“Hazırda Türkiyədən, digər əcnəbi ölkələrdən və Rusiyadan iş adamları bizə maliyyə dəstəyi vermək istəyir”
“Biz bu işdən heç bir təmənna ummuruq, məqsədimiz xalqımızın qəhrəman oğlunu dünyaya tanıtmaqdır”
“Azərbaycan filmi bizdən almaq istəməsə, məcbur olub onu ölkəmizə hədiyyə edəcəyik. Çünki Azərbaycan tamaşaçısı bu filmi görməlidir”
Əslən Qarabağdan olan, məcburi köçkün, idmançı, kaskadyor, aktyor, qaydasız döyüş üzrə Dünya və Avropa çempionu, 2014-cü ildə İtaliyada Azərbaycan bayrağını ucalara qaldıran, 2017-ci ildə Ukraynada keçirilən yarışmada Avropa çempionu titulunu qazanan Sənan Əliyev qonağımızdır. Onunla söhbəti “Hürriyyət”in oxucularına təqdim etməzdən öncə qısa bir xatırlatma etmək istərdik. Yadınızdadırsa, bir neçə ay əvvəl kino aləmində “Aleks Kərim” kimi tanınan Kərimov Əbdül-Rza Rauf oğlu ilə söhbəti sizə təqdim etmişdik. Rusiyada yaşayan soydaşımız illərdir Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, xalqımızın ölməz oğlu Əhmədiyyə Cəbrayılov haqda bədii film çəkmək üçün komandası ilə birgə əlindən gələni etdiyini, amma maliyyə çətinliklərinə görə çəkilişlərin yubandığından gileylənmişdi. Bu günlərdə öyrəndik ki, aşılmaz sədlərə, maneələrə baxmayaraq, vətənpərvər kinematoqrafçılar istəklərindən dönməyiblər və filmin çəkilişləri üçün artıq real zəmin yaranıb. Hər halda Sənan Əliyev filmin ən qısa zamanda ərsəyə gələcəyinə tam əmindir.
- Xoş gördük, Sənan bəy.
- Sağ olun.
- 3 ildən çoxdur ki, Azərbaycanın ölməz oğlu Əhmədiyyə Cəbrayılov haqda filmin çəkilişlərinə cəhd edilir. Bu film xalqımız, dövlətimiz üçün çox önəmlidir. Azərbaycanın mərd oğlu xaricdə, Fransada milli qəhrəman adına layiq görülüb və bu gün də fransız xalqı, Fransanın hökumət nümayəndələri onun adını, xatirəsini uca tuturlar.
Təbii ki, belə bir şəxsiyyət haqda filmin nümayişi Azərbaycanın dünyadakı nüfuzunu yüksəldər. Bədxah qonşularımız faşist Njde haqda Rusiya və digər əcnəbi ölkələrdə filmlər, seriallar çəkib, o qaniçəni dünyaya bir qəhrəman kimi tanıtmağa çalışıblar.
Biz isə öz qəhrəmanlarımızı dünya yetərincə tanıda bilmirik. Bu missiyanı bir qrup vətən təəssübkeşi ilə birgə siz öz üzərinizə götürmüsüz. 4 ilə yaxındır ki, böyük problemlərlə üzləşirsiniz. Sizcə, bu nə ilə əlaqədardır: Nəyə görə filmin çəkilişləri bu qədər uzanır?
- Əvvəla, qeyd edim ki, sözügedən film haqda məlumatım olsa da, yalnız bu ilin may ayından bu komanda ilə birgəyəm. Yəni Bu illər ərzində Əbdül və Anar bəy başda olmaqla, komandanın filmin ərsəyə gəlməsi üçün nə qədər əziyyət çəkdiyini bilirəm.
Təəssüf ki, Azərbaycanda səsimizə səs verən olmadı, daha doğrusu, söz verən oldu, amma irəli çıxıb sözünün üstündə duran olmadı. Bu gün də gözləyirik.
Amma hazırda Türkiyədən, digər əcnəbi ölkələrdən və Rusiyadan iş adamları bizə maliyyə dəstəyi vermək istəyir. Onlar mənim yaxın dostlarımdır, bilirəm ki, sözlərini tutacaqlar. Amma Azərbaycandan investorun olmaması mənə ağır gəlir. Xarici investorlarla tez-tez əlaqə saxlayıram, söhbət əsnasında məndən soruşurlar ki, bəs nə oldu, Azərbaycandakı iş adamlarından cavab glmədi? Mən isə heç vaxt öz soydaşlarımı onların ayağına vermirəm. Deyirəm ki, danışıqlar gedir. Onu da öəlavə edirəm ki, bunun sizə heç bir aidiyyatı yoxdur. Çünki onlara ərkim çatır. İllərin sınaqdan çıxmış dostlarıdır. Dəfələrlə onlara kömək etmişəm, heç bir artıq sual ermədən, şərt qoymadan.
- Dediniz ki, Azərbaycada yaşayan iş aqdamlarına müraciət etsəniz də, bu günə qədər heç birindən konkret cavab ala bilməmisiniz. Adlarını çəkə bilərsiniz həmin adamların?
- Adarnı çəkməyə ehtiyac duymuram. Bilirəm ki, filmin nümayişindən sonra özləri peşmanlıqlarını etiraf edəcəklər. Hələliksə bircə onu deyə bilərəm ki, kifayət qədər imkanlı və nüfuzlu insanlara müraciət etmişəm, hansısa səbəblərdən nə “hə” deyiblər, nə də ki, “yox”. Hətta aralarında söz verib, konkret vaxt təyin edib geri çəkilənlər də olub. Zənglərə cavab verməyib, görüşə gəlməyənlər işi əməlli-başlı ləngidiblər. Onlardan pulu götürüb Mark Dokaskosun qonorarının bir hissəsini ödəməli idik ki, müqaviləni imzalasın. Onu da deyim ki, filmdə əsas obrazlardan birini canlandıracaq Hollivud ulduzu ilə mütəmadi əlaqə saxlayırıq, yeganə problem isə sırf maliyyə ilə bağlıdır.
Son zamanlar bütün qrup son dərəcə gərgin iş rejiminə keçib, bu da səbəbsiz deyil. Qarşıdan 2020-ci il gəlir. Böyük Vətən Müharibəsi qələbəsinin 75, Əhmədiyyə Cəbrayılovun isə 100 illiyi qeyd ediləcək. Bütün possovet məkanı ölkələri ən azından bir qəhrəmanı haqda sənədli və bədii filmlər çəkib. Azərbaycan isə bu günə qədər heç bir qəhrəmanımız haqqında dünya kinematoqrafına tutarlı bir ekran əsəri təqdim etməyib. Demək olar, dünyanın bütün ölkələrində diasporlarımız var, onlara kifayət qədər maliyyə vəsaiti ayrılır, amma çox təəssüf ki, heç bir əsaslı iş ortaya qoyulmur. Bizim çox imkanlı iş adamlarımız var, onlar üçün bir filmi maliyyələşdirmək heç nədir. Elə 10 milyon azərbaycanlının hərəsi 1-cə manatından keçsə, yüksək səviyyəli film çəkib, dünya bazarına çıxara bilərik. Mən hələ Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızı bu siyahıya qatmadım. Azərbaycanımızın güneyində, Türkiyədə, dünyanın demək olar ki, hər yerində azərbaycanlılar yaşayır. Birlik olsa, xarüqələr yaradarıq.
Şəxsi məsələlərimlə bağlı dəfələrlə müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza müraciət etmişəm, heç vaxt da məni əliboş qaytarmayıblar. Amma bu filmlə bağlı müraciət etdikdə nədənsə geri çəkildilər. Bununla belə, artıq qeyd etdiyim kimi, səsimizə səs verən soydaşlar tapıldı. Ümid edirəm ki, ən tez zamanda investisiya yatırımı gerçəkləşəcək, filmin çəkilişlərinə başlayacağıq və Azərbaycanımızın milli qəhrəmanını bütün dünyaya tanıdacağıq.
Mən idman aləmində də Azərbaycanı tanıtmaq və bir yenilik etmək məqsədi ilə “Alp Turan (Cəsur türk döyüşçüləri)” adlı ilk vətənpərvər, milliyyətçi bir klub açdım. Bu addımı atanda hər kəs məni qınadı, heç kəsin bu adda kluba sponsorluq etməyəcəyini iddia etdilər. Həqiqətən də düz 4 il əziyyət çəkdim, sanki özüm özümü baltalamış oldum. Amma maddiyyat baxımından itkilərim olsa da, xətrimi istəyən, cəsur, istedadlı tələbələr qazandım. Bu gün qürurla deyirəm ki, tələbələrimin arasında ali məktəblərə 690 balla qəbul olunanlar var.
Əlaçı uşaqlara şərait yaradırdım, onlardan pul almırdım, onları təhsilə həvəsləndirirdim. Heç bir qarşılıq gözləmədən onlarla işlədim və nəticəsini də gördüm.
Bu gün mən də gəncəm hələ, cəmi 35 yaşım var, tələbələrim məndən də gəncdir, amma inanıram ki, 15-20 il sonra belə bir film çəkəsi olsaq, elə keçmiş tələbələrim illərlə keçdiyim pulsuz məşqlərin qarşılığı olaraq filmin bütün maliyyə xərclərini öz üzərlərinə götürərlər.
Əslində biz artıq filmin çəkilişlərinə başlamalı idik, amma aldığım fiziki zədə və Azərbaycandakı iş adamlarının gözləmə mövqeyində durması işimizi yubatdı.
- Əminsiz ki, 2020-ci ilə qədər sözügedən film hazır olacaq?
- Məncə, film daha tez bir müddətdə çəkilib tamaşaçılara təqdim olunacaq. Dediyim kimi, mən hər bir sahədə yenilik etməyi xoşlayıram və mənə verilən tapşırığı, öhdəmə götürdüyüm işi vaxtında yerinə yetirməyə alışmışam, əgər iş yubanıbsa, bunun çox ciddi səbəbləri olub. Ümumiyyətlə, hər zaman çalışmışam ki, bacarmadığım işin qulpundan yapışmayım. Mənim ayağım sınıq halda döyüşüb qələbə qazandığım vaxtlar oub. Dediyim odur ki, heç bir çətinlikdən qorxmuram, qarşıma qoyduğum məqsədə çatmaq üçün sona qədər dirəşirəm.
Əslində mən idmana hobbi kimi baxmışam. İki hobbim olub - balıq tutmaq və idman. Amma özümü dərk etdiyim bir gündən nəsə yaratmaq eşqi ilə yaşamışam, yeniliyə meyilli olmuşam. Əsas yenilikləri də məhz idman sahəsində imza ata bildim, özümü bir idmançı kimi təsdiq etdim. İndi isə söz verirəm ki, xalqımızın ölməz oğlu Əhmədiyyə Cəbrayılova həsr etdiyimiz film hökmən 2020-ci ildə ekranlara çıxacaq.
- Bildiyimiz kimi, sözügedən filmdə əsas rollardan birini Hollivud aktyoru Mark Dokaskos oynayacaq, siz də Əhmədiyyə Cəbrayılovun obrazını canlandıracaqsınız. Maraqlıdır, necə oldu ki, bu rola məhz siz təsdiq olunduz?
- Dokaskos Əhmədiyyə Cəbrayılovun silahdaşı, milliyyətcə qazax türkü olan Kadirin obrazını canlandıracaq. Mənə gəldikdə isə, əslində filmdə çəkilmək fikrim yox idi. Qarşıma qoyduğum yeganə məqsəd nəyin bahasına olursa-olsun, bu il filmi ərsəyə gətirmək idi. Bu təklif Əbdül bəydən gəldi. Əhmədiyyə Cəbrayılova zahiri oxşarlığım onda belə bir fikir yaratdı. Bu da məmim üçün daha bir motivasiya və qürur yeri oldu, məsuliyyətim birə beş artdı.
- Siz bu vaxtadək əsasən komediyalarda kiçik rollar oynamısız, koskodyor kimi çəkildiyiniz filmlər də olub. İndi isə ciddi bir ekran əsərində Hollivud ulduzu ilə eyni çəkiliş meydançasını paylaşacaqsınız. Təbii ki, bu böyük bir məsuliyyətdir.
- Tamamilə razıyam. Əbdül bəy bu təklifi edəndə çox düşünüb-daşındım. Uzun müddət ona cavab verə bilmədim. Amma düşündüm ki, əgər belə bir seçim edibsə, demək bir bildiyi var və özümdə cəsarət tapıb filmdə çəkilməyə razılıq verdim.
- Əhmədiyyə Cəbrayılov haqda film çəkmək istəyən tək siz deyilsiniz. Amma onun varisi, oğlu məhz sizi seçib və filmin çəkiliş hüququnu sizə verib. Bu da böyük bir məsuliyyətdir.
- Doğrudur. Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir əmi ilə dəfələrlə görüşmüşük. Filmin çəkiliş hüququnu bizə həvalə edib. Bunu təsdiq edən rəsmi sənəd və video çarx da var əlimizdə.
- Bəs “Generallardan öndə” bədii filmini Azərbaycanda necə təqdim etmək fikrindəsiniz? Axı bildiyim qədər, Azərbaycanda nə rəsmi qurumlar, özəlliklə də Mədəniyyət Nazirliyi, nə də yerli iş adamları filmin çəkilişinə maraq göstərmirlər.
- Məndən öncə aidiyyati qurumlara müraciət olunmuşdu. Mən də yerli iş adamlarına, nüfuzlu insanlara müraciət etdim, yalnız bir nəfər, hörmətli ağsaqqalımız səsimə səs verdi. Xaricdə müalicə olunduğu üçün məktubumu görməyibmiş, bu günlərdə köməkçisi zəng vurub həmin insanın mənimlə görüşəcəyini bildirdi. Ümid edirəm ki, söhbətimiz baş tutacaq.
Filmin Azərbaycandakı nümayişinə gəldikdə isə, təbii ki, Azərbaycan filmi bizdən almaq istəməsə, məcbur olub onu ölkəmizə hədiyyə edəcəyik, çünki Azərbaycan tamaşaçısı bu filmi görməlidir.
Onsuz da biz bu işdən heç bir təmənna ummuruq, məqsədimiz xalqımızın qəhrəman oğlunu dünyaya tanıtmaqdır. Bu bizim vətənpərvərlik borcumuzdur.
- İnanıram ki, istəyinizə çatacaqsınız, film dediyiniz vaxtda ərsəyə gələcək. Xalqımızın, vətənimizin, dövlətimizin bu filmə həqiqətən böyük ehtiyacı var. Sağ olun ki, bu məsuliyyətli və şərəfli işi öz üzərinizə götürmüsünüz. Sizə uğurlar diləyirəm.
- Təşəkkür edirəm.
Hazırladı: Banu OĞUZ, Hurriyyet.org