"Hər üç klubun çempionluğa layiq heyəti var, məncə, İspaniya birinci, Almaniya ikinci, Fransa isə üçüncü olacaq"
Bərdə şəhərindəki futbol meydançasının vəziyyəti bölgədə futbolun durumunun qənaətbəxş olmadığını düşünməyə əsas verir. Tərtər, Ağcabədi, Beyləqan, Füzuli rayonlarında futbol komandaları, ümumiyyətlə yoxdur. Ağdamı təmsil edən "Qarabağ FK" və Bərdənin adından oynayan futbol komandası isə Bakıda fəaliyyət göstərir.
Futbol idmanın ən populyar növü olaraq daha çox maraqla izləndiyi halda, bölgələrdə belə klubların yoxluğu, olanların isə qənaətbəxş səviyyədə olmaması təəssüf hissi doğurmaya bilməz. Futbol azarkeşlərinin dünyada milyonlarla olduğunu nəzərə alsaq, bu idman növünə şərait yaratmaq, inkişafını təmin etmək olduqca vacibdir.
© SPUTNİK / MUSA MURADLI
Bərdə şəhərindəki futbol meydançasının tribunalarındakı sındırılmış oturacaqlar
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov rayondakı futbolun durumu barədə Sputnik Azərbaycan-nın bölgə müxbirinə danışıb.
O bildirib ki, uşaqlardan ibarət futbol komandasında səviyyə baxımından heç bir problem yoxdur. Uşaqlar yüksək səviyyədə oynayırlar. Ancaq böyüklərdən ibarət futbol komandasında vəziyyət bərbad və acınacaqlıdır. Buna görə isə Bərdə rayon Gənclər və İdman İdarəsi məsuliyyət daşımır.
"Böyüklərdən ibarət futbol klubunun işini təşkil etmək, və ya onlara nəzarət eləmək bizim idarəyə aid deyil. Bizdən asılı olan uşaq futbolunun təşkil və inkişaf etdirilməsidir ki, onu da yüksək səviyyədə həyata keçiririk. Nəticələr də uğurludur. Hazırladığımız uşaqlardan bir neçəsi Qəbələ Futbol Akademiyasında oxuyur. Respublika, zona turnirlərində dəfələrlə qalib olmuşuq", — Şahbazov deyib.
Əslində, Bərdədə futbolun durumunu öyrənmək üçün kimisə narahat edib, danışdırmağa dəyməz. Bərdə şəhərindəki futbol meydançasının acınacaqlı vəziyyətini görəndən sonra hər hansı şərhə ehtiyac qalmır. Necə deyərlər, görünən dağa nə bələdçi.
© SPUTNİK / MUSA MURADLI
2011-ci ildə stadion tam yenidən qurulsa da, hazırda o abadlıqdan heç bir əsər-əlamət qalmayıb
2010-11-ci illərdə stadionun abadlaşdırılması üçün görülən işlərdən də heç bir əsər-əlamət qalmayıb. O vaxt yenilənmiş oturacaqlar indi bərbad hala salınıb. Nəzarətsiz qaldığından dağıdılıb. Stadionun müşahidə, geyinib-soyunma kabinetlərinin qarşısında kəndirdən asılan yuyulmuş paltarlar burada hansısa ailənin məskunlaşdığından xəbər verir.
© SPUTNİK / MUSA MURADLI
Tribunalar tamamilə baxımsız vəziyyətdədir
Bərdə futbol klubunun prezidenti və baş məşqçisi Aqşin Qiyaslı klubunun qayğıları və dünya çempionatından gözləntiləri barədə fikirlərini Sputnik Azərbaycan-a danışıb.
Baş məşqçi bildirib ki, klubunun bütün ehtiyaclarını ödəmək, geyim, stadion kimi xərcləri qarşılamaq komandanın öz vəsaiti hesabınadır. Buna baxmayaraq, Aqşin Qiyaslı daim klubu gücləndirmək barədə düşünür. Hətta bundan ötrü komandaya kamerunlu legioner də transfer edib.
© SPUTNİK / MUSA MURADLI
Bərdədəki bu stadion hal-hazırda ətrafda yaşayan uşaqların əyləncə yeridir
Bərdə Rayon İcra Hakimiyyətinə və ya Gənclər və İdman İdarəsinə isə komandanı maliyyələşdirmək üçün hər hansı müraciətləri olmayıb. Rayonda fəaliyyət göstərən bir neçə şirkətdən sponsorluq üçün xahişləri olsa da, "yox" cavabı alıblar.
Aqşin Qiyaslı klubun gələcəyini yaxşı görür, komandanın potensialına güvənərək inanır ki, inkişafa doğru gedirlər. Kluba maliyyə dəstəyi olsa, daha yaxşı nəticələr əldə edə bilərlər.
© FOTO A.QİYASLI TƏRƏFİNDƏN TƏQDİM OLUNUB
Bərdə FK-nin baş məşqçisi Aqşin Qiyaslı
AFFA isə oyunlarda komandanı hakimlərlə təmin edir. Baş məşqçi bu köməkliyi də minnətdarlıqla qeyd edir. Komanda məşq və oyunlarını Bərdədən kənarda, Bakının Qaraçuxur qəsəbəsindəki stadionda keçirir. Buna görə də stadion üçün ayda 300 manat icarə haqqı ödəyirlər. Aqşin Qiyaslı deyib ki, Bərdə stadionunda oynamağı çox istəyirlər.
Moskvada keçiriləcək dünya çempionatı haqqında danışan Aqşin Qiyaslının fikrincə, bu çempionat gərgin keçəcək: "Həm də çox maraqlı olacaq. Burada ciddi klublar oynayacaq və bir-biri ilə mübarizə aparacaqlar".
Baş məşqçi Azərbaycan yığmasının finala çıxmadığına da təəssüflənib: "Azərbaycanın haqqı idi bu çempionatda iştirak etmək. O potensial millimizdə var idi. Çox təəssüflər olsun ki, məğlub oldu".
Bərdə FK-nun rəhbəri Dünya Çempionatı barədə proqnozunu da bizimlə bölüşüb: "Fikrimcə, Fransanın yığma komandası yaxşı oynayır. Buna baxmayaraq, çempionatın favoriti kimi Almaniya və İspaniyanı görürəm. Hər üç klubun çempionluğa layiq heyəti var. Məncə İspaniya birinci, Almaniya ikinci, Fransa isə üçüncü olacaq".