OPEC tarixə çevrilir: “Varlığı ilə yoxluğu fərq etmir”


OPEC tarixə çevrilir: “Varlığı ilə yoxluğu fərq etmir”

Qətərin 2019-cu ildə Neft İxracatçısı Ölkələri Təşkilatını (OPEC) tərk edəcəyi ilə bağlı qərarından sonra bu qurumun dağılması məsələsi gündəmə gəlib.Qətərin ardınca Əlcəzair, Nigeriya və Anqola kimi ölkələrin də OPEC-i tərk edəcəyi deyilir.Bununla yanaşı İraqın da dünyanın ən böyük neft karterini tərk edəcəyi gözlənilir. Nəzərə alsaq ki, OPEC-in son iclası kifayət qədər qalmaqallı keçdi və bir neçə ölkə, İran, Rusiya və ABŞ qurumun verəcəyi qərara əməl etməyəcəyini açıqladı, dünyanın ən böyük neft karterinin nüfuzdan düşdüyünü demək olar. İran də ABŞ-ın tətbiq etdiyi sanksiyalar dayandırılmayana qədər OPEC rəsmiləri ilə görüşməyəcəklərini açıqlayıb.Belə bir açıqlama ilə İranın neft naziri Bijan Zanganeh çıxış edib.

Ekspertlər də OPEC-in artıq önəmli rol oynamadığını, neft bazarını qurumun qərarlarından daha çox digər amillərdən asılı olduğunu deyir. İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında OPEC-in indiki vəziyyətdə daha çox siyasi qurum olduğunu deyib: 

“Bu qurum Sovetlər Birliyi dünya xəritəsində var olana, yəni 1991-ci ilə qədər müəyyən müstəvidə təsir imkanlarına malik idi. Son dövrlərdə isə OPEC sadəcə olaraq simvolik bir qurumdur.Çıxışlarında, hərəkətlərində, qərarlarında hansısa qiymətəmələgəlmə prosesinə impulsiv təsir edə bilir.Yəni, dünya birjalarında neftin qiyməti OPEC-in qərarlarına daha çox impulsiv reaksiya verir.Qiymətlərin aşağı və ya yuxarı trendinin əmələ gəlməsində rol oynamır.Bu nöqteyi nəzərdən OPEC daha çox passiv, simvolik qurum kimi qəbul olunur.OPEC-in dağılacağını isə düşünmürəm.Çünki ən azı statistik olaraq OPEC-in hərəkətləri, fəaliyyətləri siyasi motivləri səhnə arxasında ört-basdır edir.İqtisadi baxımdan isə OPEC-in varlığı ilə yoxluğu heç bir əhəmiyyət kəsb etmir”.

Baş verən proseslərlə yanaşı OPEC-ə yeni üzvlərin qəbul edilməsi ilə bağlı məlumatlar var. Belə ki, OPEC-in ötən gün baş tutan Vyana toplantısında Azərbaycan, Kolumbiya, Misir və Meksikanın bu quruma üzvlüyünün müzakirə olunacağı iddia olunsa da, bu məsələ ümumiyyətlə gündəlikdə yer almırdı. Ekspetlərin fikrincə isə indiki halda heç bir ölkə OPEC-ə üzv olmaq istəməz.Səbəb kimi isə OPEC-in dünya neft bazarında önəmli rola malik olmaması göstərilir.Hazırkı duruma görə OPEC dünya güclərinin diktəsi ilə fəaliyyət göstərir.ABŞ neftin qiymətinin ucuzlaşmasında maraqlıdır.Əsas neft ölkələri isə neft qiymətlərinin tənzimlənməsi üçün OPEC-in müəyyən addımlar atmasını tələb edir.OPEC isə son Vyana toplantısında hasilatın azaldılması ilə bağlı ümumi razılıq əldə etsə də, bu azalmanın nə qədər olacağı ilə bağlı konkret rəqəm yoxdur.Məlumatlara görə OPEC yekun qərar üçün Rusiyanın mövqeyini gözləyir.Nəzərə alsaq ki, Rusiya hələ iclasdan əvvəl OPEC-in qərarı ilə razılaşmayacağını bəyan etdi, rəsmi Moskvanın mövqeyinin OPEC-i razı salmayacağını indidən demək mümkündür.Bu isə o anlama gəlir ki, OPEC neft qiymətlərinin tənzimlənməsində bu dəfə də önəmli rol oynaya bilməyəcək.

Vilayət Muxtar

Tarix: 8-12-2018, 21:12
Xəbəri paylaş





Xəbər lenti