Futbolumuzun kriminal avtoriteti
“Qəbələ”nin futbolçusu Cavid Hüseynovun azadlığa buraxıldıqdan sonra başına gələnlərdən dərs çıxarıb, onun daha intizamlı, səbrli, təmkinli olacağını düşünürdük. Ancaq yarımmüdafiəçi ona həbsdə ikən dəstək olanların etimadını doğrultmadı. Bunun əksinə gedən Hüseynov yaşıl meydanlarda kriminal avtoritet kimi davrandı.
Yəqin, siz də razılaşarsız ki, bir futbolçunun 7 ay ərzində 3 dəfə rəqib oyunçuya qarşı aqressiv davranıb, yumruq-dirsək atması heç də normal hal deyil. Hələ mən təyin olunan penaltini yerinə yetirmək üçün azarkeşlər önündə komanda yoldaşı ilə mübahisə etməsini demirəm. Bundan əvvəl iki dəfə “Zirə” ilə matçlarda aqressiv davranıb, ümumilikdə 5 oyunluq cəzalanan Cavid, bu dəfə “Qarabağ”la oyunda “fərqləndi”.Mövsümün son turunda, həm də canlı yayımlanan matçda özündən çıxan Cavid Hüseynov yenə əl-qolunu işə salaraq, ağdamlıların legioneri Dani Kintanaya dirsəyi ilə zərbə endirdi. Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Cavidin əvvəlki intizamsızlıqlarını da nəzərə alsaq, futbolçunun təxminənm 5 oyunluq cəzalanacağı istisna deyil. Bu isə o deməkdir ki, əgər kapitanı olduğu “Qəbələ” Cavidi heyətdə saxlasa, yeni mövsümün əvvəlində futbolçunun xidmətindən məhrum olacaq.
İndi gəl “Qəbələ”nin Futbol Akademiyasında yetişən gələcəyin futbolçularına Cavid Hüseynovu kapitan deyib, nümunə kimi adını çək. Bu gün Cavidə baxan uşaq, ondan hansı nümunəni götürəcək ki? Ümumiyyətlə, az qala hər oyunda rəqib futbolçuları şil-küt edən Cavid həqiqətən də kapitanlıq sarğısını haqq edirmi? Məncə, Hüseynov yay tətilindən istifadə edib, bu barədə geniş və ətraflı düşünməlidir.
Düşünərkən həbsxana havasını başından çıxarsa, bu, onun gələcəyi üçün daha faydalı olar. Ən azından həbsdə olarkən ona dəstək olan klub rəhbərliyinə, yoxluğunda tribunalarda “Cavid, Cavid” şüarlarını səsləndirən azarkeşlərə, uzun müddətdən sonra qoluna kapitanlıq sarğısı taxan baş məşqçisinə hörmət etməldir. Yox, əgər yenə də öz bildiyini etsə, o zaman Cavid Hüseynovu “sxodka”larda görsəniz, təəccüblənməyin.
Emin SəfərovYenicag.Az
Tarix: 21-05-2018, 23:21