11 ayı geridə qoyduq: iqtisadiyyatımızda nələr yaşandı?


İqtisadçı: “İxracımızın 1 milyard 94 milyon dolları qeyri-neft sektorunun payına düşür”

2018-ci ilin 11 ayı geridə qaldı. Ötən 11 ay ərzində Azərbaycanın milli valyutası olan manatın məzənnəsində dəyişiklik nəzərə çarpmadı. ABŞ-ın Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsində dəyişiklik etsə də, qonşu dövlətlərin valyutaları devalvasiyaya uğrasa da, Azərbaycan manatının dollara nisbətdə  məzənnəsi 1.70 AZN olaraq qalmaqdadır.

Lakin neftin qiymətlərində sabitlik müşahidə edilmədi. Belə ki, ötən 11 ay ərzində bahalaşmaqda olan neft qiymətləri, son bir ay ərazində aşağı düşdü. Belə ki, Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti ay ərzində 21,6 faiz ucuzlaşaraq bir bareli 59,17 dollar olub. Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı  nefti ay ərzində 32,62 faiz ucuzlaşaraq bir bareli 51,56 dollara düşüb. Azərbaycanın “AzeriLight” markalı nefti ay ərzində 20 faiz ucuzlaşaraq bir bareli 61,10 dollar olub.

Bəs ölkə iqtisadiyyatında son 11 ay ərzində daha nələr dəyişdi?

“Yeni Müsavat”a danışan iqtisadçı Vüsalə Əhmədova ölkənin qeyri-neft sektorunda ixracına diqqət çəkərək bildirdi ki, rəsmi rəqəmlərə görə, ilin 8 ayı ərzində 12,9 milyard ABŞ dolları ixrac həyata keçirilib: “Bunun isə  1 milyard 94 milyon dolları qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sahəsi üzrə ixrac olunan məhsullara nəzər salsaq, bunlar əsasən pomidor, qabığı təmizlənmiş meşə fındığı, xurma, alma, xiyar və kartofdur. Çox cüzi nar şirəsi, tomat pastası və şərab yer alır. Göründüyü kimi, ölkəmizin qeyri-neft sektorunun ixrac lokomotivi hələ də yaş meyvə və tərəvəzlərdir. İxrac olunan ərzaq malları arasında əlavə dəyəri yüksək olan məhsulların azlıq təşkil etməsi isə digər bir problemdir. Ölkənin ixrac potensialının yüksəldilməsi baxımından konservləşdirilmiş məhsullar, şərab, tomat, qənnadı məmulatları, meyvə qurusu, cemlər, mürəbbələr və s. kimi əlavə dəyəri yüksək məhsulların ixracı vacibdir. Əfsuslar olsun ki, ölkəmizdə innovasiya, dizayn, markalaşma və texnologiyaya diqqət yönəldilmir. Qeyri-neft sahəsi üzrə ən çox ixrac həyata keçirdiyimiz ölkə Rusiyadır ki, onunla da qida təhlükəsizliyi baxımından bir sıra əngəllərlə üzləşirik. Xatırladım ki, ötən illərdə Rusiyanın ”Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti" Azərbaycandan 18 ton pomidor idxalının qarşısını almışdı. Azərbaycandan idxal olunan alma və xurmada da zərərli faktorlar aşkarlanmışdı. Eynilə Avropa ölkələri də (İspaniya və s.) Azərbaycandan meşə giləmeyvəsi və fındıq idxalına qadağa qoymuşdu. Bütün bu kimi halların yaşanmaması və “Made in Azerbaijan” adı altında xarici bazarlarda daha çox təmsil olunmaq üçün ilk olaraq beynəlxalq qida təhlükəsizlik standartlarının tətbiqi mütləqdir".

VüsalÉ ÆhmÉdova ile ilgili görsel sonucu

Ekspertə görə, 2018-ci il üzrə neft qiymətləri müəyyən qədər qənaətbəxş olsa da, 2019-cu ildə təkrar eniş gözlənilir: “ABŞ şist ehtiyatlarındakı artım, o cümlədən, Rusiya və Səudiyyə Ərəbistanının hasilatı artırması bunu deməyə əsas verir. Xammal ixracatçı ölkələr anlamalıdırlar ki, risk zonasında yerləşirlər, onların qısa müddətli zənginləşməsi əbədi böhranlar gətirə bilər. Hələ Sovet dövründə ölkəmizdə neftə alternativ olaraq inkişaf etdirilmiş olan pambıqçılıq müstəqillikdən sonra demək olar ki, tənəzzülə uğradı. Son dövrlərdə Azərbaycanda yenidən pambıqçılığa maraq artsa da, nəticələr bir o qədər də ürəkaçan deyil. Mərkəzi Bankın sədri Elman Rüstəmov bu ilin 9 ayı üzrə ölkədə orta illik inflyasiya göstəricisinin 2,6% təşkil etdiyini bildirdi. 2018-ci ilin 9 ayı üzrə istehlak məhsulları və xidmətlərin qiymətlərinə nəzər salsaq görərik ki, 2017-ci ilin eyni dövründə baş vermiş kəskin bahalaşmanın ardınca bu il də 4%-lik bahalaşma müşahidə edilib. O cümlədən, ərzaq məhsullarında 4,5%, qeyri-ərzaq mallarında 4,3%, əhaliyə göstərilən ödənişli xidmətlərdə 2,9% bahalaşma baş verib. İl ərzində qoyun və mal əti, zeytun, marqarin, kərə və qarğıdalı yağları, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, şabalıd, göyərti, pomidor, xiyar, soğan, kartof, qəhvə, çay, kakao, düyü və yumurta kimi ərzaq məhsullarının qiymətlərində də kifayət qədər artım olub. Nəzərinizə çatdırım ki, ölkəyə idxal olunan kartofun rüsumu sentyabr ayında 15%-dən 30%-ə qaldırılıb. Nəticədə kartof məhsulunun qiymətində 10-15%-dən çox artım yaşanıb. Bütün bu hallar Azərbaycanda inflyasiyanın göstərilən rəqəmlərdən çox olduğunu deməyə əsas verir”.

İqtisadçı bank sektorundakı vəziyyətə də toxundu: “Bu ilin sentyabr ayı üzrə ölkə banklarında problemli kreditlərin məbləği 1 milyard 749 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə isə problemli kreditlərin həcmi 7,5% yüksəlib. Bank kreditlərinin 60%-i dollardadır, bu isə 10 milyard dollar təşkil edir ki, onun da 2,5 milyard dolları istehlak kreditləridir”.


Tarix: 3-12-2018, 08:36
Xəbəri paylaş





Xəbər lenti