Saleh Rüstəmlinin ailə üzvləri aclıq aksiyasına başlayıb

Həbsdə olan Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin 4 nəfər ailə üzvü, – iki qardaşı, bacısı və xalası qızı, bu gün, dekabrın 13-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinin giriş qapısının qarşısına gələrək Rüstəmliyə dəstək məqsədi ilə aclığa başladıqlarını elan edib.
Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmli bildirib ki, aclıq aksiyasını evlərində davam etdirəcəklər.
“Sabah aksiyamıza qohumlarımız və yaxınlarımız da qoşulacaq,” o qeyd edib.
Saleh Rüstəmli azadlığa çıxması tələbi ilə 38 gündür aclıq edir. O, bu gün su qəbulundan imtina edərək, quru aclığa keçdiyini bildirib.
Vəkil Bəhruz Bayramov onunla görüşdən sonra deyib ki, Rüstəmli daha ağrılara dözə bilmədiyini və ağrılardan qurtulmaq üçün quru aclığa keçdiyini bildirib.
“Artıq yeriyə bilmir. Yeriməyə taqəti qalmayıb. Çəkisi 17 kiloqramadək azalıb. Danışığında rabitə pozulub. O, ağrılardan yata bilmir. Çox halsızdır, oynaqlarında kəskin ağrılar var,” Bayramov bildirib.
Bir neçə gün öncə Saleh Rüstəmlini Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə edən həkim, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə deyib ki, Saleh Rüstəmlinin durumu potensial ağırdır.
“Burada söhbət 37-38 gün aclqı edən insandan gedir. İkincisi, bu qədər zəifləmiş, çəki itirmiş, dərialtı piy əzələ kütləsi itirmiş adam üçün hər hansı qoşulan bir xəsətəlik (məsələn, adicə soyuqdəymə, pnevmaniya) onun həyatına son qoya bilər. Yəni, vəziyyət ciddidir və təhlükəlidir. Rüstəmlinin quru aclığa keçməsi, yəni su qəbulundan imtinası onu ölümə aparan çox yaxın yol deməkdir. Onu bu yoldan daşındırmaq lazımdır. Əgər Rüstəmli buna gedərsə onu itirə bilərik,” tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.
Amerikanın səsi
Tarix: 13-12-2021, 21:03
Xəbəri paylaş





Xəbər lenti