Qazinin intiharı ilə bağlı TƏFƏRRÜAT: “Tikdiyi daxmanın üstünü düzəltmək üçün...”


Qazinin intiharı ilə bağlı TƏFƏRRÜAT: “Tikdiyi daxmanın üstünü düzəltmək üçün...”


Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi Manafov Maşallah Gülağa oğlu ötən gün yaşadığı Sabirabad rayonunun Cavad kəndində intihar edib.
Onun Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasını tərk etdikdən sonra intihar etməsi ilə bağlı məlumatlar var. 
Lakin Sabirabad Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Soltanov Vüqar bununla bağlı saytımıza açıqlamasında qazinin intihardan öncə İcra Hakimiyyətinə getməsini təkzib edib.  
Mərhumun həmkəndlisi, iqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya intiharın təfərrüatları ilə bağlı danışıb. O bildirib ki, kasıb bir ailədə doğulan Maşallah sosial problemlərindən dolayı intihar edib: 

"Maşallahgil ailədə 11 uşaq olub. Kasıb bir ailədə böyüyüb, kəndimizin ən kasıb ailələrindən biri idi. Qardaşlarının əksəriyyəti işləmir. Atası və anası isə rəhmətə gedib. Maşallah döyüşə könüllü şəkildə yazılmışdı. Cəbhədən qayıtdıqdan sonra işlə təmin olunması üçün bütün qurumlara müraciət edirdi. Amma müraciətlərinə müsbət cavab verilmirdi. Maşallah Cavad kəndində kiçik bir daxma tikmişdi, üstünü düzəltmək üçün hər yerə müraciət edirdi ki, dəstək olsunlar. Amma heç kim ona kömək etmədi. İntihar etməzdən öncə İcra Hakimiyyətində qazilərlə olan görüşdə iştirak edib. Amma heç bir səbəb göstərmədən görüşü yarımçıq buraxıb, hava almaq istəyirəm deyib, çıxıb gedib. İntihar etməzdən öncə xeyli-təxminən 10 km-dən çox məsafə qət edib. Kəndin tamamilə ucqarında olan, qardaşına məxsus yurd yerinin həyətində ağacdan özünü asıb. Yalnız 4-5 saat axtarışlardan sonra onu tapmaq olub”.
Həmsöhbətimiz bildirib ki, qazimiz sosial problemlərdən, kasıblıqdan əziyyət çəkdiyi üçün intihar edib: 
“Çünki doğrudan da onun həyat səviyyəsi çox aşağı idi. Maşallahın 4-cü sinifdə oxuyan bir oğlu var. Sahil Babayevin yaratdığı sistem budur. Qazilərin problemi çoxdur və bunlar həll edilməlidir". 
Tarix: 17-06-2022, 14:15
Xəbəri paylaş





Xəbər lenti