DTX Sahil Babayevin əmisi oğlunu niyə həbs edib? - Açıqlama


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad Tofiq oğlu Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, DTX-nin yaydığı məlumata əsasən, Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov Şükür İsbəndiyar oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindən vasitəçilərdən istifadə etməklə təkrar külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilib.
Rəşad Babayev və Şükür Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 1 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan əvvəl DGK-də Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
Tarix: 15-07-2022, 19:11
Xəbəri paylaş





Xəbər lenti