Britaniyalı jurnalist Co Savar “Formula 1” yarışlarının keçirilməsi hüququna görə ödənilən məbləğin azaldılmasına nail olmaq istəyən Azərbaycan Qran Prisinin təşkilatçılarının üzləşdiyi vəziyyəti təhlil edib.Xatırladırıq ki, “Baku City Circuit” (“Bakı Şəhər Həlqəsi”) şirkətinin direktoru, idman və gənclər nazirinin oğlu Arif Rəhimov bir neçə dəfə xarici KİV-lərə verdiyi açıqlamalarında bildirib ki, Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsinə dair müqavilənin şərtlərinə yenidən baxmaq lazımdır. Çünki ölkəsi bu yarışlar üçün başqalarından ikiqat çox ödəniş edir. Bakıda “Formula-1” yarışlarının keçirilməsi üçün müqavilənin müddəti 2020-ci ildə başa çatır, razılaşmaya görə müqavilənin daha 5 il uzadılması nəzərdə tutulur.
Yenicag.az xəbər verir ki, Co Savar bu haqda Formula 1-in rəsmi internet səhifəsində məqalə dərc edib:
“Bakı yarışlarının təşkilatçısı olan Arif Rəhimovun (Azad Rəhimovun oğlu) “Liberty Media” ilə müqavilənin şərtlərinin yenidən nəzərdən keçirilməsinə nail olmaq istəyinə dair xəbər özü-özlüyündə maraqlıdır. Lakin bu Qran Prinin gələcəyinə dair ciddi narahatlıqlar doğurur. Razılaşmalar 2016-2025-ci ilə qədər olmaqla 10 il üçün nəzərdə tutulub. Bu müqavilə də “Formula 1″ə dair bəzi müqavilələrdə olduğu kimi mövcud vəziyyətin dəyişməsi halında vaxtından əvvəl pozulma imkanını nəzərdə tutur”.
Onun sözlərinə görə, Bakı çempionatının sahibləri ikili mövqe tutublar.
“2020-ci ildə Qran Prini sonuncu dəfə keçirmək üçün bu barədə 2018-ci ildə xəbər vermək lazımdır. Belə görünür ki, çempionatın sahibləri ikiüzlü mövqe tutublar. Bununla yanaşı, müqavilənin qüvvədə qaldığı hər il bakılılar vaxtilə vasitəçi rolunu oynamış olan “sinyor” Briatora böyük komissiya ödəyirlər. Daha cəzbedici alternativ meydana gəlsə, böyük ehtimalla, “Liberty” bundan yararlanacaq”,-deyə Savar sözlərinə əlavə edib.
Daha sonra o qeyd edib ki, Arif Rəhimov çox qeyri-ciddi addım atıb:
“Azərbaycan Qran Prisi təqvimdə Berni Ekklstounun sayəsində yer alıb. Lakin “Liberty”də bu məsələyə bir az fərqli yanaşırlar. Ötən il Silverstounda müqavilədə belə bir düzəlişi aktivləşdirilib. Lakin bu avtodrom və “Baku City Circuit” fərqli vəziyyətdədirlər. Britaniya Qran Prisi olmadan çempionatı təsəvvür etmək çətindir və Silverstounun alternativi hələ ki yoxdur. Bəlkə də, Bakıda düşünürlər ki, onlar da bu cür addım ata bilərlər. Lakin bu çox cəsarətli və qeyri-müdrik addım olardı. Azərbaycanda görünən odur ki, bu yarışlardan razıdırlar. Belə ki “Formula 1” sayəsində turizmdən gəlirlər 20% yüksəlib və bu yüksəlişin yavaşlayacağını düşünmək üçün əsas yoxdur. Lakin hər şeyin əvəzini ödəmək lazımdır. Əgər Azərbaycan mərhələsinin təşkilatçıları bunu etmək istəmirlərsə, “Formula 1″ bu ölkəni tərk edəcək. Necə ki bunu əvvəllər dəfələrlə edib”.
Sonda isə britaniyalı avto-idman mütəxəssisi Azərbaycan tərəfinin müqavilənin şərtlərini yerinə yetirmək məcburiyyətində olduğunu deyib:
“Bakıda yarışlar maraqlı keçir. Lakin bu Monako, Silverstoun və Spa deyil. Bu Qran Prinin F1 üçün anlamı elə də böyük deyil. Odur ki, bəlkə də onun təşkilatçıları qüvvədə olan müqavilənin şərtlərini yerinə yetirməli və çempionat sahiblərinin güzəştə getmək niyyəti olmadığı təqdirdə, ödəmələrin azaldılmasına çalışmamalıdırlar. Bəlkə də, ödəmələrin azaldılmasına nail olmaq üçün çalışmaq daha yaxşı olardı.”
Tarix: 23-05-2018, 20:59