Gələn il əmlak vergisindən kimlər azad olacaqlar?

  


2019-cu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində tətbiq olunacaq yeni qaydaların bir hissəsi də əmlak vergisi ilə bağlıdır. Dəyişikliklərdən biri budur ki, əvvəlki qaydaya görə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisi ödəməkdən azad idilərsə, gələn ildən bu güzəşt müddəti 2014-cü il yanvarın 1-dən 10 il müddətinə artırılır.
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov yenilikləri İnsider.az-a şərh edərkən bildirdi ki, əmlak vergisi ilə bağlı dəyişikliklər yalnız “Vergi güzəştləri və azadolmalar” adlı 199-cu maddəyə ediləcək və onları 2 qrupa bölmək olar: əvvəlki azadolmaların dəqiqləşdirilməsi, yeni azadolma və güzəştlər.
 
Əvvəlki azadolmalar üzrə dəqiqləşdirmələr bunlardır: 
1) Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azad idi. 2019-cu ilin əvvəlində bitən həmin müddət daha 5 il də artırılacaq.
2) 2016-cı ildən investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.
Hüquqşünas bildirdi ki, kənd təsərrüfatının inkişafı əsas hədəflərimizdən olduğu üçün, bu istiqamətdə fəaliyyət quran şəxslərin əmlak vergisindən azad olmasının müddətinin daha 5 il artırılması çox müsbət haldır. İnvestisiya təşviqi sənədi almış şəxslərin əmlak vergisindən azadolmasına isə məhdudiyyət müəyyən olunacaq:
“Belə ki, yalnız müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlaka görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azad ediləcəklər. Özü də bu azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Eyni zamanda, azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir. Hesab edirəm ki, düzəliş tam məntiqlidir. Yəni azadolma ünvanlı olmalıdır və sahibkarın hər hansı əmlakına şamil edilməməlidir. Bununla belə, bir daha vurğulayıram ki, bu azadolmadan artıq istifadə edən şəxslər əvvəlki qaydada istifadə edəcəklər. Çünki qanunun geriyə qüvvəsi yoxdur”.
Ə.Həsənov bildirib ki, yeni azadolma və güzəştlər bunlardır: 
1) Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər və fərdi sahibkarlar əmlak vergisini ödəməkdən azad olacaqlar.
2) KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə əmlak vergisini ödəməkdən azad olacaqlar.
Hüquqşünas qeyd edib ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər və fərdi sahibkarların əmlak vergisi ödəməkdən azad edilməsi müsbət haldır və ən kiçik sahibkarlara dəstəkdir:
“KOB klaster şirkətlərinə gəlincə, xatırladım ki, KOB klaster şirkəti – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxsdir. Hələlik müvafiq meyarlar müəyyən edilməyib, amma hər bir halda, aydındır ki, bu, iri sahibkarlıq subyektləri istisna olmaqla, digərlərinə ciddi güzəştdir”.
Hüquqşünas 3-cü bir dəyişiklik olduğunu da nəzərə çatdırıb:
“2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi aşağıdakı şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid ediləcək:
-hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
-ödənilmiş əmlak vergisinin qaytarılımasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın”.
Hüquqşünas vurğuladı ki, bu güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq ediləcək. Ə.Həsənovun fikrincə, güzəşt özəlləşdirmənin stimullaşdırılmasına xidmət edəcək.
Şəfa Tapdıq
Tarix: 14-12-2018, 15:16
Xəbəri paylaş





Xəbər lenti