Dünyada ərzaq bahalaşır: Azərbaycanda daha yüksək inflyasiya gözlənilir?


Dünyada ərzaq bahalaşır: Azərbaycanda daha yüksək inflyasiya gözlənilir?

Cari ilin üç ayı ərzində inflyasiyanın səviyyəsi 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsullarının payı isə 60 faizdən artıqdır.
Rəsmi statistikaya görə, 2021-ci ildə illik inflyasiya 12 faiz, orta illik inflyasiya 6,7 faiz təşkil edib. 2021-ci ildə idxal qiymətləri 21 faizdən çox artıb.
Mərkəzi Bankın məlumatına görə, pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməyib. Rəsmi statistikaya görə 2022-ci ilin martında ötən ilin eyni ayına nəzərən qiymətlərin ümumi səviyyəsi 12,1 faiz artıb.
Aylıq inflyasiya isə 1,1 faiz olub. Martda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 16,8 faiz, qeyri-ərzaq məhsulları 6,6 faiz, xidmətlər isə 10 faiz bahalaşıb.
Qeyd edək ki, ötən ilin birinci rübündə inflyasiya 5 faiz civarında idi ki, illik olaraq 12 faiz göstərilib.
Cari ilin isə ilk rübündə inflyasiya 12 faizdirsə, ilin sonuna bu rəqəmdə daha da artım gözlənilirmi, yaxud enmə müşahidə ediləcəkmi?
İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, inflyasiyanın birinci rübdə 12 faiz olması o demək deyil ki, ilin sonunadək 20-30 faiz civarında davam etməlidir:

"Ola bilsin ki, növbəti aylar inflyasiyanın səviyyəsi səngiyə bilər. Məsələn, 2-ci rübdə 6 faiz, 3-cü rübdə 3 faiz ola bilər və nəhayət, 1-ci rübdə 12 faizdirsə, ilin sonuna 6-8 faiz təşkil edə bilər.İlin əvvəlində 12 faiz olması o demək deyil ki, yüksək xətlə gedəcək. Ancaq reallığa nəzər salsaq, birincisi, bu gün dünya bazarlarında bahalaşmanın ilkin səbəbi pandemiya oldu. Ümumilikdə isə dünyada ərzaq məhsullarının qiyməti 10 ildir ki, yüksəlir. Bu müəyyən bir sürətlə davam edirdi ki, pandemiyada bütün dünya iqtisadiyyatı bununla mübarizədə fiskal və monetar siyasətdən istifadə elədi.
Yəni yardımlar, külli miqdarda vəsaitlər hərəkətə gəldi və nəticədə inflyasiyanın olması təbii bir hal idi. Ərzaq məhsullarının bahalaşması və pandemiya bu vəziyyətin yaranmasına gətirib çıxardı. Bu, 2022-ci ilin birinci rübündə drayverin əsas hissələrindən biri idi".
Ekspert deyir ki, Rusiya-Ukrayna münaqişəsi dünya bazarlarında yenidən bahalaşmaya səbəb olub:
"Birincisi, enerji daşıyıcılarına təsir edir. Rusiya enerji ilə bağlı kifayət qədər çəkisi olan bir dövlətdir. Eyni zamanda həm Ukrayna, həm də Rusiya taxıl nöqteyi-nəzərdən ixracatçı kimi dünyada 1-ci, digəri 5-ci ölkədir.
Bundan başqa bitki yağları ilə bağlı hər ikisi dünya ixracatında xüsusi çəkiyə malikdirlər. Bütün proseslər zəncirvari şəkildə qiymətlərə təsir edir. Bu gün istisna olunmur ki, ikinci rübün sonuna adıçəkilən məhsulların dünya birjalarında qiyməti bahalaşa bilər və bu da öz növbəsində həmin məhsulların yeni inflyasiyasını gətirə bilər.
Bu məhsullar istehlak səbətində xüsusi çəkisi olan əmtəələrdir. Yəni bu baxımdan zəncirvari dalğa gələ, qiymət artımına səbəb ola bilər. Belə olduğu halda inflyasiya 12 faizdən də yuxarı qalxa bilər".
Tarix: 30-04-2022, 12:44
Xəbəri paylaş





Xəbər lenti