Azərbaycan millisinin hücumçusu Mirabdulla Abbasov çətin günlər keçirir. Onun ürəyi "Neftçi”dən qırılıb, öz gələcəyini orda görmür. Qarşısına məqsəd qoyub ki, klubdan ayrılsın.
Bu mövzuda əvvəllər də yazmışdıq. Qeyd etmişdik ki, futbolçunun qarşısında iki yol var – Ya "Neftçi”dəki taleyi ilə barışmalı, ehtiyatda gün keçirməlidi. Ya da ki, müqavilədəki şərtlərə uyğun olaraq "Neftçi”yə öz cbindən 100 min manat ödəməli və azad agentə çevrilməliydi. İkinci yolu seçdi, bu haqda da ətraflı məlumata sahibsiz.
Amma "Neftçi” tərəfi indi "valı” dəyişib. Deyirlər ki, 100 manatın yazıldığı bəndin əvvəlində "əgər” sözü yazılıb. Əgər "Neftçi” razı olmasa, Mirabdulla heç yerə gefə bilməz. Əcəb işə düşmüşük. Gənc hücumçunu nə oynadırlar, nə oynaya biləcəyi yerə buraxırlar. Guya ki, Avropadan təklif gəlsə, buraxmağa hazırdılar. Özü də pulsuz.
Çox hörmətli Kamran Quliyevlə Ceyhun Sultanov futboldan baş çıxaran adamdılar. Özləri də yaxşı başa düşürlər ki, Avropa klubları futbolçunu qaşına-gözünə görə yox, oyununa görə transfer ediblər. Mirabdulla son yarım ili "Neftçi”də ehtiyatda keçirib. Elə bunun da sayəsində adı millinin 23 nəfərlik heyətinə də düşməyib. Hansı Avropa klubu belə futbolçuya elçi düşər? Avropa klublarının diqqətini cəlb etmək üçün klubda da, millidə də müntəzəm oynamaq, özünü göstərmək şərtdi. İndiki halda da Mirabdulla oynaya biləcəyi kluba getməlidi. "Neftçi”də onu Monrozla Dabonun kölgəsində gün keçirmək gözləyir. Başqa heç nə.
Ən maraqlısı isə "Neftçi”nin tətbiq etdiyi ikili standartlardı. Bir standart braziliyalı Dario Federiko üçündür. O biri isə azərbaycanlı Mirabdulla Abbasov üçün. Birlikdə diqqət yetirək.
Bu sözləri Dario cəmi 4 ay bundan əvvəl demişdi: "Neftçi” ilə aramızda narazılıq oldu. Mən yaxşı təklif almışdım və getmək istəyirdim. Amma onlar məni buraxmırdılar. Həqiqətən əsəbiləşdim və müəyyən narazılıq yarandı. "Neftçi”nin idman direktoru Ceyhun Sultanovun xarakteri yoxdur. Çünki biz razılıq əldə etdik, amma o, razılaşmaya əməl etmədi. Lakin mən istədiyimi həyata keçirdim və klubdan ayrıldım”.
Ceyhun Sultanov Federikonun bu sözlərinin cavabında demişdi ki, ürəyi "Neftçi”ylə olmayan futbolçunu saxlamağa dəyməzdi və braziliyalı tələb olunan təzminatı verib, klubla müqaviləsini pozub. Yəni ki, burda qəbahətli iş yoxdu. Bilənlər də bilir ki, Darionun gedişiylə "Neftçi” çox şey itirdi. Bəlkə də elə çempionluğu da. Çünki Dabo – Dario – Mirabdulla "üçlüyü” rəqiblər üçün çox təhlükəli idi. Rəhbərlik Darionu əldən buraxdı, Mirabdullanı isə Sansonenin kölgəsinə atdı.
İndi də Mirabdulla pulunu verib, "Neftçi”dən getmək istəyir. Amma "Neftçi” rəhbərliyi Darioya etdiyi güzəşti ona etmək istəmir. Bir ayaqlarını iki başmağa dirəyiblər ki, müqaviləsini uzatsın, onu icarəyə buraxaq. İcarəyə buraxırsızsa, deməli, Abbasov sizə lazım deyil. Lazım olmayan futbolçunu nə üçün ehtiyatda çürüdürsüz? Braziliyalı Darioya etdiyiniz yaxşılığı nə üçün azərbaycanlı balası Mirabdullaya etmirsiz? Çox qəribədi dostlar.