Dollar bütün dünyada bahalaşır: Azərbaycanda nə gözlənilir?.. - AKTUAL


Dünya bazarında əksər valyutalara nisbətən ABŞ dolları möhkəmlənməkdə davam edir. Avropa İttifaqında durğunluq müşahidə edildiyi üçün bu fonda avro da ABŞ valyutasına nisbətən dəyərsizləşməkdədir.
Bəs Azərbaycanda ABŞ valyutasının dəyəri arta bilərmi?
Artıq bir neçə ildir ki, Mərkəzi Bank ABŞ valyutasının dəyərini dəyişmədən saxlaya bilir. Dünyada baş verən hadisələr fonunda Azərbaycanda ABŞ valyutası dəyişilməz olaraq qalacaqmı? Dia.az-ın məlumatına görə, deputat Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib. Eybi zamanda strateji məhsulların qiymətlərində də azalamlar müşahidə edilir. Belə ki, Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz azalmasına səbəb olub. Birjalarda volatilliyin artmasına həmçinin dolların möhkəmlənməsi də təsirsiz ötüşmür.

“Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur”,- deyə deputat qeyd edib. Onun sözlərinə görə, Azərbaycan hələ ki, üzən məzənnə rejiminə keçməyib. Bu səbəbdən də praktik olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Yəni Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Bu səbəbdən də növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına müsahibəsində qeyd edir ki, ölkəmizdə ABŞ dollarının dəyəri neftin dünya bazar qiymətlərinə bağlıdır: “Azərbaycanda valyuta bazarı inzibati qaydada tənzimlənir. Yəni, sərbəst üzənnə məzənnə rejimi hökm sürmür”.

Pərviz Heydərovun sözərinə görə, beynəlxalq maliyyə bazarlarında ABŞ dollarının dəyərinin dəyişməsi ölkəmizin valyuta bazarında özünü göstərmir. Onun fikrincə, bu yalnız o ölkələrdə özünü büruzə verir ki, sərbəst üzən məzənnə rejimi mövcuddur və valyuta bazarında yerli pul vahidinin məzənnəsini tələblə təklifin nisbəti müəyyən edir.

“Bir sözlə, manatın ABŞ dollarına münasibətdə yaxın perespektivdə dəyişə biləcəyi gözləntisi yoxdur. Çünki neft hazırda büdcəmizdə nəzərdə tutulandan iki dəfə bahadır”,- deyə ekspert bildirib.
Tarix: 12-05-2022, 14:55
Xəbəri paylaş





Xəbər lenti