Manat gələn il “yüngül addımlarla” DƏYƏRDƏN DÜŞƏ BİLƏR

                Natiq Cəfərli: "Bu zaman əlində dollar saxlayan banklar daha karlı olacaqlar"
"Azərbaycanda avronun taleyi dünyadakı dollar-avro münasibətlərindən asılıdır"
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bununla bağlı yayılan informasiyada deyilir ki, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, noyabrda dollar satışı 164,5 milyon dollar və ya 33,6 faiz artıb. Məlumata görə, ARDNF tərəfindən bu ilin sentyabr ayı ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 2018-ci ilin 11 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 5 milyard 783,3 milyon ABŞ dollarına çatıb.
Gördüyünüz kimi, yuxarıda əks olunan məlumatlar son aylar ölkədə dollar satışının kəskin artdığını təsdiqləyir. Bununla bağlı mövqeyini bildirən iqtisadçı ekspert Rövşən Ağayev də Azərbaycanda xarici valyutayaya tələbatın artdığını bildirib. Belə ki, Mərkəzi Bankın 10 ayın yekunları üzrə bankların nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqladığını vurğulayan ekspertin sözlərinə görə, ötən ilin 10 ayı ilə müqayisədə banklar tərəfindən nağd satılan xarici valyutanın həcmi 2 dəfəyə yaxın artıb: "Bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1.750 mlrd. dollar, 2018-ci ilin eyni dövründə isə 3.380 mlrd. dollar ekvivalentində olub. Bu göstərici 2015-ci ildən - kəskin devalvasiya ilindən sonra ən yüksək göstəricidir. Bu ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77.2 faizini ABŞ dolları, 19.6 faizini avro, 1.8 faizini ingilis funtu, 1.4 faizini isə rus rublu təşkil edib".
"Bankların nağd satdığı xarici valyutanın həcmi nağd valyuta alışını təxminən, 1.2 mlrd. dollar üstələyib"
Rövşən Ağayev qeyd edib ki, bankların nağd satdığı xarici valyutanın həcmi nağd valyuta alışını təxminən, 1.2 mlrd. dollar üstələyib: "Əslində dərin analiz tələb edən rəqəmlərdir: iqtisadi fəallığın ən aşağı həddə olduğu, iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin faltiki olaraq artmadığı dövrdə bütövlükdə ev təsərrüfatlarının və fiziki şəxslərin xarici valyutaya tələbatının artması real görünmür. Bunu ona görə yazıram ki, nağd valyutaya tələbi əsasən bu subyektlər təmsil edir. Əsas ehtimalım odur ki, valyutaya tələbin artmasında dövlət sektorunun xərclərinin ötən ilə nisbətən kəskin artımıdır. Söhbət xüsusilə də dövlət sektorunun investisiya təyinatlı xərclərinin artımından gedir. Rəsmi statistikaya gərə, bu ilin 10 ayında ötən ilin eyni dövrünə nəzərən təkcə hökumət mənbələri üzrə investisiya xərcləri 80 faizədək artıb. Bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmləri yüksək səviyyədə olmadığından müxtəlif kanallarla nağd valyuta bazarına yolu xeyli rəvandır. Bəlkə də sırf təsadüfdəndir, bu 2 göstəricinin artım miqyasında da xeyli yaxınlıq var".
"Əgər ciddi artım yoxdursa, onda ortaya belə bir məntiqli sual çıxır: Manat bankların nəyinə lazımdır ki, depozitlərin faiz dərəcələrini artırırlar?"
 
Bu arada, onu da nəzərinizə çatdıraq ki, son zamanlar bankların manatla depozitlərin faiz dərəcələrini artırması ilə bağlı məlumatlar dolaşmaqdadır. Ekspertlər isə bunun heç də yaxşı olmadığını bəyan edirlər. Mövzu ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bankların manatla depozitlərin faiz dərəcələrini artırmaları, yəni manat kütləsi yığmaları sonda manat qıtlığına gətirib çıxarmayacaq: "Çünki banklar depozit qəbul edərkən, obrazlı desək, onu seyfə yığıb saxlamırlar. Belə ki, onları müəyyən dərəcədə iqtisadiyyatın müxtəlif sahələrinə ya kreditlər şəklində, ya da Mərkəzi Bankın qiymətli kağızlarının alınması şəklində iqtisadiyyata geri qaytarırlar. Odur ki, burda manat qıtlığından söhbət getmir. Sadəcə, dünya praktikası və iqtisadi nəzəriyyə onu deyir ki, əgər hər hansı bir ölkədə depozit faizləri artırılırsa, bunun iqtisadi səbəbi o ola bilər ki, kreditlərə tələbat artır, Azərbaycanın timsalında götürsək, manatla kredit verilməsinin sürətlə artımı baş verir. Bu zaman banklar əlavə manat vəsaiti cəlb edib kreditləşməni aktivləşdirmək üçün depozitlərin faizini yüksəldirlər".
Lakin son dövrlərdə Azərbaycanda kreditlərin ciddi şəkildə artması ilə bağlı hər hansı məlumatın olmadığını vurğulayan ekspertin sözlərinə görə, ötən ilə nisbətən istehlak kreditlərində cüzi artım müşahidə olunur: "Ki, bu da heç 1 faizə çatmayıb. Əgər ciddi artım yoxdursa, onda ortaya belə bir məntiqli sual çıxır: Manat bankların nəyinə lazımdır ki, depozitlərin faiz dərəcələrini artırırlar? Bu zaman belə ehtimal oluna bilər ki, manat kütləsini cəlb edərək Azərbaycanda inzibati qaydada dolların məzənnəsi sabit saxlanılır. Və həmin manat kütləsinin böyük bir qismini yenidən dollara yönəldə, dollar ehtiyatlarını, dollarla olan hesablarını artırmaqla məşğul ola bilərlər ki, gələcəkdə manatın məzənnəsi ilə bağlı hər hansı bir problem yaşansa əllərində olan dollar onların bu prosesdən gəlirli çıxmasına səbəb ola bilər. Bir daha qeyd edim ki, kreditlər artmayıb. Belə olan halda bankların bir marağı olmalıdır ki, manatla depozitlərin faizini qaldırsınlar. Kredit yoxdursa, deməli, burada maraq valyutaya yönələn vəsaitin artımına hesablanmış ola bilər".
"Neftin qiyməti hələlik kifayət qədər komfortlu zonadadır"
Natiq Cəfərlinin fikrincə, bu ilin oktyabr və noyabr aylarında hərraclarda satılan dolların həcminin artması da dolayı yolla bunu təsdiq edir: "Məsələn, sentyabr ayına nisbətən noyabr ayında dollar satışında az qala iki dəfə artım müşahidə olunub. Deməli, bankların dollara olan tələbatı da artıb. Bu, bankların əllərində olan manatın bir qisminin dollara çevrilməsi prosesinə start verildiyinin dolayı yolla təsdiqi ola bilər. Yəni belə bir ehtimal ola bilər. Təəssüf ki, Azərbaycanda bütün proseslər şəffaf şəkildə getmədiyi üçün ancaq iqtisadi nəzəriyyə və ehtimallar üzərindən fikir bildirmək mümkündür".
İqtisadçı ekspert bu qənaətdədir ki, gələn il neftin qiymətində ucuzlaşma olarsa, onda manatın yüngül addımlarla dəyərdən düşmə prosesi baş verə bilər: "Hesab edirəm ki, kəskin devalvasiya olmayacaq. Çünki neftin qiyməti hələlik kifayət qədər komfortlu zonadadır. Azərbaycan bütün proseslər neftlə bağlıdır. Neftin qiyməti də hələ ki, 60 dollar civarındadırsa, kəskin devalvasiya olması ehtimalı aşağıdır. Lakin yumşaq formada manatın məzənnəsinin aşağı düşmə prosesi ola bilər. Hətta ölkənin maliyyə nazirinin də bu yaxınlarda bununla bağlı çox ciddi müzakirələrə səbəb olan açıqlaması olmuşdu. O, qeyd etmişdi ki, qeyri-neft sektorunun ixracatının, turizm gəlirlərinin artırılması üçün möhkəm manat siyasəti sərf etmir. Bütün bunları nəzərə aldıqda, belə anlamaq mümkündür ki, gələn il neftin qiymətində ucuzlaşma olarsa, onda manatın yüngül addımlarla dəyərdən düşmə prosesi baş verə bilər. Bu zaman əlində dollar saxlayan banklar daha karlı olacaqlar. Çünki bu gün yığdıqları dolları 1 manat 70 qəpik məzənnəsi ilə hesablayırlarsa, sabah manatın məzənnəsi 1,80, 1,90 olsa, onda onların manat kütləsində artım müşahidə olunacaq. Mənə elə gəlir ki, atılan addımların məntiqibunu deməyə əsas verir".
"Son iki gündür ki, dollar dünya bazarlarında bir qədər möhkəmlənib"
Avro ilə bağlı məqama gəlincə, Natiq Cəfərli bildirdi ki, dolları inzibati qərarlarla sabit saxladıqları üçün avronun məzənnəsi dolların çarpaz məzənnəsinə əsasən hesablanır:"Yəni manatla dolların məzənnəsi sabit olduğu üçün dollarla avro dünyada necə dəyişirsə həmin nisbətə çarpaz məzənnəyə görə, manatla da məzənnəsi müəyyənləşdirilir. Son iki gündür ki, dollar dünya bazarlarında bir qədər möhkəmlənib. Məsələn, iki bundan öncə 1 avro 1 dollar 14 sentdən yuxarı idisə, bu gün 1 avro 1 dollar 13 sentə qədər ucuzlaşıb. Bunun çarpaz məzənnəsini hesablayaraq Mərkəzi Bank çox sadə formulla avronun da manata qarşı məzənnəsini müəyyənləşdirir. Beləcə, avronun Azərbaycandakı taleyi dollar-avro çarpaz məzənnəsinin taleyindən asılıdır. Yəni dünyada dollar bahalaşsa, Azərbaycanda avro ucuzlaşacaq. Yox əgər əks proses baş versə, o zaman avronun məzənnəsinin qalxmasının müşahidə edəcəyik. Yeri gəlmişkən, Azərbaycanda bunun tətbiqini görmüşük. Belə ki, təqribən, bir il öncə avronun güclü vaxtlarında 1 avro 1 dollar 24 sentə qədər möhkəmlənmişdi. O zaman ölkəmizdə 1 avronun məzənnəsi 2 manatı keçmişdi. Odur ki, bizdə avronun taleyi dünyadakı dollar-avro münasibətlərindən asılıdır".
Tarix: 18-12-2018, 05:58
Xəbəri paylaş





Xəbər lenti