"Qarabağ Vyana"nın baş meneceri: "Klubumuz ən sonuncu uğurunun qazancından ehtiyacı olanlara yardım edəcək" - MÜSAHİBƏ

"Qarabağ Vyana"nın baş meneceri: "Klubumuz ən sonuncu uğurunun qazancından ehtiyacı olanlara yardım edəcək" - MÜSAHİBƏ
Digər klublardan əsas fərqimiz müasirlik, yenilikçilik və gənclik istiqamətində fəalliyyət göstərməyimizdir
Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" klubunun baş meneceri Ramin Şükürovun "Report"a müsahibəsi

- “Qarabağ Vyana” klubunu təsis etmək ideyası necə yaranıb və bu, nə vaxt baş verib?

- Avstriya paytaxtında "Qarabağ Vyana" adlı futbol klubunun yaradılma ideyası və təşəbbüsünü 2013-cü ildə klubun prezidenti Orxan Vəliyev irəli sürüb. 2014-ci il iyulunda "FC Karabakh Wien" adlı klub rəsmən təsis edilib. Klubun idarə heyətində 4 azərbaycanlı - prezident Orxan Vəliyev, vitse-prezident Ülvi Rzayev, baş menecer Ramin Şükürov və maliyyə meneceri Sənan Əhmədzadə, 1 avstriyalı - vitse-prezident Manfred Modli və 1 türk - idarə heyətinin üzvü Kamran Kuş yer alıb. Klubun adı Azərbaycan və Avstriya üçün tarixi əhəmiyyətə malik region və şəhər adlarından seçilib. Vyana şəhəri Avstriyada və Avropada mədəniyyət-incəsənət tarixinin beşiyi, Qarabağ regionu isə Azərbaycan və Qafqazda eynilə mədəniyyət-incəsənət məkanı kimi tanınır.

- İşğal altındakı Dağlıq Qarabağı dünyaya necə tanıtmağı hədəfləmisiniz?

- Təəssüf ki, son 25 illik zaman kəsiyində Avropa və dünya ictimaiyyəti arasında adının daha çox müharibə və münaqişə ocaqları ilə birgə hallanması Qarabağın əslində sahib olduğu dəyərə xələl gətirib, dünya ictimaiyyəti tərəfindən yanlış tanınmasına səbəb olub. Birbaşa Avstriyada, bilavasitə Avropada Qarabağ adının yerli ictimaiyyətə Azərbaycanın tərkib hissəsi kimi idman vasitəsi ilə müsbət yöndən tanıdılması gənc azərbaycanlı təsisçilər tərəfindən əsas hədəf kimi qarşıya qoyulub. "Qarabağ Vyana" rəsmi internet səhifəsi vasitəsilə Avstriya ictimaiyyətini Qarabağ adı ilə bağlı belə məlumatlandırır: "Qarabağ" sözü qədim türkcədə və Azərbaycan dilində "qara" rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və.s. mənalarını da verir. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ" və s. mənalarını daşıyır. "Qarabağ" Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış regionudur. Azərbaycanın ürəyi hesab olunan Qarabağ regionu ölkəyə tarixən çoxlu sayda tanınmış şəxslər – yazıçılar, idmançılar, siyasətçilər və dövlət xadimləri verib. Qarabağ Azərbaycan musiqisinin beşiyi sayılır.



- Klubun infastrukturu barədə məlumat verərdiniz...

- "Qarabağ Vyana"nın İdarə Heyəti, təsis edildiyi ilk gündən kluba məxsus futbol meydanına sahib olaraq, infrastrukturun inkişaf etdirilməsini prioritet sahə kimi müəyyənləşdirib. 2014-2015 mövsümünün ikinci yarısında "Stadt Wien" (Vyana Şəhər Bələdiyyəsi) və SC "Kaiserebersdorf" adlanan klubla gedən danışıqlar bəhrəsini verib. 2015-ci ilin iyulundan "Qarabağ Vyana" 4 hektara yaxın böyüklükdə olan və “SC Kaiserebersdorf" İdman Mərkəzi adlanan stadionu idman cəmiyyətlərinin hüquqi birləşməsi vasitəsilə əldə edib. Bu arenanın klubumuzun balansına keçməsi Vyana Şəhər Bələdiyyəsi, Vyana Futbol Federasiyası və Vyana Daxili İşlər Nazirliyi tərəfindən rəsmən təsdiqlənib. 2015-2016 mövsümünün ikinci yarısında İdarə Heyəti klubun idman mərkəzinin adını “SC Kaiserebersdorf"dan “Qarabağ Vyana" İdman Mərkəzinə uğurla dəyişdirib. 2016-2017 mövsümündən "Qarabağ Vyana" ev oyunlarını artıq öz adını daşıyan idman meydanında keçirir.

- Gələcəkdə klub infrastrukturunu genişləndirməyi düşünürsünüz?

- Hazırda klubun infrastrukturu istifadəyə yararlı olmaqla, keyfiyyətcə orta səviyyədə dəyərləndirilə bilər. Vyana şəhər mərkəzindən 20 dəqiqə uzaqlıqda yerləşən klub ərazisi 1 süni, 1 təbii ot örtüyü olan idman meydanlarından, 1 idman bufeti, 4 geyinib-soyunma otağı və 1 ofis otagından ibarətdir. "Qarabağ Vyana" İdman Mərkəzi ərazicə inkişaf etdirilmə və yenidәn qurulmaq üçün geniş imkanlara malikdir. Bu önəmli amili nəzərə alaraq, klubumuz hazırkı idman mərkəzindən yenidən inşa vasitəsi ilə UEFA standartlarına cavab verən və "Qarabağ Arena" adlandırılması nəzərdə tutulan müasir kompleksə keçid etməyi hədəfləyir. Bu yöndə artıq ilkin fəaliyyət həyata keçirilib. Avstriyanın ən tanınmış arxitektorlarından sayılan Frants Yants klubun müasir standartlara cavab verən arxitektur planını hazırlayıb. "Qarabağ Arena" adlandırılması nəzərdə tutulan yeni infrastruktur planını Vyana Şəhər Bələdiyyəsi yüksək qiymətləndirərək, bəyənib. Yeni İnfrastruktur plan Avstriya futbolunda ehtiyac duyulan tələblərə uyğun olaraq, 1 süni, 1 təbii meydan, 4 qapalı kiçik futbol meydanları, 1500 nəfərlik üstü qapalı tribuna, idman oteli, fitness mərkəzi, fizioterapevt mərkəzi, qapalı futbol bağçasından ibarətdir. Avstriya Futbol Federasiyasının digər vacib tələbləri də infrastruktur planımızda əksini tapıb.




- Belə bir infrastruktur "Qarabağ Vyana"ya gələcəkdə hansı imkanlar açır?

- Yeni ərazi planlaması "Qarabağ Vyana"ya 2-ci Bundesliqanın özü də daxil olmaqla, bütün infrastruktur tələblərə cavab verir. Klubumuz "Qarabağ Arena" layihəsi ilə Vyanada ilk dəfə özündə idman oteli, fizioterapevt mərkəz, qapalı futbol bağçası və futbol meydanlarını birləşdirən ilk müasir futbol təlim-məşq mərkəzi ola bilər. Bu arena müasir infrastruktur imkanları ilə Avropanın tanınmış futbol klublarının aşağı yaş qrupları səviyyəsində təşkil olunan beynəlxalq yarışlarına ev sahibliyi edərək, özünün uşaq komandalarını və adını Avropa futbolunda irəlilədə bilər. Bundan əlavə, "Qarabağ Vyana" öz müasir infrastrukturu ilə hər il Azərbaycandan Avstriyaya gələn futbol klublarımıza, eləcə də milli komandamıza qış və yay toplanışları üçün ev sahibliyi etmək imkanı verər.

- Bəs aşağı yaş qrupları üzrə komandalarınız hansı vəziyyətdədir?

- Klubumuzun perspektiv inkişaf konsepsiyasında ən önəmli hissə futbol məktəbinin təsis edilməsi və güclü aşağı yaş qruplarına malik olmaqdır. Uşaq futbolunun inkişaf konsepsiyasına artıq 2015-ci ilin avqustundan başlanılıb. İnkşaf konsepsiyası 5 - 7 illik müddəti əhatə edir və 2022-ci ilədək futbol məktəbindən akademiya səviyyəsinə qədər uğurla yüksəldilməsini hədəfləyir. Vyana Futbol Federasiyası ümumilikdə aşağı yaş qrupları sahəsində 4 liqaya - WFV Liqa ( Vyana Futbol Federasiya liqası), A, B və C liqalarına bölünür. Hazırda uşaq komandalarımız B liqasında mübarizə aparırlar. Onlar hər il öz yaş qrupuna uyğun olaraq, fərqli liqalardan mübarizəyə başlayırlar. 2016-2017 mövsümündə bu komandalarımız C liqasında çempion olublar. Bu il ilk mövsümümüzü keçirdiyimiz B liqasında isə qış fasiləsinə lider kimi yollanmışıq. Hazırda ən yaxın izləyicimizlə arada 25 xallıq fərq var. Əsas hədəf kimi B liqada çempion olaraq, A liqaya yüksəlmək qoyulub.

- Bəs 2022-ci ilədək nəzərdə tutulan inkişaf konsepsiyanızda hansı məqsədə çatmağı hədəfləmisiniz?

- İdarə heyətimizin uşaq yaş qruplarındakı əsas hədəfi inkişaf konsepsiyası vasitəsilə 2022-ci ilədək futbol məktəbi səviyyəsindən akademiya səviyyəsinə qədər yüksəlməkdir. Akademiya səviyyəsinə yüksəlmək əsas komandanın Bundesliqaya yüksəlməsi ilə bağlı olduğundan, paralel şəkildə uğur əldə etmək əsas şərtdir. Çünki akademiya liqalarında yalnız Bundesliqada mübarizə aparan futbol klubların aşağı yaş qrupları mübarizə apara bilər.




- Aşağı yaş qruplarınızın hazırlığı üçün hansı şəraiti yaratmısınız?

- Klubun aşağı yaş qrupları sahəsində formalaşdırılmasına ilkin olaraq, ən kiçik yaşlı uşaqların topla ilk tanış olduğu "Qarabağ Vyana" futbol bağçasının təsis edilməsi ilə başlanılıb. Futbol bağçası, əsasən, 4-6 yaş arası uşaqlardan ibarət olmaqla 20 nəfərdən ibarətdir. Futbol məktəbinin ən aşağı yaş qrupu 7 yaşlılardan ibarət olan U-7 komandasıdır. 6 yaşı tamamlanmış uşaqlar futbol bağçasından U-7 komandasına keçid edir. Bundan əlavə, kənar klubların bağça komandasından çıxan və ya heç bir bağça komandasında olmayan kiçik yaşlı uşaqlar da "Qarabağ Vyana" futbol məktəbində yoxlamalar vasitəsilə aşağı yaş qrupları üzrə komandalarına qəbul edilir. Futbol məktəbimiz U-7, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-16 və U-18 fərqli yaş qruplarından ibarət olmaqla, 9 komandadan ibarətdir. Klub futbol məktəbində uşaqların kiçik yaşlarından potensiallarını tam üzə çıxarmaq və doğru inkişaf etmələri üçün, paralel olaraq, fitness, mental və texnika üzrə təcrübəli məşqçilərlə təhsili səmərəli və planlı qurub. Klub 20 fərqli millətdən olan 200 futbolçuya, 25 məşqçi heyətinə və 5 əlavə texniki işçiyə sahiblik edir. "Qarabağ Vyana" multikultural aşağı yaş qrupları heyəti ilə Vyana futbolunda seçilən pozitiv xüsusiyyətə malikdir.

- Klub olaraq, hansı sosial layihələr həyata keçirmisiniz?

- Klubun sosial məsuliyyət istiqamətində hazırladığı layihə, ilkin olaraq, UEFA və Avstriya Futbol Federasiyası tərəfindən rəsmi tərəfdaş kimi təsdiqlənib. Layihənin sponsorlar vasitəsi ilə məliyyələşdirilməsi planlaşdırılır. "Kids and Youth Tribune" (Uşaq və gənclər tribunası") dunya futbolunda sosial məsuliyyət istiqamətində ilk pilot layihədir. Həyata keçiriləcəyi və uğurlu olacağı təqdirdə, bundan digər klublar da yararlana bilərlər. Bundan əlavə, “Play to Help" layihəsi çərçivəsində klubumuz ən sonuncu uğurunu qazandığı turnirin maddi gəlirinin bir qismindən yardım kampaniyasi olaraq, ehtiyacı olan quruma və ya fiziki şəxsə yardim edəcək. Bu prosesi çağırış olaraq, başladaraq, Avstriyanın digər klubları arasında da təşviq edəcəyik. “Disability is not Inability” ("Əlillik bacarıqsızlıq demək deyil") adı altında yaxın 6 ay ərzində daun sindromlu uşaqlarla birgə idman tədbiri planlaşdırırıq. Klubumuz Yeni İl şənliyi zamanı daxili qaydada pul toplayaraq, Sent Anna xəstəxanasının uşaq xərçənginə qarşı mübarizə institutuna yardım edib. Ümumiyyətlə, biz klub olaraq, “Today’s Success is Tomorrow’s History” ("Bugünkü nailiyyət sabahkı tarixdir") devizini seçmişik. Digər klublardan əsas fərqimiz müasirlik, yenilikçilik və gənclik istiqamətində fəalliyyət göstərməyimizdir. Avstriyada klublar, əsasən, tarixi olmaları ilə fəxr edir və çox konservativdirlər. Biz bu istiqamətdə fəaliyyət göstərən klubların tam əksi istiqamətində inkisaf edirik.
Tarix: 30-01-2018, 14:55
Xəbəri paylaş





Xəbər lenti