İyun, 1955-ci il. "Reyms" Avropa səyahətinə çıxan "Botafoqo" ilə yoldaşlıq matçı keçirirdi. O dönəm "ağ-qırmızılar" Madrid "Real"ı ilə birlikdə Avropanın ən yaxşı komandası hesab edilirdilər. Təsadüfi deyil ki, azarkeşləri heyran qoyan oyunları sayəsində Fransa çempionu olmuşdular.
Yerli azarkeşlər yenə heyrət içində idilər, amma bu dəfə hisslər çox soyuq təsir bağışlayırdı: "Reyms” – "Botafoqo” - 1:5. Bu azmış kimi, matçın son 5 dəqiqəsi daha böyük bir şoka səbəb oldu. "Botafoqo”nun baş məşqçisi Zeze Moreyra futbolçularına oyun bitənə qədər topu özlərində saxlamağı tapşırmışdı. Qonaqların sağ cinahında çıxış edən futbolçu isə topu nəinki "Reyms”li futbolçulara verdi, hətta onu öz komanda yoldaşları ilə belə paylaşmadı. Son 5 dəqiqəni rəqiblərini bir-bir aldadaraq keçən bu driblinq ustası Manoel Fransisko dos Santos və ya Mane Qarrinça artıq Avropada tanınırdı.
Elə həmin il Almaniya çempionu "Rot Vays Essen”lə yoldaşlıq görüşündə Qarrinça etdikləri ilə necə bir driblinq ustası olduğunu bir daha sübuta yetirmişdi. Komanda yoldaşı Valdir Pereyra (Didi) tərəfindən yaradılan epizodda Qarrinça "Essen”in qapıçısı Frits Herkenratla təkbətək qalır, lakin onun üzərinə getmək əvəzinə, topu sağ ayağına çəkərək böyük bir zövqlə rəqib komandanın müdafiəçilərini təəccübləndirmək üçün gözləyirdi. Bundan iki il sonra İtaliyada "Fiorentina” ilə oynanılan və 4:0 bitən matçda braziliyalı top sehrbazı vurduğu qolla Florensiyada da müqəddəs hava yaratmışdı.
İsveç, DÇ-1958-in 4-cü qrupu, Braziliya – SSRİ matçı
Yenə öz ampluasında olan Mane Qarrinça öz driblinqləri ilə sovet futbolçularını həyatdan küsdürmüşdü. Həmin dönəm SSRİ yığması özünəməxsus müdafiə xətti ilə seçilirdi. Oyunun ilk 3 dəqiqə 34 saniyəsi ərzində Boris Kuznetsov başda olmaqla, daha iki müdafiəçini publika qarşısında gülüş obyektinə çevirən "driblinq kralı”nın zərbəsinə dirək səs versə də, Braziliyanın Vava, Didi və Pele ilə davam edən hücumları matçın üçüncü dəqiqəsində hesabın açılması ilə nəticələndi. Bu an isə Braziliya futbol tarixinə ən gözəl 3 dəqiqə kimi keçdi. Vavanın dublu ilə SSRİ-ni məğlub edən Braziliya ardıcıl olaraq Uels (1:0), Fransa (5:2) və meydan sahibi İsveçə (5:2) qalib gələrək ilk dünya çempionluğunu yaşadı. 4 il sonra eyni nailiyyət bu dəfə Çilidə təkrarlanacaq və Qarrinça mundialın ən yaxşı futbolçularından biri olacaqdı.
1933-cü ildə dünyaya gələn Qarrinça futbol oynamağa yararlı sayılmırdı, çünki sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi. Sol ayağının sağ ayağından 6 sm. qısa olması bunu deməyə əsas verir. Çətinliklərə baxmayaraq, Mane uşaq ikən dostları ilə, böyüdükdən sonra isə Rio Qrandenin məhəllə komandalarında ağlasığmaz driblinqlər və ehtirası ilə futbol oynamağa davam edirdi...
17 yaşı olarkən Qarrinça Rionun böyük komandalarından "Vasko da Qama"nın futbolçu seçimlərində iştirak etmək istəsə də, özünə ayaqqabı tapa bilməmişdi. 1951-ci ildə şəhərin kiçik klubu "San-Kristovan"da özünü yoxladı, "Fluminense"də isə çox gözlədildikdən sonra sonda uzun yola çıxmayacağı üçün təsəlli edildi.
1952-ci ilin martında yenə küçədə driblinqləri ilə yaşıdlarını çarəsiz qoyan 19 yaşlı Mane Pau Qrandeyə gəzmək üçün gələn "Botafoqo”nun futbolçusu Aratinin diqqətini çəkdi və peşəkar futbolçu ona klubda məşq etmək təklifini etdi, lakin uğursuz keçmiş təcrübələrə görə, buna inanmayan gənc ulduz dəvəti geri çevirdi. Bir neçə ay sonra o, məhz Aratinin israrı sayəsində, qatara 100 kruzeyro pul verən Aratinin tanıdığı şəxs tərəfindən Rioya gətirildi. Əyri ayaqlarına görə diqqətlə yoxlanılan və çoxları tərəfindən ciddiyə alınmayan Qarrinça növbəti gün məşqdə iştirak etmiş və bütün komandanın diqqətini cəlb etmişdi.
10 İyun 1953-cü il, yəni Qarrinçanın "Botafoqo” ilə müqavilə imzaladığı tarix bu gün də yerli azarkeşlər tərəfindən müqəddəs gün kimi qeyd olunur. Mane komanda yoldaşı Nilson Santosla onu yerlə bir edənə qədər oynamışdı. Amma onu da qeyd edək ki, Santos da bir neçə dəfə Qarrinçadan top almağı bacarmışdı. Bu duel sonradan futbolçuların uzunmüddətli dostluğuna səbəb oldu. "Botafoqo” forması ilə 581 matçda 232 dəfə fərqlənən Mane komandası ilə 3 dəfə Rioda çempion oldu və 2 dəfə Rio-San Paolo kubokunun sahibi oldu. Yığma ilə isə 2 dəfə ardıcıl dünya çempionluğunu bayram etdi və Çilidəki mundialın bombardirlərindən biri oldu.
Bir neçə dəfə evlilik həyatı yaşayan və 13 dəfə ata olan Qarrinçanın futboldan kənar həyatı heç də ürəkaçan deyildi. Spirtli içki aludəçisi olan məşhur futbolçu 20 Yanvar 1983-cü ildə - 50 yaşında dünyasını dəyişdi. "Botafoqo” tarixinin şəriksiz ən yaxşı futbolçusu sayılan Qarrinça ölkəsində həm də "Korintians”, "Flamenqo” və "Olaria” klublarının, Kolumbiyada isə "Atletiko Cunior”un şərəfini qoruyub.../Sport7.az/