Harada, nə vaxt və necə? - Bakıda tikinti işbazları qaydaları pozur


Harada, nə vaxt və necə? - Bakıda tikinti işbazları qaydaları pozur

Bakıda yeni binaların inşası bir çox hallarda ətrafda yaşayanların narazılığına səbəb olur.Bəzən axşam və gecə saatlarında tikinti işləri aparılır və yaranan səs-küy insanları narahat edir. Bakıda binaların bir-birinə yaxın tikilməsi, ara məsafələri ilə bağlı normativlərə əməl olunmaması bu problemi xüsusilə aktual edir. 

Paytaxtda bu cür problemin yaşandığı yerlərdən biri də Süleyman Rəhimov küçəsidir.“Cümhuriyət” qəzetinə şikayət edən sakinlərin sözlərinə görə, bu ərazidə aparılan tikintidə işlər gecə saatlarında da davam edir.Həm tikintidə aparılan işlər, həm yük maşınlarının səsləri onları narahat edir.Tikinti işlərinin yaratdığı narahatçılıq təkcə onların yaratdığı səs-küylə bağlı deyil.Bakı şəhərində onlarla inşaası yarımçıq qalmış binalar var. Bu tikintilərin aparılması üçün müəyyən ərazi hasarlanır, vətəndaşların gediş-gəlişində məhdudiyyətlər tətbiq olunur, qazıntı işlərinin tozu ətrafa yayılır və ekologiyaya, insanların sağlamlığına ziyan vurur.Yarımçıq qalmış tikililərin üzərinə “müvəqqəti narahatlığa görə üzr istəyirik” sözləri yazılsa da, bu müddət bəzən illərlə çəkir.Bu cür tikililər həm də təhlükə mənbəyi hesab olunur.Həmçinin uzun müddət tikintisi dayandırılan binaların keyfiyyəti də konkret zaman ərzində inşa edilən binalarla müqayisədə aşağı səviyyədə olur.Belə ki, bina aşınmaya məruz qalır.Dəmir çubuqlar çürüməyə məruz qalır. Yaşayış binalarının istismar müddəti 150-200 il götürülsə də, tikintisində uzun müddət fasilə yaranan binalar təqribən 50 ildən sonra dağılmaq təhlükəsi ilə qarşılaşır. Ekspertlər həm tikildiyi torpağın istifadəsizliyinə rəvac verən, həm də tikili kimi işə yaramayan bu cür binaların mənzil bazarında qiymətləri bahalaşdırdığını da bildirirlər.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirdi ki, tikinti işləri adətən üçnövbəli nəzərdə tutulur: 

“Şirkətlər özləri bir və ya iki növbəli sistem də tətbiq edə bilərlər. Amma belə bir məsələ var ki, gecə saat 11-dən sonra səs-küy minimuma endirilməlidir.Ətrafda yaşayanların narahatlığına səbəb olmamaqla işlər görülə bilər.Gecə tikintisi dünyanın hər yerində var. Çünki mərkəzi şəhərlərdə küçələrdə nəqliyyat, sakinlər azalandan sonra tikinti işlərini aparmaq daha rahat olur”.Bəs bina tikintisinə icazə verilərkən layihənin icra müddəti nəzərə tutulurmu? Ekspert qanunvericilikdə belə bir müddətin nəzərdə tutulmadığını dedi: “Amma Şəhərsalma və Arxitektura Komitəsinin belə bir tələbi var ki, əgər tikinti üç aydan arıq müddətdə dondurulursa, həmin tikinti konversasiya olunmalıdır. Onun tikintisinə icazə müddəti bitir və tikinti davam edən zaman yenidən Komitədən icazə alınmalıdır.Binaların tikilmə müddəti ilə bağlı normativlər var ki, onlar bizdə Sovet dövründə mövcud idi.İndi isə bununla bağlı hansısa tələb yoxdur.Amma hesab edirəm ki, yenidən həmin məsələyə qayıtmaq lazımdır”.

Qeyd edək ki, bir sıra dünya ölkələrində tikintisi yarımçıq qalmış binalar dövlət tərəfindən sahibkardan alınır və başqa şirkətə verilir.(Cebhe.info)


Tarix: 16-12-2018, 15:31
Xəbəri paylaş





Xəbər lenti