"İstər futbolçular, istərsə də bəzi adamlar məni zəngilanlı yox erməni kimi qələmə verməyə çalışırdılar”
Azərbaycanın tanınmış futbolçularından Elhad Nəziri Unikal.org-a müsahibə verib.Rumıniyanın "Petrolul”, Moldovanın "Milsami” klublarında çıxış etmiş oyunçu müsahibəsində ona qarşı olan laqeydlikdən, pul üçün dostluq edənlərdən və ikiüzlü insanlardan danışıb.
- Elhad bəy, hazırda hansı klubda oynayırsız?- Son kulubum "Rəvan” idi, o da dağıldı. İnşallah bu mövsüm başqa klubla anlaşmalıyam.
- Yerli klubdur?- Yox, demək olar ki, Azərbaycan futbolu ilə heç bir əlaqəm yoxdur. Hazırda Bakıya yeni gəlmişəm.
- Bəs hansı ölkənin futbol klubu ilə anlaşmağı planlaşdırırsınız?- İnşallah, alınsa Türkiyədə oynamalıyam.
- Sizcə "Rəvan”ın adının oyun "alqı-satqısında” hallanması həqiqət idi, yaxsa bəhanə?- Mən olan ili "Rəvan”da 6 oyunun 4-də qələbə qazanmışdıq. Bir məğlubiyyətimiz olub, o da "Turan” klubuna...
Heç bir şeydən xəbərimiz yox idi. Oyuna gəldik. Dedilər oyun yoxdur. Komandanı çempionatdan kənarlaşdırıblar. Həmin gündən də klubdan ayrıldım və heç nə ilə maraqlanmadım. Buna görə də heç kimin haqqına girə bilmərəm. Deyə bilmərəm olub, ya bəhanədir...
Azərbaycanda da heç bir insana, məşqçiyə, menecerə başqa kuluba keçmək üçün və ya mənə şans versinlər deyə müraciət etməmişəm.
- "Azərbaycan futboluyla heç bir əlaqəm yoxdur” dediz. Bundan sonra da ölkəmizdə oynamaq fikriniz yoxdur, yoxsa, təklif olarsa dəyərləndirərsiniz?- Hər bir insanın enişli və yaxşı vaxtları olur. Bizdə də elə alındı. Azərbaycanda adamsız, "day-daysız” futbol oynamaq mümkün deyil. Bunu bütün futbolçular da, bu sahədə çalışanlar da bilir. Hər zaman sözün düzünü demişəm deyə problemlərlə üzləşmişəm. Artıq itirəcəyim heç nə yoxdur. I Liqada o qədər azərbaycanlı uşaqlar var ki, Premiyer Liqada oynamağa layiqdirlər. Amma hamısı bədbəxt olublar. Nə gedəcək yerləri var, nə də dərdini deyəcək insanları...
- Dediyiniz o futbolçular niyə susur?- Hələ də ümidləri var ki, kimsə onlara şans verəcək. Ona görə də susub danışmırlar. Amma mən bir şeyi bilirəm ki, haqsızlıq olan yerdə susmamalısan, haqqını tələb etməlisən. İnsanın qorxacağı birinci Allah, sonra valideyni olmalıdır.
Buna görə də onlar danışsalar da xeyri yoxdur. Bizimkilər ancaq insanın pis hallarını güdürlər ki, əllərində "kozır” edib futbolçunu sındırsınlar, sağda-solda danışsınlar. Lakin öz gözlərindəki tiri görmürlər, onun- bunun gözündə çöp axtarırlar.
Elhad Avroliqada oynayanda, kuboku qazananda, Rumıniyaya transfer olanda nə telefonu, nə də "facebook”u dayanmırdı.
Bir neçə futbol adamlarımız, bəzi jurnalistlərimiz tərəfindən hər gün hər saat axtarılırdım. İndi Elhadı itirib-axtaran yoxdur. Mən heç bir jurnalistin sualını cavabsız qoymamışam, hörmətsizlik etməmişəm ki, özündən razıdır deyə düşünməsinlər.
- Bəs niyə bunları görməzdən gəlirlər? Sizi və etdiklərinizi unutdurmağa çalışırlar?- Azərbaycan futbolunda kimsə məni nə istəyib, nə də dəstək olub. Elə futbolçular qarışıq… Rumıniyadan yeni gəldiyim gün adıma məqalə hazırlatdılar. Bunu da Ruminiya mətbuatında yaydılar ki, "Elhad "lipa”dır”. Mənim karyerama mane olmaq, futbol oynamamaq üçün əllərindən gələni etdilər. Amma mən bütün futbolçulara yaxşılıqdan, dostluqdan, hörmətdən başqa heç nə etməmişəm. Onlara qarşı nə bir səhvim, nə də arxalarıyla qiybətim olmayıb. Görünür, ikiüzlü futbolçular hörmətli olur. Heç kim deyə bilməz ki, Elhad mənə pislik edib.
- Hazırda Azərbaycan futbolundan kiminlə əlaqəniz var?- 5-6 futbolçuyla dostluğum var, başqa heç kimlə… Bizimkilər yaxşı klubda oynayan, yaxşı pul qazanan futbolçularla dostluğa üstünlük verirlər. Ona görə də hamısından uzağam.
Məni Cavid Hüseynov, Urfan Abbasov, Əfran İsmayılov, Aqil Nəbiyev, Alı Hüseynov, Tarık Qasımov, Royal Necefov, Murad Settarlıdan və 2-3 futbolçudan başqa heç kim axtarmır. Heç axtarmaqlarını da istəmirəm. Çünki, inanın pis günündə yaxşılar yanında olur.
- Nə vaxtdan özünüzə qarşı belə laqeydlik hiss edirsiniz?- Milli komandaya çağrılmadığım vaxtdan… İstər futbolçular, istərsə də bəzi adamlar məni zəngilanlı yox erməni bilib, belə də qələmə verməyə çalışırdılar. Bunu da paxıllıqlarından edirdilər. Yaxşı insan kiminsə səhvini axtarmaz. Yaxşı insan odur ki onun səhvini düzəltməyə çalışsın kömək etsin.
- Nə vaxtdan milliyə çağrılmadınız?- Azərbaycanda oynamağa gəldiyim gündən - 2012-ci ildən…
Avropada oynadığım üçün məcbur olub məni çağırırdılar. Çünki o vaxt Avropada oynayan futbolçu tək mən idim. Hazırda da məni nə axtaran, nə də "gəl bu kulubda futbol oyna” deyən var.
- "Rəvan” dağılanda futbolçulara borclu qaldığı deyildi. Bəs siz pulunuzu ala bildinizmi?- Bir ayın maaşını aldıq. Onsuz da mən "Rəvan”a pul qazanmaq üçün yox, futbol oynayıb, formada qalmaq üçün getmişdim.
Tarix: 3-06-2017, 18:10