Bakıda un qıtlığı: “Artıq hiss edirik...” - Çörək zavodları deyir ki...




BMT Təhlükəsizlik Şurasının qida təhlükəsizliyi üzrə eksperti Sara Menker Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünya anbarlarında cəmi 10 həftəlik buğda qaldığını deyib.

O, Rusiya və Ukrayna arasında gedən müharibənin bu problemi daha da dərinləşdirdiyini bildirib. 3 il öncə BMT taxıl-buğda qıtlığının olacağı ilə bağlı dünya əhalisini xəbərdar etmişdi. Bundan sonra dünya pandemiya ilə üzləşdi. Hazırda taxıl ixracatçısı olan iki dövlət arasında müharibə gedir. Bunun da ayrı-ayrı ölkələrə öz təsiri var. Ötən ildən bizim əsas taxıl idxal etdiyimiz ölkə Rusiyadır. Hadisələrin isə hansı yöndə davam edəcəyi qeyri-müəyyəndir.

Bu qeyri-müəyyənlikdə ölkəmizi nə gözləyir? Hazırda dəyirmanlarda və çörək zavodlarında nə qəədr buğda və un ehtiyatımız var?
Siam.az xəbər verir ki, “Karmen” MMC-nin direktoru İlham Xəlilov Cebhe.info-ya açıqlamasında yeni mövsümə qədər ehtiyatlarının olduğunu deyib:

“2 aylıq ehtiyatımız var. Ondan sonra təzə buğda çıxır. Bu il Rusiya və Qazaxıstanda məhsul boldur. Elə ciddi problemimiz yoxdur. Yaxın vaxtlarda qıtlıq gözlənilmir”.

“Abşeron Taxıl” MMC-dən isə payıza qədər ehtiyatın olduğu deyilib:

“Tədbirimizi öncədən görmüşük. Yetərincə ehtiyatımız var. Mövsümün sonudur, təzə taxıl çıxacaq, ola bilsin ki, qiymətlər də azalar. Oktyabara qədər ehtiyatımız var. Onda da yeni taxıl çıxacaq”.

“Nömrə 1” çörək zavodundan Rəşad Mehdiyev saytımıza bildirib ki, unun çatdırılması və qədəri ilə bağlı çətinlik yoxdur:

“Bir həftəlik, 10 günlük ehtiyat saxlamaq imkanımız var. Hələ dünyada gedən proseslərin təsirini görmürük, çətinlik yaşamırıq. Şirkətlər vaxtında lazımı miqdarda unla bizi təmin edirlər. Böyük şirkətlərlə işləyirik”.

“Nur” çörək zavodunun nümayəndəsi Söhrab Cabbarov isə dünyadakı proseslərin təsirini artıq hiss etdiklərini deyib:

“Olanların təsiri bizə də çatıb. Çətinliyimiz yaxşı un tapmamaqla bağlıdır. Aşağı qiymətə təklif olunan unlar keyfiyyətsizdir. Biz də sahibkar kimi keyfiyyətli məhsul istəyirik. Buğda az olduğu üçün belə dəyərləndirilir. Yaxşı un yuxarı qiymətə satılır. Topdan 36 manata, pərakəndə 38-40 manata təklif edirlər. Qıtlıq yavaş-yavaş hiss olunur. Dövlət tərəfindən bazara nəzarət var. Lakin problemlər yavaş-yavaş hiss olunur. Əgər mən istədiyim unu ala bilmirəmsə, bu, bazarda qıtlığın olması deməkdir. Müştəri seçimini rahat etməlidir. Seçimimiz yoxdur”.

“Binə” çörək zavodundan Seymur Babayev isə dəyirmanlardan 2-3 gün ehtiyatlarını alıb, çörək istehsal etdiklərini vurğulayıb.
Tarix: 27-05-2022, 22:53
Xəbəri paylaş





Xəbər lenti