim. Amma dedi ki, gətirmirəm. Mən də dedim ki, axı mən sənə qarşı belə olmamışam? Dedi ki, sən elə ola bilərsən, mən istəyəni edə bilərsən, amma mən eləmirəm. Mən də bu sözü pis qəbul elədim".

Daha sonra Z.Qasımov hakimin suallarını cavablandırıb:

Hakim: Sən özün su içə bilmirdin?

Z.Qasımov: Əlbəttə içə bilirdim. Sadəcə ondan xahiş elədim. Çünki mən ona qarşı elə olmamışam. Bu hərəkəti xoşuma gəlmədi.

Hakim: O sənə su gətirməyə borclu idi?

Z.Qasımov: Bəli, borclu idi. Çünki mən ona qarşı elə olmamışam.

Daha sonra mərhum Xəyal Məmmədovun hüquqi varisi kimi tanınmış, atası Qorxmaz Məmmədov ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsə və onun yaxınlarına qarşı xoşagəlməz ifadələr işlədib. Bu zaman məhkəmədə tərəflər arasında gərginlik yaşanıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Qorxmaz Məmmədov ifadəsinin davamında söyləyib ki, məhkəməyə gəlmək fikri olmayıb. O, söyləyib ki, ötən prosesdə oğlunun tələbə yoldaşı məhkəməyə gəlib: "Mən gəlmək istəmədim. Onu heç vaxt bağışlamaram. Oğlumun dostunu göndərdim ki, məhkəmənin gedişatı ilə tanış olsun. Məhkəmədən sonra bura gələnlərdən biri ona yaxınlaşıb ki, bəs mən kriminal aləmlə əlaqəm var, nə bilim nə... Belə boş-boş söhbətlər edən, heç nədən adam öldürən cəmiyyətdən təcrid edilməlidir. Bir su gətirməyəni, yəni onlar deyəni etməyəni öldürmək düşüncəsi ilə yaşayanlar ömürlük azadlıqdan məhrum edilməlidir. Mən özüm iki il Əfqanıstanda olmuşam. O döyüşlərdə belə adamın kiməsə güllə atmağa ürəyi, əli gəlmirdi. İndi belə şəxslər adi bir sözə, hadisəyə görə adam öldürür".

Zərərçəkmiş şəxs Z.Qasımovu heç vaxt bağışlamayacağını deyib: "Buna burada nə cəza versələr də fərq etməz. Amma unutmasın ki, mənim, ailəmin göz yaşları, qarğışları onu bütün ömrü boyu izləyəcək. O bununla əzab çəkəcək".

Məhkəmədə digər şahidlər də ifadə verib.

Hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib. Qeyd edək ki, Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb. Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.


Tarix: 15-05-2018, 14:41
Xəbəri paylaş





Xəbər lenti