"Bu işin içində özümüz, erməni, ya rus çıxacaq, onu bilmirəm" - “Tərtər işi” çox ciddi məsələdir...




“Tərtər işi” çox ciddi məsələdir. Mən dedektiv filmlər janrında işləmişəm. Bütün o dedektiv janrlar hansısa bir fakt əsasında yazılır və çəkilir. Burda da yüksək professionallıq, peşəkarlıq tələb olunur. Bu məsələ birbaşa dövlət səviyyəsində həll olunmalıdır. Bu işin içində özümüz, erməni, ya rus çıxacaq, onu bilmirəm. Amma bu birmənalı şəkildə Azərbaycan dövlətinə, dövlətçiliyinə xəyanətdir. Özü də mənəvi, ideoloji zərbədir”

Teref.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bu işdə hərbçilərimizə nahaq yerə işgəncə verən şəxslərin məsuliyyətə cəlb ediləcəyinə və cəzalandırılacağına inandığını bildirib:

“Nəcməddin Sadıqov haqqında bu qədər söz-söhbətlər dolaşırsa, onun fəaliyyətini araşdırsınlar da. Azərbaycan konstitutsiyasında yazılıb ki, insanlara heç bir işgəncə vermək olmaz, qadağan olunur. Amma bunlar gah nala, gah da mıxa vururlar. “Tərtər işi”ndə Rusiya faktoru boş yerə hallanmır. Çünki həm birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində bəlli oldu ki, erməninin başında ruslar durur. Burda maraqlar var və bu da xristian-müsəlman maraqlarıdır.

Prezident gecə-gündüz deyir ki, məscidlərimiz dağıdılıb, işğaldan azad edilən rayonlarımız yerlə-yeksan edilib. Özləri də gəlib gözləri ilə baxırlar, amma yenə də dünya bir kəlmə də olsun danışmır. Demək burda heç bir dindən, imandan söhbət gedə bilməz. Burda böyük imperiyaların canına doluşan türk xofudur. Bütün xristian dünyası da səfərbər olublar ki, ciddi şəkildə təxribatla məşğul olsunlar. Belə bir məsəl var, “canavarın qabağına düşüb qışlağın yolunu göstərən itləri güllələyirlər”. Mən həmişə demişəm və yenə də deyirəm ki, güllələnmə mütləq bərpa olunmalıdır.

Erməni bizimlə barışmaz, siz kimi aldadırsınız ki. Dünya da bilir ki, kim-kimdir. Erməni mənim qan-gen düşmənimdir. Son yüz ildə ermənilər bizə 13-14 dəfə xəyanət edib. Onlarla nə barışmaq, nə qardaşlıq?! “Tərtər işi” də Azərbaycan dövlətinə qarşı təşkil olunmuş bir xəyanətdir. Prezident bu işlə bağlı göstəriş veribsə, deməli müsbət nəticələr olacaq. Xəyanətkarlar ciddi şəkildə cəzalandırılmalıdır”.

Şeyx Əbdül illərdir onu damda yaşamağa məhkum edən sabiq Bakı meri Hacıbala Abutalıbovdan da danışıb:

“Biz Qış parkında Hacıbala Abutalıbovun obyektlərində çəkiliş edirdik. Oğlu xaricdən zəng vurub restoranı işlədən şəxsləri təhqir etdi. Bildirdi ki, gəlib sizi işdən qovacam, nə haqla onları restorana buraxmısınız. Bəlli oldu ki, Qış parının üstündə və altındakı bütün obyektlər Hacıbala Abutalıbovundur. Bunu oğlu şəxsən etiraf elədi. Hacıbala Abutalıbovun həbsdə olan sabiq müavini Rasim Quliyelə bağlı əlimdə faktlar var. O, adamın heç bir günahı yoxdur. Çəkilişi də buna görə edirdik”.
Tarix: 23-12-2021, 14:26
Xəbəri paylaş





Xəbər lenti