Rusiya Avropaya qaz nəqlini tam dayandıra bilərmi? - AÇIQLAMA


Rusiya Ukrayna müharibəsi uzandıqca, dünyada iqtisadi böhran daha da dərinləşir. Belə ki, Rusiyanın “Qazprom” şirkəti Danimarka və Almaniyaya qaz nəqlini tam olaraq dayandırıb.
Məlumata görə,  Rusiya şirkəti Danimarkanın “Orsted Salg & Service A/S” və Almaniyanın “Shell Energy Europe” şirkətlərinə qaz tədarük etməyəcək. Buna səbəb isə sözügedən şirkətlərin Rusiya qazına görə rubl ilə ödəniş etməməsi olub.
Maraqlıdır, Rusiyanın bu qərarının nəticələri nə olacaq? Qərar bütün Avropaya şamil edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu qərar ilk növbədə neft qiymətlərini yüksəldəcək:
“Çünki Rusiyanın tələbi ikili hesabların açılmasıdır. Rusiya həm rus rubl, həm də avro ilə hesabların açılmasını tələb edir. Xarici şirkətlər xarici valyuta ilə köçürdüyü qaz pulunu sonradan rubla konvertasiya edərək “Qazprom”a ödəniş etməli idi. Hələlik bir neçə şirkət bu məsələdə razılığa gələ bilməyib. O cümlədən, Danimarka və Almaniya şirkətlərinin bəziləri də buna etiraz edir. Bu isə Danimarka və Almaniyaya qazın verilməsinin dayandırılmasına səbəb olub. Hesab edirəm ki, Rusiyanın bu addımı ilk növbədə qaz qiymətlərinin yenidən yüksəldəcək”.

 
Ekspertin fikrincə, neftlə bağlı da bənzər ssenari gözlənilir:
“Rusiya neftinə embarqonun tətbiq edilməsi yüksək olan neft qiymətlərini bir qədər də artırdı. Dünya bazarlarında neftin qiyməti 120 dollara yaxınlaşır. İki il əvvəl isə qiymətlər 18 dollaradək ucuzlaşmışdı. Qiymətlərin kəskin artımı isə dünya iqtisadiyyatı üçün kifayət qədər ciddi problemlər yaradacaq. Bütün bunlar qlobal iqtisadiyyatda inflyasiyanı yüksəldən amilə çevriləcək. Serbiya qazın pulunu rublla ödəməyə razılıq verib. Digər Avropa dövlətlərinin də razılığa gələcəyi gözlənilir. Yəni, bu qərar bütün Avropanı əhatə etməyəcək”.
Tarix: 1-06-2022, 22:35
Xəbəri paylaş





Xəbər lenti